| 
						
						 Azərbaycan 
						elminə ağır itki üz vermişdir. Görkəmli dilçi alim, 
						Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 
						Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, Azərbaycan 
						Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya 
						elmləri doktoru, professor Ağamusa Ağası oğlu Axundov 
						2015-ci il sentyabrın 5-də ömrünün 84-cü ilində vəfat 
						etmişdir. 
						
						Ağamusa Axundov 1932-ci il fevral ayının 2-də Kürdəmir 
						şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən 
						sonra o, 1950-1955-ci illərdə Azərbaycan Dövlət 
						Universitetinin filologiya fakültəsində ali təhsil 
						almış, 1955-1958-ci illərdə isə universitetin 
						aspiranturasında oxumuşdur. 
						
						Əmək fəaliyyətinə 1958-ci ildən etibarən Azərbaycan 
						Dövlət Universitetinin filologiya fakültəsində başlayan 
						Ağamusa Axundov 1990-cı ilədək burada müəllim, baş 
						müəllim, dosent, professor, kafedra müdiri və dekan 
						vəzifələrini tutmuşdur. Universitetdə çalışmaqla yanaşı 
						o, 1959-1965-ci illərdə Azərbaycan Dövlət Dillər 
						İnstitutunda ikinci ali təhsil almışdır. 
						
						Ağamusa Axundov 1990-cı ildən 2011-ci ilədək Azərbaycan 
						Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik 
						İnstitutunun direktoru və eyni zamanda 2001-2011-ci 
						illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar 
						və İctimai Elmlər Bölməsinin akademik-katibi işləmişdir. 
						O, 2011-ci ildən ömrünün sonunadək Azərbaycan Milli 
						Elmlər Akademiyasının müşaviri olmuşdur. 
						
						Ağamusa Axundov 1958-ci ildə filologiya elmləri üzrə 
						namizədlik, 1964-cü ildə doktorluq dissertasiyalarını 
						müdafiə etmiş, 1967-ci ildə professor elmi adını 
						almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər 
						Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü 
						seçilmişdir. 
						
						Akademik Ağamusa Axundov uzun illər zəngin elmi və 
						pedaqoji fəaliyyəti ilə respublikada elmin və təhsilin 
						inkişafına sanballı töhfələr vermişdir. Dünya dilçilik 
						və ədəbiyyatşünaslıq fikrinə dərindən bələd olan, geniş 
						erudisiyaya malik nüfuzlu alimin Azərbaycan filologiyası 
						sahəsində tədqiqatların bir çox istiqamətlərinin 
						müəyyənləşdirilməsi və elmin müasir tələbləri 
						səviyyəsinə yüksəldilməsində müstəsna xidmətləri vardır. 
						Dilə xalqın özünüdərkinin atributu kimi yanaşan alim 
						dövlət müstəqilliyinin bərpasından sonra yeni şəraitdə 
						ölkədəki milli dil quruculuğu proseslərinin fəal 
						iştirakçısı idi. 
						
						Azərbaycan dilinin fonemlər sisteminə dair ilk mükəmməl 
						əsərin müəllifi Ağamusa Axundov elm aləmində dilçiliyin 
						bütün sahələri üzrə fundamental araşdırmaları ilə 
						tanınırdı. Onun qrammatika, nəzəri dilçilik, tarixi 
						fonetika, etimologiya, dil tarixi, dialektologiya, 
						üslubiyyat və nitq mədəniyyəti ilə bağlı ən müxtəlif 
						aktual problemlərin yüksək nəzəri-metodoloji şərhini və 
						dolğun həllini tapmış əsərləri elmi ictimaiyyət 
						tərəfindən daim rəğbətlə qarşılanmışdır. Türk dillərinin 
						səs quruluşu və təbiətindən irəli gələn bəzi səciyyəvi 
						qanunauyğunluqların üzə çıxarılması Ağamusa Axundovun 
						əsas elmi nailiyyətləri sırasındadır. Onun iyirmi ildən 
						artıq baş redaktor olduğu dövrdə beynəlxalq "Türkologiya" 
						jurnalı öz nüfuzunu daha da artırmışdır. 
						
						Ağamusa Axundovun ədəbiyyatşünaslıq sahəsində çoxsaylı 
						tədqiqatları müasir ədəbi prosesin nəzəri məsələləri 
						baxımından aktuallığı ilə səciyyələnir. 
						
						Öz elmi yaradıcılığını səmərəli pedaqoji fəaliyyəti ilə 
						ahəngdar şəkildə uzlaşdırmaqla Ağamusa Axundov uzun bir 
						dövr ərzində Bakı Dövlət Universitetində yüksəkixtisaslı 
						kadrların hazırlanması üçün bilik və bacarığını 
						əsirgəmədən böyük qüvvə sərf etmişdir. Alimin 
						yetirmələri bu gün ölkənin elmi-mədəni həyatında uğurla 
						çalışırlar. 
						
						Ağamusa Axundovun çoxillik axtarışlarının nəticələri 
						ölkədə və onun hüdudlarından kənarda 500-dən çox elmi 
						əsərdə, 30-dan artıq kitabda, monoqrafiya və 
						dərsliklərdə əksini tapmışdır. Alimin rəhbərliyi ilə 
						40-dək fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. 
						İştirakçısı olduğu mötəbər beynəlxalq simpozium, 
						konfrans və forumlarda konseptual xarakterli çıxışları 
						ilə Ağamusa Axundov Azərbaycan elminə şöhrət 
						qazandırmışdır. O, 1965-1966-cı illərdə Misirə ezam 
						edilərək Qahirənin Eyn-Şəms Universitetində Azərbaycan 
						dili və ədəbiyyatından mühazirələr oxumuşdur. 
						
						Akademik Ağamusa Axundovun Azərbaycan dilçiliyi 
						sahəsində mühüm xidmətləri və səmərəli elmi-pedaqoji 
						fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1986-cı ildə 
						"Azərbaycan dilinin fonetikası" əsərinə görə Dövlət 
						Mükafatına layiq görülmüş, 2000-ci ildə müstəqil 
						Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət" 
						ordeni ilə təltif edilmişdir. 
						
						Görkəmli elm xadimi, əsil ziyalı, mahir pedaqoq, 
						bacarıqlı elm təşkilatçısı və səmimi insan Ağamusa Ağası 
						oğlu Axundovun əziz xatirəsi onu tanıyanların qəlbində 
						həmişə yaşayacaqdır. 
						
						Allah rəhmət eləsin!  
						
						
						İlham Əliyev,  Artur Rasizadə, Oqtay Əsədov, Ramiz 
						Mehdiyev, Elçin Əfəndiyev, Kamal Abdullayev, Hacıbala Abutalıbov, 
						Fatma Abdullazadə,
 Akif Əlizadə, Mikayıl Cabbarov, İbrahim Quliyev, İsa 
						Həbibbəyli, Tofiq Nağıyev,
 İsmayıl Hacıyev, Nizami Cəfərov, Abel Məhərrəmov, Vasim 
						Məmmədəliyev,
 Teymur Kərimli, Nailə Vəlixanlı, Rafael Hüseynov
 |