Yola
saldığımız 2014-2015-ci dərs ili özünü ölkəmizin ən
yaxşı ümumtəhsil müəssisələrindən biri kimi tanıdan
Balakən şəhəri humanitar və texniki təmayüllü lisey üçün
uğurlu olub. Belə ki, liseydən redaksiyamıza göndərilən
məlumata görə, bu il tədris ocağının 3 şagirdi
Respublika fənn olimpiadasının yekun turunda fərqlənib.
Onlardan XI sinif şagirdi Tanrıqulu Vəliyev və IX sinif
şagirdi Lalə Süleymanova tarix fənni üzrə II, IX sinif
şagirdi Elmir Bayramov isə biologiya fənni üzrə üçüncü
yerə layiq görülüblər. Hər üç şagird fəxri fərman, medal
və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Olimpiada qaliblərindən Tanrıqulu Vəliyev həm də
2014-2015-ci tədris ilində təhsildə əldə etdiyi
nailiyyətlərə görə tam orta təhsili qızıl medalla
bitirib. Yeri gəlmişkən deyək ki, son 4 il (2012-2015-ci
illər) ərzində liseyin 9 məzunu təhsilini xüsusi
nailiyyətlərlə başa vurduğuna görə qızıl medal alıb.
Liseyin şagirdləri "Xəmsə" intellektual televiziya
oyununda da rayonun yığma komandası tərkibində fəal
iştirak edib və respublikanın müxtəlif şəhərlərində
keçirilən zona turnirinin qalibi olaraq finala çıxıblar.
Final mərhələsində də yüksək hazırlıq nümayiş etdirən
liseyin təmsilçiləri II yeri tutublar.
Məzunlarının ali məktəblərə qəbul göstəricisinə görə də
lisey böyük uğura imza atıb. Belə ki, 2015-ci ildə
liseyi bitirən 56 məzundan 47 nəfəri TQDK-nın keçirdiyi
ali məktəblərə qəbul imtahanlarını uğurla verərək tələbə
adını qazanıb. 1 məzun isə kollecə qəbul olunub. Bu il
həm də ötənilki məzunlardan 4-ü ali məktəblərə daxil
olub. Builki məzunlardan 3-ü ali məktəblərə qəbul
imtahanlarında 600-700, 7 nəfəri isə 500-600 arasında
bal toplayıb. Qızıl medallı Tanrıqulu Vəliyev 673 balla
Bakı Dövlət Universitetinə hüquqşünaslıq, Leyla
Süleymanova 624 balla Qafqaz Universitetinə dünya
iqtisadiyyatı, Şəfa Məmmədli isə 621 balla Azərbaycan
Dillər Universitetinə dil və ədəbiyyat müəllimliyi (ingilis
dili) ixtisasları üzrə daxil olub. Hər üç tələbə dövlət
sifarişli ixtisaslarda təhsil alacaq.
Onu da qeyd edək ki, hazırda liseydə 331 nəfər şagird
təhsil alır. Onların təlim-tərbiyəsi ilə 52 müəllim
məşğul olur ki, bunların da 18 nəfəri liseyin öz
yetirməsidir.
Yeni dərs ilinə qazanılmış yüksək nailiyyətlərlə,
onların doğurduğu xoş əhvali-ruhiyyə ilə gələn bu
qabaqcıl təhsil müəssisəsinin kollektivinə uğurlu
fəaliyyət və nəticələr arzulayırıq.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |