Prezident İlham Əliyev görülən işlərlə tanış olub
Sentyabrın
3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
paytaxtın Yasamal rayonundakı Fizika, Riyaziyyat və
İnformatika Təmayüllü Liseyin binasında təmir və
yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış
olub.
Dövlətimizin başçısına məlumat verildi ki, istedadlı
uşaqların seçilməsi üçün keçmiş Sovet İttifaqında SSRİ
Maarif Nazirliyinin qərarı ilə Azərbaycanda internat
məktəbləri təşkil edilib. Onların yaradılmasında
respublikamızın ayrı-ayrı rayonlarından istedadlı
uşaqları müsabiqə yolu ilə qəbul etmək, dövlət hesabına
yataqxana və yeməkxana ilə təmin etmək, əsas fənlərdən
dərinləşdirilmiş proqramla dərslər keçmək başlıca məqsəd
kimi qarşıya qoyulub.
Bildirildi ki, bu məktəb üçün 1963-cü ildə bina inşa
olunub. 1964-cü ildə 1 nömrəli internat məktəbinin
bazasında 1 nömrəli fizika-riyaziyyat və kimya-biologiya
təmayüllü internat məktəbi yaradılıb. 1969-cu ildə
kimya-biologiya bu bazadan ayrılıb. Bu bazada isə 1
nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbi
fəaliyyətini davam etdirib. 1991-ci ildə Nazirlər
Kabinetinin qərarı ilə məktəbin adı dəyişdirilib,
Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü
Lisey adlandırılıb. Hazırda lisey bu adla fəaliyyət
göstərir.
Diqqətə çatdırıldı ki, təhsil ocağının binasında təmir
və yenidənqurma işlərinə bu ilin mayında başlanılıb.
Liseyin əsas binasında, yataqxana və yeməkxanasında
yüksək standartlar tətbiq olunub. Bütün bu işlər
Azərbaycanda insan kapitalının daha da inkişaf
etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham
Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı
təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas
prinsiplərindən biridir. Bu siyasətin nəticəsi olaraq
son illərdə müasir məktəb binaları tikilir, təhsil
müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses
təkcə paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə edib.
Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi
istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev
Fondu da dövlət səviyyəsində həyata keçirilən bu
fəaliyyət proqramına güclü dəstək verib.
Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlığı ilə
diqqət çəkən bu təhsil ocaqlarından biri də Fizika,
Riyaziyyat və İnformatika Təmayüllü Liseydir. Hazırda
liseydə respublikanın bütün bölgələrindən 600 şagird
təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına
yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və
9-cu siniflərdən aparılır. Bu təhsil ocağı fəaliyyət
göstərdiyi müddətdə uğurlu nəticələr əldə edib. Təhsil
ocağının məzunları arasında 300-dən çox elmlər namizədi,
30-a yaxın elmlər doktoru var.
Prezident İlham Əliyev liseydə ayrı-ayrı sinif
otaqlarını gəzdi, burada yaradılan şəraitlə yaxından
tanış oldu. Yeni dərs ili ərəfəsində liseyin bütün sinif
otaqları, fənn kabinetləri əsaslı şəkildə təmir edilib,
lazımi avadanlıq və ləvazimatla təchiz olunub. Burada ən
müasir havalandırma və işıqlandırma sistemləri
quraşdırılıb. Təhsil ocağının həyətində də abadlıq və
quruculuq işləri görülüb.
AZƏRTAC |