Sentyabrın
3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bakının Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə
həyata keçirilən təmir və yenidənqurma işlərindən
sonrakı vəziyyətlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına
məlumat verdi.
Bildirildi ki, 190 nömrəli orta məktəb 1946-cı ildə
fəaliyyətə başlayıb. Məktəb üçün bina 1957-ci ildə inşa
olunub. O vaxta qədər isə təhsil ocağı Bülbül adına
Musiqi Məktəbinin binasında fəaliyyət göstərib. Artıq
iki ildir ki, bu təhsil ocağı 189 nömrəli məktəblə
birləşib.
Qeyd olundu ki, 189 nömrəli məktəbin binası isə 1934-cü
ildə inşa edilib. Bina 1941-1945-ci illərdə 15/46
nömrəli təxliyyə hospitalı kimi fəaliyyət göstərib.
Məktəbin binasında yenidənqurma işlərinə bu ilin
aprelində başlanılıb və yüksək səviyyədə həyata
keçirilib.
Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsil
sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin
paytaxtın Səbail rayonundakı məktəblərin müasir
standartlar səviyyəsinə çatdırılması istiqamətində
gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər
yaradılıb. Burada, həmçinin Heydər Əliyev Muzeyi də
fəaliyyət göstərəcək.
Dövlətimizin başçısı 189-190 nömrəli orta məktəbdə
əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan
şəraitlə yaxından tanış oldu.
Beş mərtəbədən ibarət məktəbdə 42 sinif otağı var. Bakı
şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən
xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər
planına əsasən, bütün sosial sahələrdə olduğu kimi,
təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması,
yeni məktəb binalarının, uşaq bağçalarının inşası
prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir.
Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın
hər yerində orta məktəb binaları yüksək standartlara
uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla
təchiz edilir, təhsil müəssisələrinin ərazilərində
abadlıq işləri həyata keçirilir, yeni yaşıllıq zolaqları
salınır.
Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi
istiqamətində də mühüm işlər görülür. 189-190 nömrəli
orta məktəbdə də bütün sinif otaqları, fənn kabinetləri
ən müasir tələblər səviyyəsində qurulub. Məktəb yüksək
tələblərə cavab verən avadanlıq və müasir dərs
ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri
bilikləri laboratoriyalarda tətbiq etmələri üçün də
zəruri avadanlıq quraşdırılıb.
Təhsil ocağının idman zalı da müasirliyi ilə diqqəti
cəlb edir. Məktəbin istilik və işıqlandırma sistemləri
də müasir tələblər səviyyəsində yenidən qurulub.
Bildirildi ki, orta məktəbdə 1500 şagird təhsil alır.
Prezident İlham Əliyev məktəbin sinif otaqlarını gəzdi,
yaradılan şəraitlə tanış oldu.
AZƏRTAC |