Yeganə KƏRİMOVA,
Mingəçevir şəhər N.Ahəngari adına 13 nömrəli tam orta
məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
Tarixini bilməyən xalqın gələcəyi
olmaz - deyiblər. Bir xalq kimi bizim də tariximizin
kökü çox qədimdir. Hər birimiz tariximizi bilməli,
onu gələcək nəslə layiqincə çatdırmalıyıq. Bu
şərəfli iş biz müəllimlərin üzərinə daha çox düşür.
Çalışırıq ki, dilimizi, tariximizi, maddi-mənəvi
dəyərlərimizi şagirdlərə tanıdaq, sevdirək və təhrif
etmədən olduğu kimi gələcək nəslə çatdıraq.
Kurikulumun tələbi olaraq dərslərimizi məqsəd və nəticə
üzərində qurduğumuz kimi ilin sonunda da illik
proqramın şagirdlər tərəfindən necə mənimsənildiyini
yoxlamaq məqsədilə tədris etdiyim beşinci siniflərdə
bilik yarışları və təqdimat xarakterli tədbirlər
keçirirəm. Təcrübəmin digər həmkarlarım üçün də maraqlı
olacağını nəzərə alıb onu paylaşmağı qət etdim.
Ənənəyə uyğun olaraq ötən dərs ilinin sonunda da dərs
dediyim beşinci siniflər arasında "Tariximiz
beşincilərin gözü ilə" adlı bilik yarışması keçirdim.
Yarışmanın keçirilməsində əsas məqsədim şagirdlərin
vətənpərvərlik tərbiyəsini inkişaf etdirmək, soykökünü
tanıtmaq, tarixi olduğu kimi qiymətləndirmək
bacarığını aşılamaqla yanaşı, onların bu tədris ilində
aldıqları bilikləri ortaya çıxartmaq və nümayiş
etdirmək idi. Çünki beşinci sinif tarix fənninin
tədrisinin ilk pilləsidir. Onlar təzə-təzə tarixin nə
demək olduğunu öyrənirlər. Mən də bu işdə onlara
yardımçı olaraq çalışıram ki, şagirdlərimdə fənnimə
qarşı maraq oyadım. İl boyu keçilən dərslərdə, eləcə
də fevral ayında təqdim etdiyim "açıq dərs"də də
şagirdlərin apardığı araşdırmalar, etdikləri
təqdimatlar və mövzulara aid yazdıqları esselər
məqsədimə nail ola bildiyimin sübutudur. Bu da məni
bir müəllim və təlim-tərbiyə işləri üzrə direktor
müavini kimi çox sevindirir.
Təşəbbüsüm və təşkilatçılığımla 3 beşinci sinif
arasında keçirilmiş yarış şagirdlərimin bilik və
bacarıqlarını nümayiş etdirdi. Yarışmada
valideynlərlə yanaşı, münsiflər heyəti də iştirak
edirdi. Münsif qismində Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsinin şöbə müdiri, ixtisasca tarixçi Ramil
Süleymanov, Mingəçevir Şəhər Təhsil Şöbəsinin
məsləhətçisi Elza Qəniyeva, metodkabinetin müdiri
Günel Yunusova, məktəbin direktoru Tünzalə Seyidova və
tarix müəllimi Çinarə Rzayeva iştirak edirdilər.
Şagirdlərin sevincinin hədd-hüdudu yox idi.
Komandaların yarışmada göstərdikləri açılış
təqdimatları onların vətənimizə və bu il öyrənməyə
başladıqları Azərbaycan tarixi fənninə olan
sevgisinin təzahürü idi. Komandalar özlərinə
seçdikləri "Babək", "Şah İsmail Xətai", "Tomris" kimi
adların təqdimatını göstərərkən onların Azərbaycan
uğrunda mübarizəsindən səhnələr nümayiş etdirdilər
və vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər.
Bununla yanaşı, hər komanda öz adı ilə bağlı divar
qəzeti də hazırlamışdı. Divar qəzetlərində
hökmdarların şəkilləri və onların Azərbaycan
tarixindəki rolundan bəhs edən məqalələr
yerləşdirilmişdi. Təqdimatdan sonra bilik yarışına start
verildi. Bir-birindən maraqlı suallar, cavablar,
mülahizələr və fikirlər söyləndi. Şagirdlərin
simalarını gah sevinc, gah həyəcan, gah da təəssüf
hissi bürüyürdü. Onlar suallara düzgün və ətraflı cavab
verməyə çalışırdılar. Komanda kapitanları F.İsayeva,
Ş.Əhmədov, Y.Məmmədov 2-ci mərhələdə 1 dəqiqə ərzində
15-18 sualı cavablandırdılar. 3-cü mərhələdə isə
komandalar verilən suallara cavab axtararaq yarışdılar.
