QAZAX. Təhsil işçilərinn sentyabrın 2-də keçirilmiş
konfransında ötən ilin yekunları geniş təhlil edilmiş,
qarşıda duran vəzifələrdən söhbət açılmışdır. Qazax
Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı
konfransda etdiyi məruzəsində bildirmişdir ki, son 10
ildə rayonda Heydər Əliyev Fondunun dəstəyi ilə 4,
dövlət vəsaiti hesabına 18 məktəb binası tikilib
istifadəyə verilmişdir. Nəticədə 7680-dən artıq şagirdin
yeni tikilmiş və əsaslı təmir olunmuş məktəb binalarında
təhsil alması təmin olunmuşdur. 2015-ci ildə yeni dərs
ilinə hazırlıqla bağlı daxili imkanlar hesabına rayonun
şəhər 1 və 2 nömrəli tam orta məktəbində təmir işləri
aparılmış, Kəmərli və Xanlıqlar kənd tam orta
məktəblərinin binalarında təmir işlərinə başlanılmışdır.
Ümumtəhsil məktəblərinin beşgünlük tədris həftəsinə
keçirilməsi barədə Təhsil Nazirliyinin əmrinə uyğun
olaraq rayonun məktəblərində iş rejimi
təkmilləşdirilmiş, 47 ümumtəhsil məktəbindən 45-i bir
növbədə işləmişdir.
2014-2015-ci dərs ilində rayon təhsil şöbəsinin
tabeliyində 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6
ümumi orta, 7 ibtidai məktəb, 5 məktəbdənkənar müəssisə
fəaliyyət göstərmişdir. Ümumtəhsil məktəblərində 11.329
şagirdin təlim-tərbiyəsi ilə 1768 müəllim məşğul
olmuşdur.
İl ərzində təhsil şöbəsi tərəfindən müəllimlərlə
aparılan metodiki işin təşkilinə, şagirdlərin tərbiyəsi
və hərtərəfli inkişafının real vəziyyətinin
öyrənilməsinə xüsusi diqqət yetirilmişdir. Təhsil
sahəsində aparılan yeniliklər, müasir təlim metodları
müəllimlərə çatdırılmış, tədris planları, proqram və
dərsliklərin məzmunu haqqında müzakirələr aparılmışdır.
Təhsilyanı şura və pedaqoji şuralarda fənn kurikulumları
və qiymətləndirmə mexanizmlərinin tətbiqi vəziyyəti
müzakirə edilmiş, seçmə yolla ayrı-ayrı siniflərdə
işləyən müəllimlərin nümunəvi dərsləri təşkil olunmuş,
müəllimlərin İKT bacarıqlarına yiyələnməsinə diqqət
yetirilmiş və onlar arasında qarşılıqlı təcrübə
mübadiləsi aparılmışdır.
Məruzəsində ötən dərs ilində rayonun təhsil
müəssisələrində qazanılan uğurlardan söz açan təhsil
şöbəsinin müdiri diqqətə çatdırmışdır ki, 2015-ci ilin
fənn olimpiadalarının yekun mərhələsində Qazax şəhər 2
nömrəli tam orta məktəbin X sinif şagirdi İlham Mirzəyev
fizika fənnindən III yeri tutmuşdur.
Növbəti dərs ilində fənn olimpiadalarını yüksək
səviyyədə keçirmək, bu işi daha da təkmilləşdirmək,
istedadlı şagirdləri üzə çıxarmaq, onların yaradıcılıq
qabiliyyətini inkişaf etdirmək üçün daha ciddi işlərin
görülməli olduğu qeyd edilmişdir. 2014-2015-ci dərs
ilində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə Qazax şəhər 1 nömrəli tam orta məktəbin direktoru
Bəsdi Ələkbərova "Əməkdar müəllim" fəxri adına layiq
görülmüş, Ağköynək kənd tam orta məktəbinin biologiya
müəllimi Sədaqət Əmirxanova "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olmuşdur.
Konfransda rayon məktəblilərinin idman yarışları, inşa,
rəsm, şeir müsabiqələrində əldə etdikləri uğurlar da
diqqətə çatdırılmışdır.
Məruzədə təhsilin keyfiyyət göstəricilərini xarakterizə
edən buraxılış və ali məktəblərə qəbul imtahanlarının
nəticələri də geniş təhlil olunmuşdur. Qeyd edilmişdir
ki, bu il XI siniflər üzrə buraxılış imtahanlarında
iştirak edən 812 şagirddən 522 nəfəri (64.29%) hər iki
fəndən müsbət qiymət almışdır.
Rayonun 2014-2015-ci tədris ili məzunlarından 520 nəfəri
TQDK-ya sənəd vermiş, 290 nəfəri ali məktəblərə, 55
nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul
olunmuşdur. Məzunlardan 75 nəfəri 300-400, 60 nəfəri isə
400-500, 500-dən yuxarı 59, o cümlədən 20 nəfər
600-dən yuxarı bal toplamışdır. Ötən il 600-dən yuxarı
bal toplayan 7 nəfər idisə, bu il həmin rəqəm 20-yə
yüksəlmişdir.
Məruzəçi bildirmişdir ki, ötən dərs ilində rayon təhsil
şöbəsi məktəbli gənclərin vətənə və torpağa sədaqət
ruhunda tərbiyə edilməsinə, hərbi vətənpərvərlik
tərbiyəsinə, gənclərin çağırışaqədərki hazırlıq, fiziki
tərbiyə və digər fənlərin bu sahədə tərbiyəedici
imkanlarından daha səmərəli istifadə olunmasına diqqəti
xeyli artırmışdır.
Məruzəsinin sonunda bu il rayona 12 nəfər gənc
müəllimin müsabiqə yolu ilə işə qəbul edildiyini deyən
N.Babanlı onları təbrik etmiş, yeni dərs ilində rayonun
təhsil işçilərinin qarşısında duran hədəflərdən
danışmışdır.
Təhsil nazirinin müşaviri İlham Pirməmmədovun, rayon
təşkilatlarının rəhbərlərinin iştirak etdikləri
konfransda məruzə ətrafında çıxışlar olmuş, müzakirələr
aparılmışdır. |