Birincilərin məktəbə hazırlığı və fərdi
inkişafının qiymətləndirilməsi təcrübəsindən
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
Bir
sıra ölkələrdə birincilərin məktəbə hazırlığı
məsələsi aktual mövzu kimi təhsil sistemi
qarşısında durur. Dünya təcrübəsində uşaqların
məktəbə hazırlığı və təhsilin birinci ili
ərzində onların fərdi inkişafının
qiymətləndirilməsi (iPIPS - The International
Performance Indicators in Primary Schools)
həyata keçirilir. Adıçəkilən beynəlxalq metod
uşaqların məktəb təhsilinə hazırlığının
qiymətləndirilməsinə hədəflənib. Bu metodun
mühüm xüsusiyyəti ondan ibarətdir ki,
tədqiqatın obyekti kimi uşaqların vərdiş və
bacarıqlarının bütün spektri (həm koqnitiv,
həm də şəxsiyyətlərarası) çıxış edir.
iPIPS metodu 20 il əvvəl Böyük Britaniyanın
Darem Universitetinin monitorinq və
qiymətləndirmə mərkəzi tərəfindən dünya
testoloji elminin son nailiyyətləri əsasında
kompüter adaptasiya testi formatında yaradılıb.
Məhz sonuncu aspekt metodun əsas özəlliyi hesab
oluna bilər. Çünki söhbət, ilk növbədə,
kiçikyaşlı uşaqlardan gedir. Buna görə də
qiymətləndirmənin çox sadə, oyun formasında
keçirilməsi xüsusilə vacibdir. Uşaqların məktəb
həyatına nə dərəcədə hazır olmasını çox düzgün
qiymətləndirməyə imkan verən xüsusi metod
təhsilin birinci ilində birincilərin öz
bacarıqlarının inkişaf etdirilməsində nə qədər
tərəqqi əldə etdiyini də göstərir.
iPIPS metodu milli və beynəlxalq səviyyələrdə
tədqiqatların aparılması üçün uyğunlaşdırılıb,
hazırda dünyanın müxtəlif ölkələrində tətbiq
olunur və çox etibarlıdır. Darem Universiteti
ilə əldə olunmuş razılığa əsasən, iPIPS metodu
Rusiyanın Novqorod vilayətində pilot layihə kimi
sınaqdan keçirilib. Rusiya Elmi Tədqiqat Təhsil
İnstitutunun təhsilin keyfiyyəti monitorinq
Mərkəzində layihənin təqdimatı olub. Təqdimatda
qeyd olunub ki, Rusiya ilk dəfədir ki, bu cür
beynəlxalq müqayisəli tədqiqatlarda iştirak edir.
Layihə üzərində pedaqoqlar və psixoloqlardan
ibarət bütöv bir komanda işləyib. Metodik vəsait
rus dilinə tərcümə olunub. Onun Rusiya şəraitinə
uyğunlaşdırılması həyata keçirilib və üzərində
tamamlanma işləri aparılıb. Pilot layihədə 6
min birinci iştirak edib. Tədqiqat obyekti
olaraq müxtəlif tipli məktəblərdə (şəhər və
kənd) oxuyan birinci sinif şagirdləri seçilib.
Yaxın vaxtlarda birincilərin testdən keçirilməsi
başa çatdırılacaq, onların birinci sinfə necə
gəlməsi, il ərzində inkişaf səviyyəsini
qiymətləndirmək və hansı tədris proqramının daha
uğurlu olduğunu söyləmək mümkün olacaq. Bu
tədqiqatın əsas obyekti ibtidai təhsil
sisteminin ilk iştirakçıları olan "zərif yaşlı"
uşaqlardır. Metodun digər bir unikallığı
ondadır ki, ölkələrarası digər belə bir tədqiqat
metodu mövcud deyil. Təhsilin keyfiyyətinin
qiymətləndirilməsi üzrə beynəlxalq
tədqiqatlardakı çoxillik iştirakına baxmayaraq
bu metod Rusiya üçün də yenidir. Bununla
əlaqədar layihənin məqsədlərindən biri də milli
pedaqoqların ümumi testoloji mədəniyyətinin
yüksəldilməsi və daha geniş mənada isə Rusiya
pedaqoji elminin statusunun dünya elmi
birliyində möhkəmləndirilməsidir.
iPIPS metodu nədir?
Mərkəzin direktoru Elena Kardanovanın sözlərinə
görə, ibtidai məktəbin birinci ili uşaqların
təhsili üçün kritik əhəmiyyət daşıyır. Çünki bu
dövrdə uşaqlar çox sürətlə inkişaf edirlər.
iPIPS metodu təhsilin birinci ilində uşaqların
əldə etdiyi nailiyyətləri qiymətləndirməyə imkan
verir. Bu metodla qiymətləndirmə dərs ili
ərzində 2 dəfə - tədrisin əvvəlində və birinci
sinfin sonunda keçirilir. Başlanğıc diaqnostika
sentyabr-oktyabr aylarında aparılır. Qeyd
edilməlidir ki, metodun məqsədi uşaqların
təlimə başladığı start nöqtənin müəyyən
olunmasıdır. Bu məlumatlar sonradan
birincilərin nailiyyətlərini qiymətləndirmək
üçün vacibdir. Tədris ilinin sonunda keçirilən
ikinci qiymətləndirmə isə hər bir uşağın dərs
ili ərzində nə qədər öyrəndiyini
müəyyənləşdirməyə şərait yaradır. Bu məqsədlə
xüsusi metodikalardan, hazırlanmış testlərdən
istifadə olunur ki, onlar şagirdin uğurlarını
ölçməyə imkan verir. Bu gün Rusiyada bu cür
alətlər yoxdur. Hazırda Böyük Britaniyada bir
milyondan artıq uşaq iPIPS metodu ilə
qiymətləndirmədən keçib. Bu metod Avstraliya,
Şotlandiya, Honkonq, Birləşmiş Ərəb Əmirliyi,
Yeni Zelandiya və bir sıra digər ölkələrdə geniş
tətbiq olunur. Yaxın vaxtlarda bu mövzuda
irimiqyaslı beynəlxalq tədqiqatın aparılması
nəzərdə tutulub, buna görə də bu metodun digər
ölkələrdə də tətbiq olunması məqsədilə onun
milli təhsil sistemlərinə adaptasiyası məsələsi
qarşıda durur.
iPIPS birincilər haqqında hansı məlumatları
verir?
Bu metod kompleks diaqnostikanı təklif edir.
Birincisi, metod koqnitiv testləri özündə
cəmləşdirir. Gözəl tərtibatlı kitabça oxu,
fonologiya və riyaziyyata dair tapşırıqlardan
ibarətdir. İkincisi, komplektə valideyn və
müəllimlər üçün anket daxildir. Pedaqoq uşağın
sosial və emosional inkişafını, onun məktəbdə
təhsilə uyğunlaşmasını, sosiallaşmasını
qiymətləndirir. Valideynlərin anketindən isə biz
ailənin sosial-iqtisadi statusu və tərkibini,
valideynlərinin təhsili və peşəsi, eləcə də öz
uşaqlarını məktəbə necə hazırlaşdırması və
onlarla necə məşğul olması barədə məlumatları
əldə edirik. Biz uşağın bağçaya gedib-getməməsi,
müxtəlif dərnək və bölmələrdə məşğul olması,
məktəb nəzdində hazırlıq kurslarında iştirakı və
s. məlumatları öyrənirik. Bütün bu məlumatların
kompleks analizi hər bir uşağın müfəssəl
portretini yaratmağa kömək edir. Ölçmənin
ikinci mərhələsi uşaqların fərdi inkişafını
qiymətləndirməyə imkan verir.
Tədqiqat istər müəllimlər, istərsə də təhsili
idarəetmə orqanları qarşısında duran bir sıra
məsələlərə cavab tapmağa imkan verəcək. Bu
məsələlərdən bəzilərini sadalamaq olar: müxtəlif
məktəbəqədər tədris proqramlarının effektivliyi
hansılardır? İlk məktəb ili ərzində birincilər
nə qədər bilik əldə edir və tədris nə dərəcədə
effektivdir? Uşaqların təliminə hansı müxtəlif
faktorlar təsir edir? Məktəb və müəllimin işini
necə yaxşılaşdırmaq olar? Böyük Britaniyada
adıçəkilən metoddan təhsil sahəsində aparılan
islahatların effektivliyini yoxlamaq üçün
istifadə olunur. Metod ibtidai məktəbdə tədris
olunan müxtəlif proqramların effektivliyi üzrə
tədqiqatların aparılmasına imkan verə, erkən
təhsilin effektivliyini qiymətləndirmək üçün də
tətbiq oluna bilər. Bu gün dünyada "uşaqların
hansı yaşda (4, 5, 6 və ya 7) ibtidai məktəbə
getməsi daha yaxşıdır" sualına yekdil cavab
yoxdur. Bu özü də çox maraqlı bir problemdir.
Bundan əlavə, bu metodu həyata keçirməklə biz
müxtəlif müəllim yanaşmalarının və təcrübələrin
effektivliyi barədə də nəticələr çıxara
bilərik.
