Qulu NOVRUZOV,
Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə
fəlsəfə doktoru
Yeni dərs ilinin başlanğıcında sentyabr konfranslarının
keçirilməsi artıq bir ənənə halını almışdır. Başqa
sözlə, sentyabr konfransları özünün məna və
mündəricəsinə görə Azərbaycan təhsilinin əlamətdar
atributlarından birinə çevrilmişdir. Ona görə də
müəllimlər bu günü səbirsizliklə gözləyir, orada bayram
əhvali-ruhiyyəsi ilə iştirak edir, bu tədbirdə daha çox
öyrənməyə səy göstərirlər. Heç şübhəsiz, builki sentyabr
konfransları da müəllimlərin arzu etdikləri bir tədbir
kimi dəyərləndiriləcəkdir. Ona görə ki, konfransların
keçirildiyi 2015-ci il əhatə etdiyi mühim hadisələrlə,
xüsusilə Azərbaycan təhsilinin inkişafına dair zəruri
tədbirlərlə daha qabarıq diqqəti cəlb edir.
Məlum olduğu kimi, Azərbaycan hazırda intensiv təhsil
islahatları dövrünü yaşayır. 1999-cu ildən başlayan bu
islahatlar Azərbaycanın təhsil tarixində müstəqillik
illərinin quruculuq dövrünü əhatə etməklə maraq doğurur.
Azərbaycan təhsilinin demokratik və humanist prinsiplər
əsasında qurulması, humanitar mahiyyət kəsb etməklə məhz
şəxsiyyətin formalaşdırılması amilinə çevrilməsi bu
illərin nailiyyəti kimi dəyərləndirilir. Təhsilin
nəticəyönümlü xarakterinin yaranması onun
inkişafyönümlülüyünü təmin etmək baxımından xüsusi
əhəmiyyət daşıyır. Müəllimlərin yeni pedaqoji
texnologiyalara yiyələnməsi, onları özlərinin fəaliyyət
mexanizminə çevirməsi də məhz bu islahatlar dövründə
qazanılmış nailiyyətlər kimi qəbul edilir.
Müstəqil respublikamızı inkişaf parametrləri üzrə
qabaqcil dünya ölkələri səviyyəsinə yüksəltmək başlıca
məqsəd kimi qarşıda durduğundan bütün fəaliyyətlər də
həmin istiqamətə yönəlmişdir. 2012-ci ildə ölkəmizin
həyatının bütün sahələrindəki perspektivləri
müəyyənləşdirən "Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyası qəbul olundu. Azərbaycanda yeni
təhsil sisteminin formalaşdırılması prioritet
istiqamətlərdən biri kimi xüsusi olaraq göstərildi.
Uzun illərin təcrübəsi göstərir ki, cəmiyyət özünün
uğurlu gələcəyini daha yaxşı təhsil siyasəti aparmaqla
əldə edə bilir. Bunun üçün insanın inkişafını təmin edən
təhsilin ardıcıl tərəqqisi məqsədilə daha geniş
əhəmiyyət daşıyan tədbirlərin nəzərdə tutulması əsas
şərtlərdən hesab edilir. Ona görə də ölkə səviyyəsində
təhsil islahatlarını daha uğurla davam etdirmək, ölkənin
bütün zamanlar üçün iqtisadi, siyasi, mədəni həyatına
dəstək vermək, onu müvəffəqiyyətlərə doğru aparmaq üçün
strateji vəzifələr müəyyənləşdirildi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü
il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nda öz əksini tapan aşağıdakı
vəzifələr mühüm proqram sənədi kimi qarşıya qoyuldu.
1. Səriştəyə əsaslanan təhsil məzmununun yaradılması.
2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan
innovativ təlim metodları və texnologiyaları vasitəsilə
təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən
yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması.
3. Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli
tənzimləmə mexanizmlərinə malik dövlət-ictimai və
dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni
idarəetmə sisteminin formalaşdırılması.
4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili
təmin edən təhsil infrastrukturunun yaradılması.
5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə
olunmaqla yeni maliyələşdirmə mexanizminin yaradılması.
Təhsilin bütün parametrlərdə fəaliyyət sahələrini əhatə
edən bu strateji istiqamətlər əhatəli olmaqla, həm də
yeni yanaşmaları ehtiva edir. Müasir zamanda dünyanı ən
son innovasiyalarına doğru addımlamağa, onları
mənimsəməyə şərait yaradır.
Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci
il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın həyata keçirilməsilə bağlı Fəaliyyət
Planı"nda yuxarıda göstərilən istiqamətlər üzrə
tədbirlər konkretləşdirildi. Azərbaycan Respublikası
Təhsil Nazirliyinin 2015-ci il üçün təsdiq etdiyi
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı
Fəaliyyət Planı"nın icrası üzrə Tədbirlər Planında
başlanğıc ilə (2015-ci ilə) dair konkret tədbirlər
müəyyənləşdirildi və onun həyata keçirilməsinə
başlanıldı. Artıq biz yarım ildən çox bir vaxt ərzində
Dövlət Strategiyasının tələblərindən irəli gələn islahat
tədbirlərinin həyata keçirilməsi prosesində iştirak
edirik. Böyük dövlət əhəmiyyəti olan, həm də milli
mənafeyə xidmət göstərən bu islahat tədbirlərinin
reallaşdırılmasında, təbii ki, hər bir təhsil işçisinin,
o cümlədən sıravi müəllimlərin özünəməxsus vəzifəsi
vardır. Bu vəzifələrin yerinə yetirilməsi hər kəsin
özünütəftiş, özünüqiymətləndirmə və özünüyeniləşdirmə
mərhələsindən keçir. Ona görə də təhsil işçilərinin
sentyabr konfranslarında Dövlət Strategiyasından irəli
gələn və Azərbaycan Respublikası Təhsil Nazirliyinin
tədbirlər planında müəyyən olunmuş vəzifələrdən
danışılmalı, yeni təhsil siyasətinin dərk olunması, yeni
təhsil sisteminin qurulması ətrafında diskussiyalar
təşkil edilməlidir. Müasir zamanda zəruri hesab edilən
təhsil innovasiyalarının dəstəklənməsi və inkişaf
etdirilməsi üçün mənəvi-psixoloji, pedaqoji mühitin
formalaşdırılması istiqamətində iş aparılmalıdır.
Məlum olduğu kimi, müasir məktəb zamanın tələbinə uyğun
olaraq dəyişir. Artıq İnkişaf Konsepsiyasına uyğun
olaraq şagirdlərin idrak fəallığını, ümumi inkişafını
ləngidən mövcud "yaddaş məktəbi"ndən "təfəkkür və
düşüncə məktəbi"nə keçidin təmin olunması məqsədi ilə
tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Heç
şübhəsiz, bu uğurlu başlanğıcın davam etdirilməsində
ölkəmizin böyük müəllimlər ordusunun fəal iştirakı,
onların bir praktik müəllim kimi yaradıcılıq töhfələri
daha çox əhəmiyyət daşıyır. Çünki müasir zamanda aktual
hesab edilən təhsil mexanizmlərinin əsasında yeni
sistemin formalaşdırılması, bu prosesdə sosial
sifarişlərin nəzərə alınması vacib tələblər hesab edilir.
Bunun üçün geniş müəllimlər auditoriyasını dinləmək,
məhsuldar diskusiya və müzakirələr təşkil etmək ən
optimal yollardan sayılır.
Göründüyü kimi, innovasiyalara aparan bütün tədbirlərin
məzmununda təhsilin yenidən qurulması, yeni strukturun
yaradılması ideyası dayanır. Bu isə istər-istəməz əsas
pedaqoji anlayışlardan biri kimi təhsilin özünün artıq
yeniləşdiyini, yeni məna kəsb etdiyini göstərir. Bu gün
təhsilə sadəcə təlim-tərbiyə prosesinin nəticəsi kimi
yanaşmaq onun müasir şəraitdə funksiyalarını
məhdudlaşdırmaq deməkdir. Artıq xeyli vaxtdır ki, yeni
pedaqoji yanaşmalarda təhsilin nəticə ilə yanaşı, sistem,
proses, dəyər olması barədə fikirlər söylənilir.
Düşünmək olar ki, təhsil anlayışının yeni semantikada
qəbul olunması, müasir pedaqoji təfəkkürün
formalaşdırılması və yeni təhsil texnologiyalarının
yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bundan
əlavə, o həm də təhsilin keyfiyyət səviyyəsinin müəyyən
olunmasında istinad olunmali məqam kimi vacib hesab
edilir. Çünki bu gün təhsil nailiyyətlərində sadəcə
deklorativ biliklərin öyrənilməsi deyil, əldə olunmuş
dəyərlərin mənimsənilməsi səviyyəsinin
müəyyənləşdirilməsi önəmli hesab edilir. Bu dəyəryönümlü
təhsilin yaradılmasında ona aksialoji yanaşma tərzinin
əsas əlaməti kimi özünü göstərir. Azərbaycan
Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarov ANS
televiziyasına verdiyi müsahibəsində Azərbaycanda gedən
təhsil quruculuğunda təhsilə dəyər kimi yanaşılmasını
belə ifadə edir: "Biz təhsili dəyər kimi qəbul edirik".
Təhsil bu gün bir sosial fenomen kimi dəyər olması ilə
daha çox əhəmiyyət daşıyır və cəmiyyətin bütün
sahələrində iştirak edir.
Eləcə də digər pedqoji anlayışların mahiyyət və
məzmununda müəyyən dəyişikliklərin aparılmasına gətirib
çıxara bilər. Belə ki, "təhsilin məzmunu", "təlimin
məzmunu", "tədrisin məzmunu", "təhsil texnologiyaları",
"pedaqoji texnologiyalar", "təlim texnologiyaları",
"təlim strategiyaları" və sair pedaqoji anlayışlar
müasir məktəbin ehtiyacları baxımından özünün şərhini
tapmaqla yeni pedaqoji təfəkkürün elementləri arasında
yer tuta bilər. Bunun üçün isə müəllim müzakirələrinin
təşkil olunmasına və təkliflərin ümumiləşdirilməsinə
ehtiyac vardır.
Ölkəmizin təhsil siyasətində Dövlət Strategiyasından
irəli gələn vəzifələrdən biri gündəmdə dayanan 12 illik
təhsilə keçid məsələsidir. Artıq dünyanın inkişaf etmiş
ölkələrinin əksəriyyətində 12 illik ümumi təhsilin
optimal şəbəkəsinin yaradılması sahəsində xeyli təcrübə
toplanmışdır. Ümumi təhsilin cəmiyyətin hazırkı
tələbatına uyğun olaraq dəyəryönümlü qurulması onun
şəxsiyyətin formalaşması istiqamətində əsas baza rolunu
oynayan funksiyasından irəli gəlir. Bu mənada ölkəmizdə
aparılan islahatyönümlü işlərin biri kimi 12 illik
təhsilin modelinin yaradılması, məzmun və strukturunun
hazırlanması istiqamətində müzakirələr aparılır. Təbii
ki, bu müzakirələrdə millilik gözlənilməklə qlobal
dünyanın müasir hesab etdiyi tələblərə cavab verən
ideyaların aparıcı olması vacib şərt kimi diqqət
mərkəzində dayanacaqdır. Şagird şəxsiyyətinin inkişafını
nəzərə alan və ona təminat verən inteqrativlik mühüm
xüsusiyyət kimi diqqət mərkəzində saxlanılacaqdır. Ən
başlıcası ümumi təhslilin məzmununda milli
atributlarımız hesab edilən Azərbaycan dilinin,
ədəbiyyatının, tarixinin, coğrafiyasının və
adət-ənənələrinin, bütövlükdə azərbaycançılığın
öyrənilməsinə xüsusi yer ayrılacaqdır.
Ümumi təhsilin mühüm pedaqoji məsələlərindən biri kimi
tam orta təhsilin təmayülləşməsi məsələsi dayanır. Bu
sahədə əldə olunmuş xeyli təcrübələrimiz vardır. Artıq
2011-ci ildən Bakıdakı beş məktəbdə tam orta təhsilin
təmayülləşməsi üzrə pilot layihəsi tətbiq olunmağa
başlayıb. Sonralar həmin məktəblərin sırasına üç məktəb
də əlavə olunub. Bu məktəblər üçün xüsusi tədris
planları hazırlanaraq təsdiq edilib. Orada ilk dəfə
fənlərin sayı 18-dən 13-ə endirilib. Azərbaycan
Respublikası təhsil nazirinin 2015-ci il 8 iyun tarixli
əmri ilə 2015-2016-cı dərs ilində tədrisi təmayüllər
üzrə təşkil olunan təhsil müəssisələrinin siyahısına
Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində
yerləşən 50 məktəbin də adı əlavə olunub. Bu
məktəblərdə 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat,
humanitar, təbiət) istiqamətində təhsilin təşkil
olunması nəzərdə tutulub. Həmin məktəblərdə fənlərin
sayı texniki təmayüllü siniflərdə 9,
riyaziyyat-iqtisadiyyat və humanitar təmayüllü
siniflərdə 8, təbiət təmayüllü siniflərdə 10-dək
azaldılıb. Təmayül istiqamətlərindən asılı olmayaraq
tədris planlarında Azərbaycan dili (rus bölməsində rus
dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan
tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki
hazırlığı fənləri saxlanılıb.
12 illiyə keçidin müzakirə olunduğu bir mərhələdə belə
bir təcrübənin yaranması və davam etdirilməsi ümumi
təhsilin infrastrukturunda dəyişikliklərin daha
əsaslı, təcrübədən irəli gələn obyektiv fikirlərin
üzərində qurulmasına imkan verəcəkdir. Ona görə də
sentyabr konfranslarında qazanılmış təcrübəni analitik
süzgəcdən keçirməklə ona münasibət bildirmək, eyni
zamanda, sayı 50-yə çatmış ümumtəhsil məktəbinin
fəaliyyətinin qurulması nümunəsində təcrübə və fikir
mübadiləsi aparmaq perspektiv fəaliyyətlərin
istiqamətlərini müəyyənləşdirməkdə faydalı olacaqdır.
Sentyabr konfranslarında yeni dərs ilində istifadə
olunacaq məzmun üzərində xüsusi dayanılmalı, məktəbə
təqdim olunan yeni tədris planları ətrafında söhbətlər
aparılmalıdır.
Məlum olduğu kimi, 2014-2015-ci dərs ilində ümumtəhsil
məktəblərinin I-VIII siniflərində 2010-cu ildə təsdiq
olunmuş "Ümumi təhsil pilləsinin dövlət standartı və
proqramları (kurikulumları)" və IX-XI siniflərdə isə
1999-cu ildə qəbul edilmiş "Azərbaycan Respublikasında
ümumi təhsilin dövlət standartları" tətbiq olunacaqdır.
Ona görə də mütəxəssislərin, eləcə də müəllimlərin
diqqəti tədricən yeni təhsil standartı və proqramlarının
(kurikulumların) başlıca xüsusiyyətlərinə yönəldilməli,
onların xarakterik cəhətlərindən danışılmalıdır.
Xüsusilə ilk dəfə VIII sinifdə yeni təhsil
proqramlarının tətbiq olunmasından bəhs olunmalı, yeni
standartların reallaşdırılmasına dair tövsiyələr
verilməlidir.
