Bakı
Dövlət Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya
Agentliyinin (TİKA) anlaşmasına əsasən jurnalistika
fakültəsinin bir qrup müəllimi radio və televiziya
jurnalistikası kafedrasının müdiri, dosent Aynur
Kərimovanın rəhbərliyi ilə 17-27 avqust tarixlərində
Türkiyə Respublikasında səfərdə olub.
Rektor, akademik Abel Məhərrəmov səfərdən dönən
nümayəndə heyətini qəbul edib.
Görüşlər barədə ətraflı məlumat verən dosent Aynur
Kərimova bildirib ki, nümayəndə heyəti səfər müddətində
dövlət universitetlərindən İstanbul, Qazi və Ankara, o
cümlədən Bahçeşehir, Yeditepe, Kadir Has və Başkent kimi
özəl universitetlərdə olub. Adıçəkilən universitetlərin
rektorları, iletişim fakültələrinin rəhbərləri və
müəllimlərlə keçirilən görüşlərdə tədris proqramları,
fənnin tədris metodikası müzakirə olunub, gələcək
əməkdaşlıq məsələləri təhlil edilib. Müəllimlər həmçinin
bu ali təhsil ocaqlarının maddi-texniki bazası, iletişim
fakültələrinin teleradio, foto, dizayn studiyaları ilə
yaxından tanış olublar.
Rektor, akademik Abel Məhərrəmov nümayəndə heyətinin
keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edərək bütün
bunların jurnalistika fakültəsində aparılacaq
islahatlara müsbət təsir göstərəcəyini qeyd edib.
Xatırladaq ki, nümayəndə heyəti səfər zamanı həmçinin
TRT-nin İstanbul və Ankara bürolarında, Anadolu
Ajansında olub, Qazi Universitetində TRT baş direktoru
Şenol Göka, Qazi Universitetinin rektor yardımçısı
Mehmet Türker və İletişim fakültəsinin dekanı Zakir
Avşarın iştirakı ilə keçirilən konfransa da qatılıb.
Mətbuat və informasiya şöbəsi |