İstedadlı
alim, yorulmaz tədqiqatçı, bütün həyatını elmə həsr
edən, ədəbiyyat tarixi, ədəbiyyatşünaslıq, çağdaş ədəbi
proses, ədəbi tənqid tarixi, türk xalqları ədəbiyyatı
kimi müxtəlif sahələrdə maraqlı araşdırmalar aparan və
bu araşdırmaların nəticəsi olaraq dəyərli elmi əsərlər,
monoqrafiyalar meydana qoyan Azərbaycan Dövlət Pedaqoji
Universitetinin professoru Təyyar Salamoğlunun bu
günlərdə "M.Ə.Sabirin milli intibah idealı" adlı yeni
kitabı çapdan çıxıb.
Hər birinin öz tədqiqat obyekti, təhlil predmeti olan
məqalələrdən ibarət kitab bu dahi satirik şairin poetik
irsinə yeni yanaşma nümunəsi olub, Sabir sənətinin
böyüklüyünü, Azərbaycan ədəbiyyatında yaratdığı
məktəbi sənətkarlıqla əks etdirir.
"Orxan" nəşriyyat və poliqrafiya müəssisəsi tərəfindən
çapdan buraxılmış kitabın redaktoru tanınmış alim,
filologiya üzrə elmlər doktoru Zaman Əsgərli, rəyçiləri
isə filologiya üzrə elmlər doktorları Tahirə Məmməd və
Yaqub Babayevdir.
İstedadlı ədəbiyyatşünas Zaman Əsgərlinin kitaba yazdığı
ön sözdə onun bir sıra məziyyətləri, o cümlədən burada
toplanan məqalələrin hamısı üçün səciyyəvi olan polemik
ruh yüksək qiymətləndirilir, müəllifin problemə yanaşma
tərzi təqdir olunur.
4 məqalədən ibarət kitabdakı birinci məqalədə
M.Ə.Sabirin yaradıcılığı milli ədəbi tənqid müstəvisində
təhlil olunur, şairin irsindən bəhs edən tədqiqatçı
alimlərin əsərləri, söylədikləri maraqlı fikirlər
dəyərləndirilir.
"Sabirin milli intibah idealı" adlı ikinci məqalə
"Hophopnamə"nin "əzəl mübtədası" millət sözüdür deyən
müəllifin M.Ə.Sabirin milli intibah idealı haqqında
qənaətlərini əsaslandırmaq, şairin tənqid-gülüş
hədəflərini müəyyənləşdirmək, bədii gülüşünün
mahiyyətini düzgün aydınlaşdırmaq baxımından diqqəti
cəlb edir.
"Sabirşünaslıq monopoliyadırmı" ("Sabirşünaslığa
"töhfə" müəllifinə) adlanan III məqalədə müəllifin
"Azərbaycan" jurnalının 2012-ci il 3-cü sayında dərc
olunmuş "Sabirin milli intibah idealı adlı məqaləsi ilə
əlaqədar professor Tərlan Novruzovun "Kaspi" qəzetinin
18 dekabr 2014-cü il nömrəsində dərc etdirdiyi
"Sabirşünaslığa "töhfə" məqaləsinə cavab verilir.
Kitabın sonuncu - "Sabir satirasının dialoji məzmunu"
məqaləsində böyük ədibin sənətkarlığından söz açılır,
"ikisəslilik" şairin satirik sənətkarlığının orijinal
göstəricisi hesab edilir.
Kitab bütövlükdə müəllifinin güclü mühakiməyə, iti
təxəyyülə, polemik düşüncəyə malik bir tədqiqatçı
olduğunu bir daha açıb göstərir. İnanırıq ki, indiyədək
"Pedaqoji mühit və uşaq ədəbiyyatı" (1992), "Faciəli
talelər (Azərbaycan repressiya və mühacirət şeirinə dair
portret-oçerklər)" (1998), "Müasir Azərbaycan romanının
poetikası (XX əsrin 80-ci illəri)" (2005), "Müasir
Azərbaycan romanı: janr təkamülü (XX əsrin 80-ci
illəri)" (2007), "Ən yeni Azərbaycan ədəbiyyatı
məsələləri" (2008), "Tarix və çağdaş ədəbi prosesə dair
araşdırmalar" (2009) monoqrafiyalarının, "Ədəbi tənqid
tarixinə dair portret oçerkləri", "Müasir Azərbaycan
ədəbiyyatı" adlı dərs vəsaitlərinin, 150-dən artıq elmi
məqalənin müəllifi, "Azərbaycan klassık uşaq ədəbiyyatı
antologiyası", "Ömrü şərəflə yaşayanda" kitablarının,
"Ən yeni Azərbaycan ədəbiyyatı", "XIX əsr Azərbaycan
ədəbiyyatı", "Ədəbi tənqid tarixi" fənlərinə dair
tədris proqramlarının tərtibçisi kimi tanınan, bir sıra
beynəlxalq konfanslarda dəyərli elmi əsərləri ilə
iştirak edən, elmi məqalələri Rusiya, Türkiyə və digər
xarici ölkələrdə çap edilən alimin yeni kitabı da
ədəbi-elmi mühitdə maraqla qarşılanacaq və ədəbiyyat
elminə dəyərli töhfə kimi qiymətləndiriləcək.
Səkinə BAYRAMOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi,
filologiya üzrə fəlsəfə doktoru |