Şagirdlərin sərbəst fikir yürütmələri, çətin suallara
verdikləri dolğun cavablar hər kəsi təəccübləndirmişdi.
Bu da onun sübutu idi ki, şagirdlərimiz yeni təlimin
tələbinə uyğun olaraq sadəcə 5-ci sinif dərsliyi ilə
kifayətlənməmiş, daha geniş biliklər əldə etməyə səy
göstərmişdilər.
Yarış çox maraqlı keçdi. 1-ci yerə "Tomris" komandası,
2-ci yerə "Xətai", 3-cü yerə isə "Babək" komandası
çıxdı. Yarış göstərdi ki, şagirdlər tariximizi yaxşı
öyrənmişlər. Belə ki, onlar 1-ci mərhələdə bir dəqiqə
ərzində 15 sualı cavablandıra bildilər. Həm də nəzərə
alsaq ki, sualların əksəriyyəti dərslikdən kənar
vəsaitlərdən salınmışdı, onda şagirdlərin aldıqları
bilik və göstərdikləri bacarığın səviyyəsini xüsusilə
yüksək dəyərləndirmək olardı.
Yeni kurikulumun şagirdin yeni biliyi müstəqil əldə
etməsində, araşdırma apararaq onu daha yaxşı
mənimsəməsindəki böyük rolunu qeyd edərək bildirirəm
ki, bugünkü şagirdlər kurikulumun tələblərinə uyğun
yetişdirilmiş bəhrələrdir. Nəticə onların inkişafında
və bugünkü cavablarında öz əksini tapmışdı.
Bu nəticəyə görə qalib şagirdlərə tərifnamə və
hədiyyələr təqdim olundu. Sonda münsiflər, valideynlər
və məktəbin direktoru Tünzalə Seyidova çıxış edib
yarışı təşkil etdiyimə, tariximizi şagirdlərə sevdirə
bildiyimə və şagirdlərə isə sevə-sevə öyrəndiklərinə
görə təşəkkür etdilər. Belə yarışmaların şagirdlərin
bilik əldə etməsi baxımından önəmli olduğu üçün
tez-tez keçirilməsini arzuladılar.
Bu yarışmanın arxasınca məktəbin direktoru Tünzalə
Seyidovanın təklifi ilə "Yurdumuzu tanıyaq" başlığı
altında işğal olmuş rayonlarımızı təqdim edən silsilə
tədbirlər təşkil etməyə başladıq. Hər sinif bir
rayonun təqdimatını hazırladı. VIII sinifdə Qarabağ
tarixi fənnini tədris etdiyim üçün ümumi Qarabağın
təqdimatını hazırlamağı özümə borc bildim.
Siyasi - bədii kompozisiya olan bu tədbirdə
şagirdlərimiz Qarabağın etimologiyasından, XIX əsrin
əvvəllərindən başlayaraq böyük Azərbaycanın necə
parçalanmasından, ermənilərin ora qəsdən
köçürülməsindən və s. ilə bağlı xəritələr üzərində
məlumat verdilər. Bununla yanaşı, Qarakənd faciəsini
yada salaraq görüntülər təqdim etdilər. "Ağ atlı
oğlan" bədii filminin ssenarisi əsasında
hazırlanmış səhnə hamı tərəfindən bəyənildi.
Şagirdlərin Qarabağ haqqında ifa etdikləri şeirlər,
mahnılar, Qarabağın şəkillərindən hazırlanan slaydlar
zalda əyləşənləri bir anlıq elə bil o torpaqlara
səyahətə apardı, heç vaxt unutmadığımız o ağrı-acını
təkrar yaşatmış oldu.
Şagirdlərin ümidlə parıldayan göz yaşları, onların
"Qarabağımızı qaytaracağıq! Qarabağa qayıdacağıq!"
kəlmələri ilə üst-üstə düşdü. Şagirdlərin hazırladığı
divar qəzetı, şəkillərdən ibarət guşə və ən əsası
Qarabağın tarixini əks etdirən və işğal olunmuş
rayonların şəkillərindən ibarət hazırlanmış albom
hamı tərəfindən bəyənildi. |