Azərbaycan
Texnologiya Universiteti ilə Azərbaycan Keyfiyyət
Assosiasiyası İctimai Birliyi arasında əməkdaşlıq
memorandumu imzalanıb. İmzalanmadan əvvəl universitet
rəhbərliyi və ictimai birliyin nümayəndələri arasında
əməkdaşlığın perspektivləri müzakirə olunub. ATU-nun
rektoru, professor Akif Süleymanov bildirib ki, bu ali
təhsil ocağında Təhsil Nazirliyi tərəfindən pilot layihə
olaraq həyata keçirilən "Müştəriyə Yönəlmə Proqramı"
çərçivəsində qurulan əməkdaşlıq tədris prosesinin
keyfiyyətini yüksəltməyə və maddi-texniki bazanı
zənginləşdirməyə imkan verəcək. Rektor həmçinin qeyd
edib ki, universitetin əsas intellektual məhsulu olan
məzunların, ixtiraların, elmi-tədqiqat işlərinin və
xidmətlərinin əmək bazarının tələblərinə
uyğunlaşdırılması məqsədilə icrasına başlanılan
proqramın digər hədəfi ATU-da tədris prosesini yeni
təhsil strategiyasına uyğunlaşdırmaqdır.
ATU-nun elm və texnika üzrə prorektoru Səbuhi Yusifov
isə deyib ki, sözügedən layihənin reallaşdırılması
məqsədilə ilkin olaraq 6 sənaye istiqaməti müəyyən
olunub. Bunlardan biri də standartlaşdırma və ekspertiza
sənayesidir. Azərbaycan Keyfiyyət Assosiasiyası ilə
əməkdaşlıq məhz bu istiqamət üzrə əmək bazarının və
müasir dövrün tələblərinə uyğun mütəxəssislərin
yetişdirilməsinə zəmin hazırlayacaq.
Azərbaycan Keyfiyyət Assosiasiyası İctimai Birliyinin
sədri Samir Novruzlu da əməkdaşlığın perspektivini
yüksək qiymətləndirib. O deyib ki, ATU təmsil etdiyi
qurumla belə bir layihəni reallaşdırmaq təşəbbüsü
göstərən ilk ali təhsil ocağıdır. |