İspaniya məktəblərində şagirdlərin sayını
azaltmaq istəyirlər
Tələbə
təqaüdləri isə artacaq
İspaniyanın Təhsil Nazirliyi orta təhsilin
bütün üç pilləsi üzrə siniflərdə şagirdlərin
sayının 20% azaldılması təşəbbüsü ilə çıxış edib.
Artıq yeni tədris ilində ibtidai siniflərdə
şagirdlərin sayının 25, orta siniflərdə 30,
yuxarı siniflərdə isə 35 nəfərədək azaltmaq
nəzərdə tutulur. Hələ 3 il əvvəl ispanlar
büdcə vəsaitlərinə qənaət edilməsi məqsədi ilə
siniflərin müvafiq olaraq beş, altı, yeddi
nəfər olaraq əlavə komplektləşdirilməsi
məcburiyyətində qalıblar, ancaq indi Təhsil
Nazirliyində hesab edirlər ki, ölkədə
maliyyə-iqtisadi vəziyyətin yaxşılaşması ilə
əlaqədar bu tədbirlərdən imtina olunması vaxtı
çatıb. Bundan başqa, universitet təqaüdləri
ildə orta hesabla 100 avro artacaq, beləliklə
də orta illik məbləğ 3229 avrodan 3340
avroya qədər artacaq. Bütünlüklə
təhsilalanların təqaüdlərinin ödənilməsi üçün
büdcədə 1416 milyard avro nəzərdə tutulub ki, bu
da ölkə tarixində ən yüksək göstərici hesab
olunur. |
|
Əcnəbi tələbələr Böyük Britaniyada təhsildən
razılıq edirlər
Ali
məktəblərdə sorğu aparılıb
Böyük Britaniyada oxuyan əcnəbi tələbələr bu
ölkədə təhsil almalarından razılıq edirlər. "University
World News" saytının məlumatına görə, təhsil
haqlarının qalxmasına baxmayaraq Böyük
Britaniyada təhsil əvvəlki tək əcnəbi tələbələr
üçün cəlbedicidir. Milli tələbə sorğusuna
əsasən, əcnəbi tələbələrin 86 faizi əldə
etdikləri təhsildən razı qaldıqlarını bildirib.
Sorğuda ölkənin 155 ali məktəbinin, 190 kollec
və 5 özəl universitetinin yuxarı kurslarının
300 min tələbəsi iştirak edib. 2014-cü illə
müqayisədə tələbə məmnunluğu dəfələrlə artıb.
"Higher Education Funding Council for England" (HEFCE)
şirkətinin icraçı direktoru, professor Madlen
Atkinsin sözlərinə görə, bu cür tədqiqatın
aparılması universitet və kolleclərdə tədrisin
və təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün
ətraflı və etibarlı məlumatlar əldə etməyə
imkan verir. Bu cür informasiyalar həm də ali
məktəb seçimində gələcək tələbələr və onların
valideynləri üçün də əhəmiyyətlidir.
|
|
Oxumaq istəyi uşağa irsən keçir
Tədqiqatçılar
bunu araşdırıblar
Amerika alimlərinin araşdırmalarına əsasən,
oxumaq istəyi uşağa irsən keçir. Əgər
valideynlər öz uşaqlıq illərində məktəbdə
həvəslə oxuyublarsa, tamamilə mümkündür ki, bu
keyfiyyət onların uşaqlarına da irsən keçsin.
Alimlər doğma qardaş və bacıları olan 1594
yeniyetmənin iştirakı ilə tədqiqat aparıblar.
Tədqiqatçılar oxumaq həvəsi yaradan genləri
aşkar etməyə nail olublar. Məlum olub ki,
anaları ali təhsil almış uşaqların gələcəkdə
daha geniş biliklər alması şansı çox yüksəkdir.
