Məhəbbət
Səfərov 1987-ci ildə Beyləqan rayonunun Qarallar
kəndində anadan olub. Uşaqlıqdan musiqiyə, ifaçılıq
sənətinə həvəs göstərib. Bunu hiss edən valideynləri
ona yaxından dəstək olublar. Beyləqanda tam orta
məktəbi bitirdikdən sonra Bakıya gəlib. 2011-ci ildə
Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi
Kollecinin xanəndəlik şöbəsinə qəbul olunub və
əməkdar artisti Təyyar Bayramovun sinfində təhsil alıb.
Ötən bu müddət ərzində Təyyar müəllim ona muğamın
sirlərini daha dərindən mənimsədib. Təhsil ocağının
bütün konsert və tədbirlərində yaxından iştirak edərək
istedadını nümayiş etdirən gəncə kollecin rəhbərliyi
həmişə dəstək olub. 2013-cü ildə Məhəbbətin "Gəncləşən
muğam-4" adlı gənc xanəndələrin konsertində uğurlu
çıxışı tamaşaçıları heyran edib.
2015-ci ilin fevralında başlayan və 4 ay davam edən V
Muğam müsabiqəsində iştirak edən Məhəbbət öz ifaçılıq
məharətini nümayiş etdirərək II yerə layiq görülüb və
çıxışları muğam sənətinin mahir biliciləri - xalq
artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə
İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar
incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundovun
daxil olduğu münsiflər heyəti tərəfindən müsbət
qiymətləndirilib.
Gənc ifaçı Məhəbbət Səfərov gələcəkdə beynəlxalq
müsabiqələrdə də iştirak edərək muğamsevərlərin
könlünü oxşayacağına və bir- birindən gözəl mahnıları
ilə tamaşaçı alqışı qazanacağına əmindir.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |