Kanadanın Alberta Universitetinin tələbəsi Cavid
Əhmədovla söhbət
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
o.mustafayev@muallim.edu.az
Cavid
Rafiq oğlu Əhmədov 1997-ci il aprelin 21-də Bakı
şəhərində anadan olub. İlk təhsilini Bakıdakı
İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyində
alıb. VII sinifdən etibarən təhsilini Ağdaş Özəl Türk
Liseyində davam etdirib. Dünyanın müxtəlif
ölkələrində keçirilən beynəlxalq olimpiadalardan Vətənə
medallarla qayıdıb. Hazırda isə "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində Kanadanın Alberta
Universitetinin kimya mühəndisliyi fakültəsində təhsil
alır, ikinci kurs tələbəsidir. Cavid Əhmədovla
söhbətimizə orta məktəb illərində qazandığı uğurlarla
körpü saldıq.
Olimpiadalar qalibi
Orta məktəb illərində kimya, fizika və riyaziyyata daha
çox maraq göstərmişəm. Liseydə oxuduğum illərdə fənn
olimpiadaları haqqında xeyli məlumat alırdım. Yuxarı
sinif şagirdlərinin müxtəlif səviyyəli bilik
yarışlarında qazandığı uğurlar məni də olimpiadalara
həvəsləndirirdi. Nəticədə kimya elminə qarşı marağım
daha da artdı və məni beynəlxalq olimpiadalarda iştirak
etməyə sövq etdi. 2012-ci ildə İranda keçirilən 9-cu
İJSO olimpiadasına qatıldım və bürünc medal qazandım.
Daha sonralar isə 2013-cü ildə Mendeleyev olimpiadasında
( Özbəkistan) 4-cü yerə, 2013-cü ildə Beynəlxalq Elm
Olimpiadasında (Nigeriya) qızıl medala, 2014-cü ildə
Mendeleyev olimpiadasında (Rusiya) bürünc medala,
Beynəlxalq Kimya Olimpiadasında (Vyetnam) 4-cü yerə
layiq görüldüm. Bundan əlavə, 2012, 2013 və 2014-cü
illərdə respublika kimya olimpiadalarında 4, 3 və 1-ci
yerləri qazandım. 2014-cü ildə Tatarıstanda "Nobelin
ümidləri" olimpiadasında 1-ci yerə layiq görüldüm.
Onuncu sinifdən etibarən dostlarımdan və internetdən
xaricdə təhsil ilə bağlı xeyli məlumat toplamışdım.
Həmçinin qatıldığım təhsil sərgiləri də məni təhsilimi
xaricdə davam etdirməyə sövq etdi. Bu arzuma çatmaqda
müəllimlərim və valideynlərim də məni dəstəklədilər.
Dünyanın aparıcı universitetlərində seçdiyim ixtisas
üzrə keyfiyyətli təhsil almaq istəyirdim. Bu arzumu
reallaşdırmaq məqsədilə Azərbaycan dövlətinin biz
gənclər üçün yaratdığı imkandan bəhrələnməyə çalışdım və
sənədlərimi xaricdə təhsil üzrə Dövlət Proqramına
verdim. Proqrama qəbul olunmağım xəbərini eşidəndə
xaricdə təhsil arzularımın gerçəkləşdiyinə çox sevindim.
Həqiqətən də Dövlət Proqramı gənclərin müxtəlif
ixtisaslar üzrə xaricdə təhsil almalarını təmin edir,
onun ölkənin inkişafının mühüm amilinə çevriləcəyinə
inanıram.
Son illərdə təhsil sahəsində bir sıra təqdirəlayiq işlər
görülür. Bu il Dünya Kimya Olimpiadasının Bakıda
keçirilməsi, ölkəmizdə beynəlxalq elm yarışlarına
diqqətin artırılması, yeni məktəblərin tikilməsi və s.
qeyd edə bilərəm.
"Boş vaxtlarımı bədii ədəbiyyat oxumağa sərf edirəm"
Əsası 1908-ci ildə qoyulmuş Alberta Universiteti (University
of Alberta) Kanadanın Alberta əyalətinin Edmonton
şəhərində yerləşir, əyalətin ən qədim və qabaqcıl ali
təhsil ocağı hesab olunur. Böyük Britaniyanın QS World
University Rankings jurnalının 2014-2015-ci illər üzrə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Alberta Universiteti 200 ən yaxşı ali məktəb arasında
84-cü yerdə qərarlaşıb. Yaşadığım şəhər - Edmonton
yeni salınmışdır və tələbə şəhəri sayılır. Alberta
Universitetində 150 ölkədən 40 minə yaxın tələbə
təhsil alır. Universitetin 15 fakültəsi və 2 kolleci
200 bakalavr və 170 magistr proqramı təqdim edir.
Universitetin 5 kampusu var. Burada tələbələr üçün hər
cür şərait yaradılıb. Təhsil ocağında əcnəbi tələbələrlə
yerli tələbələr arasında heç bir fərq qoyulmur. Qeyd
edim ki, Alberta Universiteti məzunlarının işlə təmin
olunma səviyyəsinə görə ölkədə ən yüksək reytinqə
malikdir. Məzunların 97,2 faizi ali məktəbi bitirdikdən
sonra ilk 6 ay ərzində işlə təmin olunurlar.
Əsasən bütün günümü universitetin kitabxanasında
keçirirəm. Boş vaxtlarımı bədii ədəbiyyat oxumağa,
bəzən də idmanla məşğul olmağa sərf edirəm.
"İmtahanlar çox şəffaf bir şəraitdə keçirilir"
Kanada universitetləri müasir maddi-texniki
avadanlıqlarla tam təchiz edilib və yaxşı kitabxanaları
var. Kanada ali məktəblərinin əsas üstünlüyü elm və
təcrübə ilə sıx əlaqəli olmasıdır. Ümumilikdə isə qeyd
olunmalıdır ki, Kanadanın ali təhsil sistemi ABŞ ali
təhsil sisteminə uyğundur. Və tədris prosesində nəzəri
və praktik biliklərin bir arada öyənilməsi çox önəmli
faktordür.
Universitetdə imtahanlar çox şəffaf bir şəraitdə
keçirilir. İmtahanlar ərəfəsində xüsusi nəzarəti də qeyd
etmək lazımdır. Təhsil ocağında müəllim-tələbə
münasibətləri çox səmimidir. Dərslərdən əlavə, hər
müəllimin xüsusi məsləhət saatları var və bu
vaxtlarda tələbə müəllimdən ona qaranlıq qalan
mövzuların başa salınmasını tələb edə bilər.
Qeyd edim ki, Kanadada təhsil dövründə gəldiyim ən
böyük qənaətlərdən biri budur ki, xaricdə təhsilin bir
sıra üstünlükləri var. Xarici dil öyənmək, fərqli
akademik sistem, dünyagöruşü, iş imkanları və s. buna
misal gətirmək olar. Universitet təhsilini yüksək
qiymətlərlə bitirmiş tələbələr asanlıqla işlə təmin
edilir.
"Azərbaycanın iri neft ölkələri ilə rəqabət aparmasına
mən də öz biliyimi sərf etmək istəyirəm"
Sonda qeyd edim ki, oxuduğum universitet neft-kimya
sahəsi üzrə dünya miqyasında çox irəliləyibdir.
Azərbaycanın iri neft ölkələri ilə rəqabət aparması
üçün mən də bir vətəndaş olaraq öz biliyimi və
savadımı bu işə sərf etmək istəyirəm. Bu mənada
gənclərimizin Dövlət Proqramı tərəfindən seçilmiş
universitetlərdə təhsil almaları daha məntiqə uyğundur.
Və bu gənclər gələcəkdə çox böyük yeniliklərə imza ata
bilərlər. Xaricdə təhsil alan hər bir azərbaycanlı
tələbə öz ölkəsinin inkişafı barədə düşünməli və bu
prosesə öz töhfəsini verməlidir. Seçdiyim ixtisasın
Azərbaycana verəcəyi dividendlərə gəlincə, bunlara neft
emalı sənayesində yeni tətbiqetmələr, yeni istehsalat
metodları və məhsulların yüksək keyfiyyətlə çıxımı kimi
məsələləri qeyd edə bilərəm.
Xaricdə təhsil alan tələbələrimiz həm də ölkəmizin
tanıdılması və mədəniyyətimizin təbliğində də fəal
iştirak etməlidirlər. Biz Kanadada təhsil alan
tələbələr, burada yaşayan azərbaycanlı iş adamları,
diaspora nümayəndələri ölkəmizin tarixi əhəmiyyətli
günlərində (Xocalı soyqırımı, 20 Yanvar faciəsi, Novruz
bayramı və s.) toplanırıq və tanıtım üçün tədbirlər
hazırlayırıq.
Gələcək planlarımdan danışarkən, ilk növbədə, qeyd
etməliyəm ki, hələlik qarşıda 3 illik təhsil həyatı
var. Bakalavrdan sonra magistratura təhsili almağı da
planlaşdırıram. Ancaq ali təhsilimi harada davam
etdirəcəyimə hələlik qərar verməmişəm. Əməyi üzərimdə
olan hər kəsə təşəkkür edirəm. |