Sentyabrın
1-də Təhsil Nazirliyi, "Təhsildə İnnovativ
Texnologiyalar" Əlavə Təhsil Mərkəzinin və Paris
Sorbonna Universitetinin Abu Dabi kampusunun birgə
əməkdaşlığı ilə Qubada təşkil olunan "Məktəb
idarəetməsi" mövzusunda təlim kursunun açılış mərasimi
keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov və
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye iştirak
ediblər.
Səfir Paskal Mönye Azərbaycan və Fransa arasında bütün
sahələrdə sıx əməkdaşlıq olduğunu, təhsil sahəsində
birgə fəaliyyətin qarşılıqlı faydaya söykəndiyini
vurğulayıb. Səfir azərbaycanlı məzunların Fransada
təhsil almaları üçün geniş imkanların olduğunu bildirib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov təlim
kurslarında Təhsil Nazirliyinə tabe olan, eyni zamanda
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tövsiyə
edilmiş məktəb direktorları ilə yanaşı, 2013-2014-cü
ilin buraxılış imtahanlarında yüksək nəticə göstərən
Sumqayıt və digər şəhər (rayon) məktəbləri rəhbərlərinin
iştirak etdiyini diqqətə çatdırıb. Nazir müavini
bildirib ki, intensiv təlim proqramının əsas məqsədi
seçilmiş məktəb direktorları üçün qabaqcıl təlim sistemi
və effektiv məktəb idarəetməsi anlayışını tanıtmaq,
məktəb rəhbərlərinin liderlik potensialını inkişaf
etdirməkdir.
Sentyabrın 9-dək davam edəcək təlim Paris Sorbonna
Universitetindən xüsusi dəvət olunmuş professor Florent
Pratlong tərəfindən keçiriləcək. Əlavə olaraq, kurs
çərçivəsində yerli təlimçilər tərəfindən liderlik,
məktəb çərçivəsində şagird sağlamlığının qorunması,
vaxtın idarəolunması, təqdimat bacarıqlarının inkişafı
və digər mövzularda interaktiv sessiyalar təşkil
olunacaq.
Kursun sonunda iştirakçılara məktəb idarəedilməsi ilə
bağlı uzunmüddətli tapşırıq veriləcək və onun nəticələri
əsasında onlayn monitorinq aparılacaq. |