Sentyabrın
7-də Təhsil Nazirliyində Bakı şəhərində yerləşən ümumi
təhsil məktəblərinə yeni təyin olunmuş direktorlarla
görüş keçirilib.
Artıq 2 ildir ki, paytaxtın ümumi təhsil müəssisələrində
rəhbər vəzifələrdə işləyən və ya gələcəkdə çalışmaq
istəyən şəxslər üçün təlimlər təşkil edilir, təlimlərin
yekun qiymətləndirilməsi aparılır.
2015-ci ilin mart ayınadək Bakı şəhəri istisna olmaqla,
rayon və şəhərlərdə 229 ümumtəhsil məktəbinə, 2015-ci
ilin sentyabr ayında isə Bakı şəhəri üzrə 24, digər
şəhər və rayonlar üzrə 104 ümumtəhsil məktəbinə yeni
direktor təyin olunub. Bununla, son bir ildə ölkə üzrə
ümumtəhsil məktəblərinə yeni təyin olunan direktorların
sayı 357 nəfərə çatıb. Qeyd edək ki, respublikamızın
digər rayon və şəhərlərində ümumtəhsil məktəblərinə
direktor seçimi müsahibə komissiyası tərəfindən
aparılır.
Görüşdə təhsil naziri Mikayıl Cabbarov rəqabətli və
şəffaf seçimdən keçərək direktor təyin olunmuş məktəb
idarəedənlərini təbrik edərək, onlara böyük ümidlər
bəsləndiyini qeyd edib. Nazir bildirib ki, tədris
mühitinin şəffaf olması, təşəbbüskarlıq, idarəetmədə
yeni vərdişlərə yiyələnmə və məktəbin cəmiyyətin vacib
həlqəsi kimi rolunu dərketmə yeni təyin olunmuş
direktorlardan gözlənilən əsas keyfiyyətlərdir. Bunun
üçün prosesə təhlil yolu ilə yanaşmaq və hər bir
məktəbin qarşısında duran hədəfləri dəqiq müəyyən etmək
lazımdır.
Təhsil sahəsində aparılan köklü islahatların əsas
məqsədi məktəbin yetişdirdiyi məzun, formalaşdırdığı
vətəndaşın bilik, bacarıq və peşəkar qabiliyyətini daha
da artırmağa nail olmaqdır. Təhsildə baş verən
yeniliklərin, aparılan islahatların gözlənilən nəticəni
verməsi məktəb direktorlarının fəaliyyətindən bilavasitə
asılıdır: "Qeyri-sağlam mühitdə sağlam vətəndaş
formalaşa bilməz. Biz hazırlıqlı və layiqli vətəndaş
yetişdirməliyik. Təhsilalanın, valideynin, ümumilikdə,
cəmiyyətin fikri sizin fəaliyyətinizin nəticəsi olaraq
formalaşır. Bunun üçün də ikitərəfli əlaqəyə, sağlam
əsaslı valideyn komitələri vasitəsilə cəmiyyətlə
yaradılan ünsiyyətə böyük ehtiyac var".
Nazir son 3 ildə ölkə təhsilində akademik
göstəricilərinin xeyli yaxşılaşdığını, ali təhsil
müəssisələrinə qəbulda orta balın əhəmiyyətli dərəcədə
artdığını vurğulayıb: "Bu, bizim tədris göstəricilərinə
kifayət qədər diqqət etməyimizdən irəli gəlir. Məktəb
şagirdini yalnız ali təhsil almağa deyil, həm də onu
həyata hazırlamalı, vətəndaş kimi yetişdirməlidir.
Bununla belə, təhsilalan yaşadığı dövrün çağırışlarını
anlamalı və ona vətəndaşlıq mövqeyindən yanaşmağı
öyrənməlidir. Hazırda bizim ən böyük problemimiz olan
işğal olunmuş torpaqlarımızla bağlı məsələlər həm dərs,
həm də dərsdənkənar fəaliyyətimizdə daim öz əksini
tapmalıdır".
Qeyd edək ki, 2014-2015-ci tədris ilində ümumi təhsil
müəssisələrində rəhbər vəzifələrdə işləyən və ya
gələcəkdə bu vəzifələrdə çalışmaq istəyən şəxslər üçün
Təhsil Nazirliyi Dövlət İqtisad, Qafqaz və Xəzər
universitetləri, həmçinin YUNİSEF-lə əməkdaşlıqda 162
nəfərə təlim keçib. |