Metoddan təhsil sisteminin fəaliyyətinin təhlili
və fərdi diaqnostika vasitəsi kimi istifadə
oluna bilər. Hər iki üsul məqsədlərinə və yerinə
yetirilmə prosedurlarına, eləcə də nəticələrin
tətbiqinə görə fərqlənir. Fərdi diaqnostika
zamanı qiymətləndirmə bütün şagirdləri əhatə
edir. Bu zaman müəllimə hər bir şagirdə dair
məlumat verilir, bu isə təhsilverənlərə onların
sinfində oxuyan hər bir uşağın fərdi
xüsusiyyətlərini nəzərə almaqla tədris prosesini
korrektə etməyə imkan verir. Valideynlərə isə
onların uşaqlarının psixoemosional portreti
təqdim oluna, onların riyaziyyat və oxu üzrə
başlanğıc diaqnostikasına dair məlumatlar
verilə, şagirdin sinif fonunda hansı səviyyədə
olması söylənilə bilər. Digər tərəfdən,
qiymətləndirmə gedişində əldə olunmuş son
nəticələrə əsasən müəllimin işinin keyfiyyəti
barədə rəy söyləmək olar. İngiltərədə
müəllimlərə tədrisin keyfiyyətini artırmaq
məqsədilə tövsiyələr verilir. Müəllimlər üçün
mövcud olan xüsusi anketlərin köməyi ilə
müxtəlif pedaqoji yanaşmaları və təcrübələri
qiymətləndirmək, onların tədrisin nəticələrinə
necə təsir göstərməsinə baxmaq mümkündür. Daha
sonra isə bu təcrübədən müəllimlərin
ixtisasartırmasında istifadə oluna bilər.
"Uçitelskaya qazeta"dan |
Rusiyada müəllimlər üçün ordinatura yaradılacaq
Təhsil və Elm Nazirliyi məsələyə aydınlıq
gətirib
Rusiyada
müəllimlərin hazırlanması proqramı üzrə
dəyişikliklər nəzərdə tutulur. "Uçitelskaya
qazeta"nın məlumatına əsasən, RF Təhsil və
Elm Nazirliyi müəllimlər üçün həkim hazırlığı
ilə analogiya təşkil edən ordinaturanın
tətbiqi mümkünlüyü məsələsinə aydınlıq gətirib.
Nazirlikdə hesab edirlər ki, ordinaturanın
yaradılması müəllimlik fəaliyyətinin ilk
illərində gənc mütəxəssislərə vaxtından əvvəl
işdən azad olunmalarının qarşısını almağa kömək
edəcək.
Əvvəllər pedaqoji ordinaturanın yaradılması
ideyası sabiq təhsil və elm naziri, RF
prezidentinin köməkçisi Andrey Fursenko
tərəfindən irəli sürülüb. "Məlumdur ki, bəzi
gənc müəllimlərin istefaya göndərilməsinin
səbəblərindən biri onların tez-tez metodiki və
pedaqoji problemlərlə rastlaşmalarıdır. Hər bir
yeni müəllim məktəb həyatında bu cür
vəziyyətlərdə ola bilər. Məktəb şəraitində isə
gənc mütəxəssislər üzərində rəhbərlik heç də
həmişə mümkün olmur", - deyə nazirlikdən
bildirilib. Diplomdansonrakı hazırlıq isə gənc
mütəxəssisə təcrübəli rəhbərlərin
məsləhətlərindən yararlanmağa və tədricən bu
peşəni tam mənimsəməyə kömək edir. Məlumata
əsasən, artıq pedaqoji təcrübənin inkişafına
dəstək konsepsiyası və müəllimlərin
diplomdansonrakı hazırlığının tətbiqi
imkanlarını nəzərdə tutan pedaqoji təhsilin
modernləşdirilməsi proqramı hazırlanıb.
Nazirlik qeyd edir ki, artıq ölkənin bir sıra
universitetlərində diplomdansonrakı hazırlığın
tətbiqi üzrə müəyyən müsbət təcrübə toplanıb.
|
Böyük Britaniyada müəllimlər çatışmır
Yeni dərs ili ərəfəsində əsl böhran
Böyük
Britaniya yeni dərs ilinin başlanğıcından təhsil
sahəsində əsl böhranla üzləşib. "Qardian"
qəzetinin yazdığına əsasən, yeni tədris ili
ərəfəsində məktəblərdə aparılmış sorğular
ölkənin təhsil müəssisələrində müəllim
çatışmazlığı problemini üzə çıxarıb.
Müəllimlərin həmkarlar təşkilatları hələ bir
neçə il əvvəl təhsil sistemini gözləyən problem
barədə xəbərdarlıq ediblər. Proqnozlara görə,
yaxın 10 ildə Birləşmiş Krallıqda məktəblilərin
sayı bir milyon nəfərdən çox artacaq.
Son 5 ildə isə yerli məktəblərdə müəllimlərin
sayı fasiləsiz olaraq azalmaqdadır. Müəllim
hazırlığı sahəsində də böhranlı vəziyyət hökm
sürməkdədir. Ötən il hər on müəllimdən biri
peşəsini tərk edib ki, bu da son 10 ilin ən
yüksək göstəricisi hesab olunur. Riyaziyyat
və ingilis dili dərslərini peşəkar müəllimlər
olmadığından A-level (ali və orta təhsil
səviyyələri arasında icbari) dərəcəsi belə
olmayan şəxslər tədris edirlər. Daimi əsaslarla
işləyən müəllimlər olmadığından məktəblər
tez-tez pedaqoji vakansiyalar təqdim edən
ixtisaslaşmış agentliklərin xidmətindən
yararlanmalı olurlar.
"Qardian" qəzetinin məlumatına əsasən, hökumət
gəncləri müəllim peşəsinə cəlb etmək üçün
qısamüddətli reklam kampaniyası aparır. Qəzet
qeyd edir ki, təcili tədbirlər görülməsə,
təhsil sahəsində təhlükəli vəziyyət yarana
bilər. |
Təhsilin inkişafı üzrə dövlət korporasiyası
reallaşır
Vladimir Putin tapşırıq verib
Rusiyada təhsilin inkişafı üzrə dövlət
korporasiyası yaradıla bilər. "Uçitelskaya
qazeta"nın məlumatına əsasən, Rusiya
Federasiyasının prezidenti Vladimir Putin
baş nazirin müavini Olqa Qolodesə təhsilin
inkişafı üzrə dövlət korporasiyasının
yaradılması barədə məsələni müzakirə etməyi
tapşırıb. Mayın sonunda "Prosveşeniye"
nəşriyyatı müvafiq təkliflə prezidentə
müraciət edib. Güman olunur ki, yeni yaradılan
qurum tədrisin təşkili sahəsində inhisarçı
olacaq. O, xüsusilə məktəblərin
layihələndirilməsi, məktəbli geyimlərinin
tikilməsi və eləcə də dərsliklərin nəşri ilə
məşğul olacaq. "Prosveşeniye" nəşriyyatı
hesab edir ki, yeni dövlət qurumunun
yaradılması yerli istehsalın inkişafına təkan
və maliyyə resurslarının idarə olunması yolu
ilə təhsilə ayrılan federal büdcə xərclərini
10-12 faizə qədər azaltmağa imkan verəcək.
Təhsil və Elm Nazirliyindən verilən məlumata
görə, məsələ idarənin müvafiq qurumlarında
müzakirə olunur. Nazirlik hazırda təkliflərin
hazırlanıb hökumətə təqdim olunması üzrə digər
əlaqədar təşkilatlarla iş aparır. Profil
nazirlikləri sentyabrın 7-ə kimi məsələyə dair
cavab hazırlamalıdır. |
Belarusda şagirdlərin dərs yükü azaldıla bilər
Prezident məsələni aktuallaşdırdı
Belarusda 1 sentyabr - dərs ilinin başlanması
münasibəti ilə əlaqədar ölkə prezidenti
Aleksandr Lukaşenko paytaxtdakı 56 nömrəli orta
məktəbə baş çəkib. Müəllimlərlə görüşündə
dövlət başçısı şagirdlərin dərs yükünün
azaldılması məsələsinə daha artıq diqqət
yetirilməsinin vacibliyini bildirib. Prezident
qeyd edib ki, məktəbdə 6-7 saat dərslərdə
iştirak edən şagirdlər daha sonra ev
tapşırıqlarına 5-6 saat vaxt ayırmalıdırlar.
Onun sözlərinə görə, hökumət tədris prosesinin
optimallaşdırılması məsələləri ilə məşğuldur.
"Baxın, biz uşaqları kimlərə çeviririk" deyən
prezident qeyd edib ki, uşaqlar əsas
bilikləri məhz məktəbdə almalıdırlar.
Aşağı sinif şagirdlərinə gəldikdə isə dövlət
başçısı əlavə edib ki, ibtidai siniflərdə təhsil
alan uşaqlar evdə 2 saatdan çox olmamaqla ev
tapşırıqlarına vaxt ayırmalıdırlar. Yuxarı
siniflərin şagirdləri üçün isə bu vaxt 3-3,5
saat təşkil etməlidir.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında |