Rafiq
Bayramov 65 illik ömrünün 31 ilini müəllimliyə həsr
edib. Orta, orta-ixtisas, ali məktəb müəllimi olub. Və
mən içimdən gələn duyğu ilə özümə borc bildim bu yazını
yazmağı, çünki yaxından tanıdığım Rafiq müəllim haqqında
yazılmaq haqqını qazanmış İnsandır!
Şəmkirin Təzəkənd kəndində (keçmiş adı Düz Qışlaq)
dünyaya göz açıb. Atası rəhmətlik Heydər müəllim yarım
əsr doğma kəndində ömrünü uşaqların təlim-tərbiyəsinə
həsr etmişdi. Rafiq müəllim M.F.Axundov adına Dillər
İnstitutunu bitirib, təyinatla Dəvəçidən 35 kilometr
uzaqlıqda indiki Ağalar kəndində vəfalı ömür-gün yoldaşı
Fəridə müəllim ilə birlikdə yaşayıb, 5 il bu kənd
məktəbində uşaqlara ingilis dilini öyrədib, özü və
nümunəvi gənc ailəsi ilə uşaqlara, ətrafındakılara həm
də əyani tərbiyə nümunəsi göstərib.
Ailənin ilki Kənan da orda doğulub, onlara ana-ata
adının sevincini bəxş edib. Bir müddət atasının işlədiyi
institutda çalışıb, xeyli vaxtdır ki, bp şirkətində
işləyir, ən yaxşı mütəxəssislərdən biri kimi tanınır.
İkinci övladları Ülviyyə isə müəllimdir.
Rafiq müəllim 5 illik orta məktəb müəllimliyindən sonra
nur şəhəri Mingəçevirdə Politexnik Texnikumunda 11 il,
ardınca da Politexnik İnstitutunda 15 il müəllimlik edib.
İnstitutun həmkarlar təşkilatı sədri seçilib, uzun illər
bu vəzifədə işləyib.
Danışır ki, son vaxtların söhbətidir, Kənanla axırıncı
dəfə İstanbulda olanda oturmuşdum, çox fikirli idim.
Gördüm bir nəfər yaxınlaşdı.- Rafiq müəllimsiz, eləmi? -
Bəli... Elə xoş sifətlə, mehribanlıqla, doğma, əziz
adam kimi görüşdü mənimlə. - Mingəçevirdə mənə dərs
demisiz ingilis dilindən. Burda oxuyub işləyib
yaşayıram... Çox tanınmış bir şirkətin aparıcı
mütəxəssislərindən biridir. O qədər məmnun qaldım ki,
onun tərbiyəsindən, müəllim adına içdən gələn
ehtiramından. Çox belə tələbələrimlə qarşılaşmışam,
düşünəndə ki, əməyinin barı, bəhəri övladlarından
başqalarının həyatında da nə isə yaxşılığa dəyişib,
yeniyetmələrin ağ lövhə beyninə bir neçə sətir yazıb,
adam ruhlanır, sevinirsən ki, sənin adını yadda saxlayıb
əvəzində nə isə etməyi özlərinə borc bilənlər var,
müəllimliyimin şərəfi daxilimdə həmişə qürur yaradıb.
Fəridənin həyatında belə epizodlar daha çoxdur...
Yadımdadı ki, Fəridə xanım Mingəçevirdə "İlin müəllimi"
seçilmişdi və onun 3 nömrəli məktəbdən ayrılıb Bakıya
köçməsini müəllimlər də, şagirdlər də yeri dolmayan itki
kimi qarşılamışdılar.
Mingəçevirdə S.Vurğun meydanındakı Leninqrad layihəli 9
mərtəbədə qonşuyduq. Bu ailədə etik münasibətlər hökmran
idi, nəinki bir-birinə "çor" sözü, heç umu-küsüyə rəvac
verən söz-söhbət olmadığını hamı bilirdi. Qonşuluqda elə
bir adam çətin tapılardı ki, bu təvazökar, mehriban
institut müəllimi alətlər çamadanı ilə birlikdə onun
məişət problemlərinin həllinə yardımçı olmasın. Durub
oturduğu da özü kimi sadə, təmənnasız insanlar idi.
Söhbətlərinə yerinə düşən, dad, tam verən şeirlər deməyi
var dostumun. Mingəçevirdən işıqlı, xoş xatirələr qalıb
yaddaşımda, çoxusunda da Rafiq müəllimin izi var.
Və 1990-cı illərdə Mingəçevirdə azadlıq, müstəqillik,
demokratiya uğrunda əqidəsi, amalı ilə hərəkata
başlayanların önündəkilərdən biri Rafiq müəllim olub.
Qarabağın işğalından sonra Mingəçevir bölgəsinə gələn "Dünyaya
baxış" xarici təşkilatı professional ingilis dili
tərcüməçisi axtaranda Rafiq müəllimi arayıb tapdılar. O,
tərcüməçiliklə qalmadı, energetiklər qəsəbəsində
Mingəçevirdə məskunlaşan məcburi köçkünlər üçün 412
fərdi evin tikilib istifadəyə verilməsində böyük əmək
sərf etdi, xeyirli işlər gördü.
Rafiq müəllim bilik, bacarığına, mənəvi, əxlaqi
keyfiyyətlərinə görə çalışdığı hər yerdə seçilib etimad
qazanmış insan olub.
Sonra övladlarımızın ardınca Bakıya köçdük, onlar da,
biz də, ruhumuzun bir hissəsini Mingəçevir, Şəmkir,
Kəlbəcər, Qubadlı, Yevlaxda qoyub gəlsək də, o yerlərin
həsrətini çəkməkdəyik, şirin xatirələrlə özümüzü
ovundururuq.
Nə qədər ağır da olsa, bunu yazmalıyam; Rafiq müəllim
2-ci ildir ki, xəstəliklə mübarizə şəraitində yaşayır,
bu onu dava-dərmanla, kimya terapiyalarla, həkimlərlə,
xəstəxana dəhlizləri, palataları ilə həmdəm edib,
nəvələrinin, gül balalarının nazı ilə oynamaq imkanından
məhrum edib. Ağrılarına baxmayaraq yenə nikbinliyini
özündə saxlamağa, yanındakı doğmalarının, əsas da körpə
balası kimi gecə-gündüz onun başına pərvanə kimi dolanan
Fəridə müəllimin dərdlərini, gözlərindəki iztirabları
azaltmağa çalışır. Rafiq müəllimlə hər telefon
danışığımdan sonra dedikləri, düşüncələri günlərlə
beynimdə dolaşır, yadımdan çıxmır.
...Həyatda, bu dünyada ən böyük qazancım ailəm,
övladlarımdı, heç kəsə pisliyim dəyməyib, heç kimi
aldatmamışam, haqq dərgahına da təmiz üzlə gedəcəm, elə
bir günah yiyəsi olmamışam mən bilən. Ağır günlərim də
olub, kasıblıq da çəkmişik, ehtiyac da görmüşəm, amma
xoş günlərim lap çox olub; 2 övladım, 6 nəvəmin hərəsi
doğulanda, bağçaya, məktəbə gedəndə özümü dünyanın ən
xoşbəxt adamı bilmişəm. Heç nədə gözüm qalmayıb. İki
dəfə cərrahi əməliyyat keçirmişəm. Anam,
qardaş-bacılarım, ailəm, övlad, kürəkən, gəlin,
qohum-əqrəba, dostlar... nə qədər özümü nikbin, ağrısız
da göstərmək istəsəm, olmur yenə, hamısının gözündə
kədər görürəm, mən həyatda heç kimə əzab vermək
istəmirdim axı.
İnsan yaşa dolduqca doğulub düyaya göz açdığın, ayaq
açıb ilk yeridiyin, könül verib ilk sevdiyin torpaq
maqnit kimi adamı özünə daha çox çəkir. Yaxınlarda
Şəmkirə getdim, atamın, qardaşımın məzarlarını ziyarət
elədim.
Bu yazını xeyli vaxt idi bitirmişdim, nədənsə çapa
verməyə ürək eləmirdim, həm də 3-cü cərrahi əməliyyat
barədə həkimlərin qərar verməyini gözləyirdik.
Özü zəng elədi, qardaşım uşaqlarını tələbə olmaları
münasibəti ilə təbrik elədi, sadə bir şeymiş kimi bunu
da əlavə elədi:- əməliyyata getməkdən imtina elədim,
nöqtə qoydum hamının tərəddüdlərinə, bundan sonrası
Allahın ümidinədi, şükür hər ötən günə, hər gələn sabaha
şükür...
Demək istədiyim budur: Rafiq müəllim İnsan Adamdır.
Allahın verdiyi ömür payını şərəfli, ləyaqətli, xeyirli
yaşayıb, yaxşı ad, xoş iz qoyub - əsas olan, insana
qalan budur.
Hacı NƏRİMANOĞLU,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun sektor müdiri,
Azərbaycan Yazıçılar Birliyinin üzvü |