Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2015 - №33

 

Ali məktəblərə qəbul olunanların sayı beş dəfəyədək artıb

 

İMİŞLİ. Sentyabrın 2-də İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində rayon təhsil işçilərinin konfransı keçirilmişdir. Konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı  Vilyam Hacıyev, Təhsil Nazirliyinin nümayəndəsi Rəfiq Qəndilov, rayonun idarə və müəssisə rəhbərləri,  bələdiyyə sədrləri iştirak etmişlər. Konfransda "2014-2015-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda İmişli RTŞ-ın müdiri Ramiz Əmirovun məruzəsi dinlənilmişdir. Məruzədə qeyd olunmuşdur ki, rayonda 62 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə 15 minə qədər şagirdin təlim-tərbiyəsi ilə 1690 pedaqoji işçi məşğul olur.  

2014-2015-ci dərs ili üçün 105 vakant müəllim yerinə sifariş verilmiş, Təhsil Nazirliyi tərəfindən keçirilən imtahanın nəticəsinə görə 59 nəfər rayonda müəllim işləmək hüququ qazanmışdır. Lakin onlardan 9-u təyinat yerinə gəlməmişdir. Beləliklə, rayonda fənlər üzrə 55 ixtisaslı müəllimə ehtiyac təmin olunmamışdır.

Son 10 ildə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazası yaxşılaşmış, 39 məktəbin binası yenidən inşa edilmiş, yaxud əsaslı təmir olunmuşdur. Həmin məktəblərdə 9969 nəfər şagird təhsil alır ki, bu da rayon üzrə şagirdlərin 65,4 faizini təşkil edir.

Eyni zamanda rayon təhsil işçilərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş,  son illər 8 nəfər "Əməkdar müəllim" fəxri adına, 6 nəfər  "Tərəqqi" medalına, 15 nəfər "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşdür.

2014-2015-ci  dərs ili ərzində rayonun ümumtəhsil məktəblərinin  şagirdləri müxtəlif səviyyəli bilik və idman yarışlarında müəyyən nailiyyətlər əldə etmişlər.

İki şagird fənn olimpiadalarının  respublika mərhələsinin qalibləri sırasında yer tutmuşdur.

Son zamanlar gənc müəllimlərin uğurlarının onları sevindirdiyini deyən məruzəçi bu uğurları diqqətə çatdırmışdır. Bildirmişdir ki, cari dərs ilində 5-ci "Elektron təhsil" müsabiqəsinin yekun mərhələsində respublika üzrə 21 nəfər qalib olmuşdur ki, onlardan da 3-ü rayonun gənc müəllimləridir.

Məruzədə qeyd edilmişdir ki, rayon üzrə kurikulum təlimindən keçməyən, yeni yanaşmalarla  tədrisə başlayacaq 110 nəfər müxtəlif fənn müəllimi iyul-avqust aylarında öyrədici təlim kurslarına cəlb olunaraq müvafiq sertifikatlar almışdır.

R.Əmirov məruzəsində buraxılış və ali məktəblərə qəbul imtahanlarının yekunlarından danışaraq diqqətə çatdırmışdır ki, ötən dərs ilinin sonunda şagirdlərin illik qiymətlərinin nəticələrinə görə rayon üzrə müəllimlərin reytinq cədvəli hazırlanmışdır. 2014-2015-ci dərs ilinin yekunlarına görə,  bütün fənlərdən "4" və "5" qiymət alan şagirdlərin keyfiyyət göstəriciləri ibtidai təhsil səviyyəsi üzrə  65%, ümumi orta təhsil səviyyəsi üzrə 59,8%, tam orta təhsil səviyyəsi üzrə 22,3%  olmuşdur. Yekun nəticələrin onları qane etmədiyini bildirən təhsil şöbəsinin müdiri bu nəticələri, habelə buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrini müqayisəli şəkildə cari dərs ilinin əvvəlində kollektivlərlə birgə, geniş şəkildə müzakirə etməyi nəzərdə tutduqlarını diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, 2015-ci ildə rayon üzrə respublikaının dövlət və özəl ali təhsil müəssisələrinə 301 nəfər qəbul olmuşdur ki, onların da 257 nəfəri 2014-2015-ci dərs ilinin məzunlarıdır.

Son illərdə rayon üzrə ali təhsil müəssisələrinə qəbul olunanların sayı hər il əvvəlki illə müqayisədə daha da artır. Belə ki, rayon üzrə 2008-ci ildə 58 nəfər ali məktəblərə qəbul olunmuşdursa, bu il onların sayı 257 nəfər olmuş, yəni 5 dəfəyə qədər artmışdır. Bu il ali məktəblərə qəbul olanlardan 22 nəfəri 500-dən, 12 nəfəri isə 600-dən yuxarı (2014-cü ildə 7 nəfər idi)  bal toplamışdır.  

Konfransda 600-dən çox bal toplayan məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Təhsil Nazirliyinin nümayəndəsi Rəfiq Qəndilov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı  Vilyam Hacıyev konfransda çıxış edərək  qarşıda duran vəzifələrdən danışmışlar.

Yusif ƏLİYEV,

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov