Azərbaycan
Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX)
və Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) dəstəyi
ilə Qusarın Ləzə kəndində təşkil olunan marşrutqurma və
bələdçilik üzrə beynəlxalq gənclər düşərgəsi işini
müvəffəqiyyətlə başa vurub.
FAİREX-dən AZƏRTAC-a bildiriblər ki, idman
qayayadırmanması sahəsində təcrübəsi olan 50-dən çox
yerli və xarici idmançıya bir həftə ərzində beynəlxalq
səviyyəli mütəxəssislər tərəfindən təlim keçirilib.
Düşərgədə idman dırmanması marşrutlarının təşkili,
habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan
professional bələdçilik barədə məlumat verilib, nəzəri
və praktik məşğələlər təşkil olunub.
Təlim müddətində, eyni zamanda, Gürcüstan, İran,
Türkmənistan, Türkiyə və Azərbaycandan olan düşərgə
iştirakçıları arasında təcrübə mübadiləsi aparılıb,
idman dırmanması sahəsində müasir dünya praktikası
öyrənilib.
Tədbir çərçivəsində "Qayalarımızı qoruyaq" devizi
altında birləşən gənclərin diqqəti xüsusi olaraq ətraf
mühitin mühafizəsinə, dağlarımızın qorunmasına,
dağçılıqda etik davranışın önəminə yönəldilib, dağ
turizminin inkişafı üçün Azərbaycanın potensial
imkanları ətrafında müzakirələr aparılıb. Tədbir
ərəfəsində bir qrup iştirakçı üzərində "Qayalarımızı
qoruyaq" şüarı yazılmış xüsusi lövhəni Şahdağın
zirvəsinə qaldırıb.
Düşərgənin işini yekunlaşdırması ilə əlaqədar Beynəlxalq
Dağçılıq Federasiyasının vitse-prezidenti Piter Farkas
tərəfindən iştirakçılar üçün xüsusi təqdimat keçirilib.
P.Farkas və digər xarici mütəxəssislər tədbirdə
FAİREX-in təşkilatçılığını yüksək qiymətləndiriblər.
Qeyd edilib ki, beynəlxalq düşərgənin Azərbaycanda
təşkil edilməsi gənclərimizin dağ idman növlərinə
marağının artmasına, dağ bələdçilərinin hazırlıq
səviyyəsinin yüksəlməsinə və dağ ekosistemlərinə daha
həssas yanaşmalarına şərait yaradacaq.
Tədbirin sonunda iştirakçılara FAİREX-in və UİAA-nın
sertifikatları təqdim edilib. |