Hər iki valideyni ali təhsil almış uşaqlar orta
hesabla 1,7 ildən çox parta arxasında vaxt
keçiriblər. Bu isə ali məktəbin 2 kursuna
uyğundur. "AERA" jurnalının yazdığına görə,
görünür uşaqlara təkcə genlər deyil, həm də ali
təhsilli valideynlərdən tərbiyə almaları da
təsir göstərir. Əksər hallarda belə valideynlər
uşaqlarına erkən yaşlarından oxumaq hissi
aşılamağa və hər hansı ixtisasın əhəmiyyəti
barədə danışmağa çalışırlar. |
|
Rusiyada müəllimlərin vəzifə sistemi yaradıla
bilər
Müəllimlər
üçün yeni imkan
Rusiyada müəllimlərin vəzifə sistemi yaradıla
bilər. "Uçitelskaya qazeta"nın məlumatına
görə, bu barədə RF təhsil və elm nazirinin
birinci müavini Natalya Tretyak bildirib. "Belə
ki, müəllimin assistenti, müəllim köməkçisi,
müəllim, baş müəllim, rəhbər, ekspert kimi
vəzifələr yarana bilər. Bu, onunla əlaqədardır
ki, pedaqoqların bir çoxu şikayət edirlər ki,
müəllimlik peşəsində heç bir karyera yüksəlişi
anlayışı yoxdur. Baxmayaraq ki, müəllimin
peşəkarlığı onun məktəbdəki fəaliyyətinin I
ilində və bir neçə ildən sonra ciddi şəkildə
fərqlənir. Bundan başqa, müxtəlif funksional
vəzifələri də var və bu, əməkhaqlarının həcminə
təsir etməlidir",- deyə nazir müavini əlavə edib.
Onun sözlərinə görə, yeni sistem daha parlaq
müəllimləri üzə çıxarmağa imkan verəcək. Nazir
müavini bu yeniliyin bütün tədris ili ərzində
pedaqoji cəmiyyətdə geniş müzakirə olunacağını
deyib. |
|
ABŞ-ın Kaliforniya ştatında uşaq bağçaları
icbari olacaq
Yeni
qanun layihəsi hazırlanıb
Kaliforniya Müəllimlər Assosiasiyasının
nümayəndələri qeyd edirlər ki, yeni dərs ilində
məktəb həyatına ilk dəfə ayaq açan birincilərin
əksəriyyəti əldə qələm saxlamaq iqtidarında
deyil və 100-ə qədər saymağı belə bilmirlər.
Əgər valideynlər ibtidai siniflərdə uşaqlarının
uğur qazanmasını istəyirlərsə, uşaq
bağçalarını icbari etmək lazımdır. Kaliforniya
ştatının müəllimləri yerli məmurlarla birlikdə
qanun layihəsi hazırlayıb. Qanuna əsasən uşaq
bağçalarında məşğələlər bundan sonra hər bir
uşaq üçün məcburi olacaq. "Uşaq bağçaları
əvvəllər birinci siniflərə alternativ olub", -
deyə ştatın məktəb departamentinin nümayəndəsi
Telma Beyon bildirib. Onun sözlərinə görə,
əvvəllər məktəbəqədər təhsil müəssisələrinə
gələn uşaqlara ilkin mərhələdə mahnı oxumaq və
rəsm çəkmək vərdişləri öyrədirdilər. Bu gün
isə amerikalı müəllimlər oxu, yazı və
riyaziyyat kimi fənlərə daha çox diqqət
ayırırlar. Buna görə də təhsilin bəhs olunan
mərhələsini keçməyən birincilər üçün ibtidai
siniflərdə xeyli çətinlik yaranır. |
|
Ukrayna 12 illik təhsilə keçir
Yeni
sistemə keçid tədricən baş verəcək
2016-cı ildən başlayaraq Ukrayna məktəblərində
təhsil 12 il davam edəcək. Bu barədə Ukraynanın
təhsil və elm naziri Sergey Kvit bildirib.
"2016-cı ildə ilk dəfə məktəbə gedəcək
birincilər 12 il oxuyacaqlar", - deyən nazir bu
cür islahatın zəruriliyini ölkənin orta təhsil
sisteminə dair mövcud narazılıqların artması ilə
izah edib. "Bizim proqramlar şikayətlər
doğurur, onlar hədsiz yüklənib və maraqsızdır",
- deyə nazir bildirib. Bununla belə o, əlavə
edib ki, mövcud 11 illik təhsil sistemindən 12
illiyə keçid tədricən baş verəcək. İlk növbədə,
məktəbin kadr heyətinin və maddi-texniki
təminatının zəruri hazırlığı işi aparılmalıdır.
|
Oruc
MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat
materialları əsasında |