Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2015 - №33

 

Təhsil naziri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yeni rektorunu kollektivə təqdim edib

 

Böyütmək üçün seçin Sentyabrın 4-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Mustafa Babanlını bu təhsil müəssisəsinin kollektivinə təqdim edib.

Təhsil naziri Mustafa Babanlının ADNSU-nun rektoru təyin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir qeyd edib ki, ADNSU-nun Azərbaycan ali təhsil sistemində özünəməxsus yeri var. Təhsil naziri bu tədris ocağının yetirməsi olan mütəxəssislərin nəinki respublikamızın, eləcə də dünyanın bir sıra ölkələrinin iqtisadiyyatına layiqli töhfələr verdiyini və Azərbaycan təhsilinin yetirmələri kimi yüksək uğurları ilə tanındıqlarını bildirib. O, bu ali məktəbin Azərbaycan elm və təhsilinin pioneri, eyni zamanda neft sənayesi sahəsində innovasiyaların əsas mərkəzi olduğunu nəzərə çatdırıb. ADNSU-nun həyatında yeni çağırışlara uyğun fəaliyyət sferasının açıldığını söyləyən təhsil naziri bunun üçün həm institusional təcrübədən, həm də gənc mütəxəssislərin imkanlarından istifadənin vacibliyini qeyd edib. Şəffaf elmi mühitin yaranması üçün vacib həlqə olan bu yanaşma, həm də sənayenin digər sahələri üçün potensial kadr hazırlığı istiqamətində universitetə yeni imkanlar verir. Bu sahədə Təhsil Nazirliyinin yaxından köməyi ilə ADNSU-nun yeni inkişaf strategiyası hazırlanacaq və ali təhsil sahəsində beynəlxalq təcrübədən istifadə olunacaq. Bütün bu və ya digər işlərdə ali məktəbə yeni təyin olunmuş rəhbərliyin  üzərinə ciddi öhdəliklər düşür.

ADNSU-nun rektoru Mustafa Babanlı ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. O, ali məktəbin kollektivi ilə bərabər ADNSU-nun yeni hədəflərinin gerçəkləşdirilməsi üçün bütün mövcud imkanları səfərbər edəcəklərini bildirib.

Qeyd edək ki, sentyabrın 3-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

Ölkə Prezidentinin digər sərəncamı ilə Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə təyin olunub.

Mustafa Baba oğlu Babanlı 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Xüsusi Konstruktor Bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlayıb. 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyası Metallar Fizikası İnstitutunun aspiranturasında təhsil alıb. 1993-cü ildə "Bərk cisimlərin fizikası" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, 2008-ci ildə Azərbaycan Texniki Universitetində (AzTU) doktorluq dissertasiyası müdafiə edərək, "materialşünaslıq" ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsi alıb. AzTU-nun nəzdində Dissertasiya Şurasının və Təhsil Nazirliyi yanında Metodiki Əlaqələndirmə Şurasının üzvüdür. AzTU-nun metallurgiya və metalşünaslıq kafedrasında assistent (1996-2001-ci illər), dosent (2001-2010-cu illər), professor və beynəlxalq əlaqələr üzrə prorektor (2010-2015-ci illər) vəzifələrində çalışıb.

140-dan artıq elmi məqalənin, 6 ixtiranın, 5 dərs vəsaitinin, 1 dərsliyin və 4 monoqrafiyanın müəllifidir. Məqalələri Fransa, Almaniya, Rusiya, İsveçrə, Ukrayna, Hollandiya və başqa ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunub. Bir sıra beynəlxalq elmi layihələrə rəhbərlik edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov