Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqust 2015 - №32

 

Fizikanın tədrisində rəqəmsal laboratoriya avadanlıqlarının imkanları

 

Aliyə ƏHMƏDOVA,
Sumqayıt şəhər  İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimi,
V "Elektron təhsil" Respublika müsabiqəsinin qalibi

Böyütmək üçün seçinHazırda informasiya texnologiyaları  cəmiyyətin bütün sahələrində geniş tətbiq olunur. Günümüzdə müasir şagirdi əhatə edən bir çox məqamlar getdikcə daha çox informasiya texnologiyaları ilə əlaqələnməkdədir (mobil əlaqənin əlavə imkanları, rəqəmsal televiziya, ölçmə və müşahidə cihazları, təsvirlərin emalı və s.). Kompütersiz ixtiyari məlumatın axtarılmasını isə ümumiyyətlə, təsəvvür etmək belə mümkün deyil. Elektron təqdimatlardan istifadə etmədən auditoriya qarşısına çıxmaq isə zəmanədən geri qalmaq kimi qəbul olunur. Şagirdlərin icra etdikləri araşdırmaların müxtəlif mərhələlərinə informasiya texnologiyalarının cəlb olunması isə normal proses olmaqla, onların ətraf aləmdəki dəyişikliklərə rahat uyğunlaşmasını təmin edən vasitədir.

Hazırda fizikanın müasir tədris metodikasında kompüterin istifadə imkanları çoxşaxəlidir. Bunlara özündə müxtəlif animasiya, videoçarx, interaktiv tapşırıqları birləşdirən  elektron dərsliklərin və dərs vəsaitlərinin  istifadəsi ilə yanaşı, rəqəmsal laboratoriya avadanlıqlarının istifadəsi və proqram təminatlarının köməkliyi ilə emal olunmuş təcrübə nəticələri də aiddir. Aydındır ki,  müəllim dərsin müxtəlif mərhələlərində rəqəmsal resursların müxtəlif tətbiq formalarından məqsədəuyğun istifadə etməlidir. Bu zaman müəllim şagirdlərin yaş həddi, araşdırılan mövzunun mahiyyəti, təklif edilən resursların əlyetərliliyi və şagirdlərin maraqlarını da diqqətdə saxlamalıdır.

Müasir məktəb universal bilik, bacarıq və vərdişlərin formalaşdırılması ilə yanaşı, təhsilalanın müstəqil fəaliyyət təcrübəsinin və şəxsi məsuliyyətinin artırılmasını da qarşısına hədəf olaraq qoyur. Yeniyetmə və gənclərin cəmiyyətdə uğurlu sosiallaşması yönümündə müasir məktəblərin öhdəsinə çox iş düşür. Bunlara təhsilalanın əmək bazarının tələblərinə aktiv uyğunlaşması, cəmiyyətdə tələb olunan əsas qabiliyyət və bacarıqların formalaşdırılması, yaradıcı və tədqiqatçı fəaliyyətə istiqmətləndirilməsi aiddir. Bu məqsədlə fizika kurikulumunun reallaşdırılması zamanı müəllim şagirdə axtarışlar, araşdırmalar aparmaq üçün imkanlar yaratmalıdır. Fizikanın tədrisi prosesində müxtəlif rəqəmsal laboratoriyaların imkanlarından istifadə böyük rol oynayır. Orta məktəblərdə istifadə üçün nəzərdə tutulan rəqəmsal laboratoriya avadanlıqları özündə geniş spektrdə araşdırma, nümayiş və laboratoriya işlərini ehtiva edir. Rəqəmsal laboratoriya avadanlıqlarının əksəriyyəti əsasən qurğunun özü və proqram təminatından ibarətdir. Proqram təminatı şagird və müəllimə qəbul olunmuş siqnallar əsasında təcrübənin gedişindən alınan ölçmə nəticərinin ani olaraq cədvəl və qrafik əyri formalarında ötürülməsini təmin edir. Alınan qrafiki əyri təcrübə zamanı götürülmüş bütün qiymətlər əsasında ani olaraq qurulmuş olur. Bu isə vaxta qənaətdir. Qənaət olunmuş vaxtı isə alınmış nəticələrin analiz və sintezinə, fiziki mahiyyətinin araşdırılmasın sərf etmək tədris prosesində müəllimin işini yüngülləşdirməklə yanaşı, şagirdlərdə də fənnə qarşı xüsusi marağın yaranmasına səbəb olur. Qrafik üzərində nəticələrin emalı vərdişləri şagirdlərdə gələcək həyatlarında lazım ola biləcək hadisəni təhlil edə bilmə, əvvəlcədən hadisələrin gedişini ehtimal edə bilmə (proqnozlaşdırma) kimi mühüm kompetensiyaları formalaşdırmaqda mühüm rol oynayır.

Sevindirici haldır ki, Təhsil Nazirliyi respublikanın məktəblərini LabDisk Physio və LabDisk Chemio rəqəmsal laboratoriya avadanlığı ilə təmin edir. Qeyd etmək istərdim ki, LabDisk 12 ənənəvi laboratoriya cihaz və avadanlığını əvəz edə bilən, fizika, kimya, biologiya, coğrafiya və ekologiya dərslərində istifadəsi real olan mobil rəqəmsal laboratoriya avadanlığıdır. Qurğu 14 sensorla təchiz olunub, laboratoriyanın  iş üçün ümumi  quraşdırılma müddəti 2 dəqiqə çəkir. Maraqlıdır ki, LabDisk Chemio vasitəsilə aparılmış ölçmə nəticələri hətta GPS koordinatları vasitəsilə onlayn olaraq "Google Xəritə" xidmətində də tədqiq oluna bilər. Qurğunun batereyası 150 saat enerji saxlamaq imkanına malikdir. Bu isə şagirdə və müəllimə təbiət ekskursiyaları zamanı əvəzolunmaz ölçmə imkanları vermiş,  qurğunun mobillik imkanını artırmış olur. Kompüter, noutbuk, planşet, elektron lövhə və android telefonlar proqram təminatı vasitəsilə rahatlıqla qurğuya qoşula bilir. Bunun üçün sadəcə internetdən OS AndroidGlobiLab və Windows mühitində işləmək üçün Globilab proqram təminatını yükləmək yetərlidir. Qoşulma həm USB kabel, həm də Blutuz vasitəsilə mümkündür. Təcrübənin gedişi zamanı sürətlə dəyişən proseslərin qeydiyyatı və təhlili, saniyədə 24000 ölçmə qiymətlərinin götürülmə imkanı, xarici ölçmə sensorlarının olması və sensorların kalibrlənməsi LabDisk rəqəmsal qurğusunun rahatlıq və üstünlüklərindəndir. Məktəblərimizin LabDisk Physio və LabDisk Chemio ilə eyni vaxtda təmin olunması isə fizika fənnində tədrisi nəzərdə tutulan mövzuların uyğun olaraq kimya, biologiya, ekologiya və coğrafiya fənlərinə fənlərarası inteqrasiyası üçün müəllim və şagirdə geniş imkanlar yaradır . Məhz bu imkanlardan düzgün və yaradıcı  istifadə edə bilən müəllim şagirdlərini müxtəlif layihə olimpiadalarına yönləndirə bilər.  Qurğu  127 ölçmə nəticələrini saxlama  imkanına, hazır laboratoriya işləri qalereyasına malikdir. Bu isə şagird və müəllimə laboratoriya işlərini istənilən münasib vaxtda emal etməyə imkan yaradır. Kiçik qruplarda rəqəmsal laboratoriya avadanlığı ilə aparılan araşdırmalr, tədqiqat işləri şagirdlərin  idraki və məntiqi təfəkkürünün inkişafına, ünsiyyət qabiliyyətlərinin formalaşmasına və əməkdaşlıq kimi müasir dövr üçün vacib  olan vərdişlərin yaranmasına  müsbət təkan verir.

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov