Azərbaycan
Dövlət İqtisad Universitetində (ADİU) geniş iclas
keçirilib. İclasda 2015/2016-cı tədris ilinə hazırlıqla
bağlı universitetdə görülən işlər, həyata keçiriləcək
yeniliklər və qarşıya çıxan problemlərin həlli yolları
prorektorlar, mərkəz rəhbərləri və dekanlarla əsas
müzakirə mövzusu olub.
ADİU-nun rektoru, professor Ədalət Muradov 2015/2016-cı
tədris ilinin "Keyfiyyət ili" elan edildiyini görüş
iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki,
"Keyfiyyət ili" çərçivəsində universitetdə bir sıra
yeniliklərin həyata keçirilməsi nəzərdə tutulub. Bura
ilk növbədə dünyanın ən qabaqcıl universitetlərinin
təhsil sisteminin öyrənilməsi və universitetdə tətbiqi
istiqamətində davamlı işlərin aparılması daxildir.
Toplantıda ADİU-da innovasiyanın tətbiqi məsələləri də
geniş müzakirə edilib. Bildirilib ki, dərs prosesinin
tamamilə elektronlaşdırılması yeni tədris ilində
gündəmdə duran əsas məsələdir və bu istiqamətdə artıq
ilkin addımlar atılıb. Belə ki, ali təhsil müəssisəsi
kağız üzərində jurnala "yox" deyərək, tam
elektronlaşdırılmış jurnal sisteminə keçməyə hazırlaşır.
Tədris prosesinin interaktiv təşkili üçün universitetin
əsas tədris binasının bütün auditoriyaları kompüterlə
təchiz edilən elektron tribuna və proyektorlarla təmin
edilib. Rektor bildirib ki, yaxın vaxtlarda
universitetin bütün tədris binalarında da elektron
tribuna və proyektorlar quraşdırılacaq.
Rektor Ə.Muradov 2015/2016-cı tədris ilində tələbələrlə
işin təkmilləşdirilməsi istiqamətində dekanlara öz
tövsiyələrini çatdırıb. Qeyd edib ki, yeni tədris ilində
tələbələrə yüksək səviyyəli təhsilin verilməsi ilə
yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili,
elmi fəaliyyətə cəlb edilməsi prioritet məsələ olacaq.
Sonda rektor tədris ili boyunca tələbələrə, xüsusən də
universitetə yeni qəbul olunan tələbələrə qayğının
artırılması və valideynlərlə işə xüsusi diqqətin
ayrılması ilə bağlı tapşırıqlarını verib.
İctimaiyyətlə əlaqələr şöbəsi |