Azərbaycan Respublikası təhsil nazirinin 22 iyun 2015-ci
il tarixli, 690 ¹ -li əmrlə təsdiq olunmuş tədris
planına əsasən VIII sinifdə 17 fənnin tədris edilməsi
nəzərdə tutulur. Bu sinifdə kimya fənninin tədrisinin
ikinci ili olacaqdır. Ümumi tarix, fizika, biologiya və
coğrafiya fənlərinin isə artıq üçüncü il tədris olunması
müşahidə ediləcəkdir. Adıçəkilən fənlər üzrə müqayisədə
az təcrübə toplansa da, müzakirələr aparmaq üçün xeyli
məsələlərin toplandığı şübhəsizdir. Ona görə də sentyabr
konfranslarında VIII siniflə bağlı diskussiyaların
təşkil olunması, bu zaman təcrübəli müəllimlərin
çıxışlarına imkan yaradılması əhəmiyyətli hesab edilir.
Artıq yeddi ildir ki, məktəblərimizdə yeni təhsil
proqramları tətbiq olunmaqdadır. İlkin müşahidələr onu
göstərir ki, müəllimlərin yeni texnologiyaların tətbiq
olunması sahəsində nailiyyətləri çoxdur. Onlar istər
fəal təlim auditoriyalarının qurulması, istərsə də
şagirdlərin inkişafının təmin olunması baxımından xeyli
irəliləyişlər əldə etmişlər.
Lakin müşahidələr onu göstərir ki, müəllimlərin daha çox
müzakirəyə ehtiyac duyduğu məsələlərdən biri şagird
nailiyyətlərinin qiymətləndirilməsi məsələləridir. Bu
gün təhsil standartlarının meydanda olması, eləcə də
ölkə səviyyəsində müvafiq normativ-hüquqi bazanın
yaradılması müsbət hal kimi qiymətləndirilməli, onlar
haqqında müəllimlərə bir daha bilgilər verməklə
qiymətləndirmə sahəsində müəllimlərin savadlılığının
yüksəldilməsinə diqqət yetirilməlidir. Şagird
nailiyyətlərinin qiymətləndirilməsinə (diaqnostik,
formativ, summativ) dair praktik nümunələr üzərində iş
aparılmalıdır.
Müasir zamanda dünya təhsilinin humanist prinsiplər
əsasında qurulması işinin ən önəmli tədbirlərindən biri
təhsildə bərabər şəraitin yaradılması hesab olunur. Bu
baxımdan inklüziv təhsilin bir sistem olaraq həyata
keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Ona görə də,
dünyada olduğu kimi, Azərbaycanda da bu humanist təhsil
ideyasının reallaşdırılması istiqamətində iş aparılır.
İlk növbədə, bu problemin Azərbaycan müstəvisində
reallıqlarının öyrənilməsi, onun elmi-pedaqoji və
təcrübi istiqamətlərdə həlli yollarının araşdırılması
xüsusi tədqiqat tələb edir. Elə bu səbəbdən də Təhsil
Problemləri İnstitutunun yeni strukturunda xüsusi bir
şöbə (İnklüziv təhsil) yaradılmışdır. Artıq orada Dövlət
Strategiyasından irəli gələn və xüsusi təhsilin
elmi-pedaqoji, psixoloji əsasları ilə bağlı
araşdırmalara başlanılmışdır.
Təhsilin özünəməxsus cəhəti ondan ibarətdir ki, təcrübə
hec də elmin qənaətlərini gözləməklə fəaliyyətini
dondurub, saxlaya bilmir. Əksinə, cəmiyyətin özünün
sosial qayğılarından qaynaqlanan problemlərini diktə
etməklə onları gündəmə gətirir, təcrübənin axarına
buraxır. Bu prosesdə təcrübə ilə araşdırmanın uzlaşan
məqamlarını tapmaq, onların faydalı qarşılıqlı
əlaqələrini təşkil etmək əsas tələblərdən biri kimi
meydana çıxır. İndi ölkəmizdə də belə bir vəziyyət
yaranmışdır. Təhsil Nazirliyində "İbtidai təhsilin
səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi" pilot
layihəsinin icrasına başlanmışdır. Layihə 2015-2016-cı
tədris ilində Bakı şəhərində yerləşən 220 və 138 nömrəli
məktəblərdən seçilmiş dörd birinci sinifdə sınaqdan
keçiriləcəkdir.
Bütövlükdə ölkəmiz üçün son dərəcə vacib olan bu
ideyanın reallaşdırılması baxımından görüləcək işlərimiz
çoxdur. İlk növbədə, təlim şəraitinin yaradılması,
Azərbaycan şəraitində bu məsələyə maraqlı olan
tərəflərin uyğunlaşması və prosesə bir vətəndaş kimi
yanaşaraq dəstək verilməsi, eləcə də inklüziv təhsillə
bağlı mütəmadi maarifləndirmə işlərinin aparılması hər
kəsi düşündürməlidir. Xüsusən sentyabr konfranslarında
bu problemin ətrafında söhbət açılmalı, mövcud durum,
imkan və perspektivlərdən danışılmalıdır.
İstedadlı uşaqlarla iş də Azərbaycan təhsilinin daimi
gündəmində qalan məsələlərdəndir. Əgər nəzərə alınsa ki,
hər bir xalqın inkişafında onun istedadlı nümayəndələri
həlledici rol oynayır, o zaman milli təhsil sistemində
fəaliyyətlər qurularkən istedadlıların öndə, daha çox
diqqət mərkəzində dayanmalarını daha aydın təsəvvür
etmək olar. Müasir zamanda istedadlıların
müəyyənləşdirilməsi üçün böyük qayğının olmasına ehtiyac
vardır. Demək olar ki, bütün müəllimlər istedad
fenomeninin axtarışında olmaqla sayıqlıq nümayiş
etdirməli, istedadlılar seçildikdən sonra onlarla
aparılan işlərin məzmunu konkretləşdirilməlidir. Hər bir
müəllim unutmamalıdır ki, istedadlı uşaqlarla
işləyərkən onların potensial imkanlarını meydana
çıxarmaq, daha çox inkişafını təmin etmək mühüm dövlət
tələbləri kimi qarşıda dayanır. Bu tələbin yerinə
yetirilməsində o, vətəndaş məsuliyyəti daşıyır. Ona görə
də sentyabr konfranslarında bu vacib məsələ ətrafında da
müzakirə aparmaq tövsiyə olunur.
Bu gün müəllimlərin ixtisasının artırılması prosesində
məhz yüksək peşəkarlığı olan müəllimlərimiz iştirak
edirlər. Lakin bütün bunlarla yanaşı, bəzi çətinliklər
hələ də qalmaqdadır ki, onların müəyyən qismi yeni
standartlar üzərində işləməklə bağlıdır. Bilavasitə
yaradıcılıq tələb edən bu iş müəllimdən həm də
konstruktiv bacarıqlara malik olmağı, tədqiqatçılığı ilə
fəaliyyətini zənginləşdirməyi zəruri şərt kimi irəli
sürür.
Bundan əlavə, müəllim fəaliyyətinin yenidən qurulmasında
əsas maneələrdən biri qazanılmış ənənəvi bacarıqların
fonunda yaranan stereotiplərdir. Onlar həm müəllimin
yeniliyə olan inamına mənfi təsir göstərir, həm də
fəaliyyətini ənənəvi mexanizmlər əsasında
məhdudlaşdırır.
Bu gün müəllimlərin kommunikativ bacarıqlarının
formalaşdırılması istiqamətində iş aparılması tələb
olunur.
Yeni məktəbin yeni müəllimi özünün funksiyaları ilə
işlədiyi pedaqoji mühitə yeni ab-hava gətirir.
Şagirdinin meyil və maraqları əsasında fəaliyyət
göstərən bu müəllimlərin uğurlarının əsasında onların
ünsiyyət mədəniyyəti dayanır. Müəllimlər təlim prosesini
daha maraqlı və effektli qurmaq üçün göstərişləri
məsləhətlər və tövsiyələrlə, istiqamətverici
fəaliyyətlərlə əvəz etməli olurlar.
Müzakirələrdə şagird şəxsiyyəti və onun inkişafının
nəzərə alınması da zəruri şərtlərdən biri kimi əsas
götürülməlidir. Təcrübələr göstərir ki, müasir məktəbin
şagirdlərinin diqqətini daha çox maraq effekti cəlb edir.
Başqa sözlə, onlar maraqlanmadıqları məsələlərdən uzaq
qaçmaqla özlərinin istəklərini büruzə verirlər. Belə
olduğu təqdirdə müəllim daha çox diqqət göstərməklə
şagirdinin fərdi-intellektual maraq və ehtiyaclarını
nəzərdə saxlamalıdır. Təlim materiallarının
seçilməsində, dərs məşğələlərinin qurulmasında, hətta
evə müəyyən tapşırıqların verilməsində şagird amilini ön
planda saxlamalı, onun əlavə təlim yükü ilə
yüklənməsinin qarşısını almağa çalışmalıdır.
Dərslik özünün funksiyasına görə tədris resursları
içərisində xüsusi yer tutur. Ümumtəhsil məktəbi
şagirdlərinin inkişafının istiqamətləndirilməsi və təmin
olunmasında onun imkanlarına daha çox istinad edilir.
Təhsil islahatlarının həyata keçirildiyi hazırkı
şəraitdə dərsliyin keyfiyyətinin yüksəldilməsi sahəsində
siyasət davam etdirilməklə dövlətin ona olan diqqəti
daha da artırılmaqdadır. Yeni təhsil proqramlarının
(kurikulumlarının) tətbiqi prosesində onların tələbinə
uyğun olan dərsliklər hazırlanmaqdadır. Son məlumatlara
görə, 2015-2016-cı dərs ilinə ölkənin ümumtəhsil
məktəblərinin IV,VI və VIII sinifləri üçün dövlət
vəsaiti hesabına 141 adda 4095370 dərslik və müəllim
üçün metodik vəsait çap olunmuşdur. Yalnız yeni
kurikulumların tətbiq olunduğu VIII siniflər üçün 70
adda ( 7062080 nüsxə) yeni dərslik və müəllim üçün
metodik vəsait hazırlanaraq nəşr edilmişdir. Eyni
zamanda IX siniflər üçün kurikulum əsasında yeni
dərslik və müəllim vəsaitlərinin hazırlanması məqsədilə
hazırlıq işləri aparılmaqdadır.
Dərslik təlimin məzmununu ifadə edən mühüm
komponentlərdən biri kimi həmişə müəllim və şagirdlərin
də maraq obyektində dayanmış, müzakirələrə səbəb
olmuşdur. Bu gün də belə müzakirələrin davam etməsi
təbii hesab edilməlidir. Xüsusilə yeni təhsil
proqramlarının tələbinə uyğun intellekt dərsliklərinin
hazırlanması və onunla işləmək təcrübəsinin məhdud
olduğu bir dövrdə belə müzakirələrin olması ondan
istifadə edənləri elmi müstəvidə konkretliyə aparmaqla,
optimallığın gücləndirilməsinə istiqamətləndirə bilər.
Ona görə də vahid dərslik əsasında variativ
texnologiyaların hazırlanması və müxtəlif şəraitlərdə
onların tətbiq olunması barədə mülahizələrə geniş yer
ayrılmalıdır. Standartlarda nəzərdə tutulmuş tələblərin
reallaşdırılması naminə dərsliklərdən yaradıcılıqla
istifadə olunması barədə müəllimlərə bilgilər
verilməlidir.
Məktəbdə uğurlu təhsil addımlarını təmin etmək üçün bu
işə ailənin cəlb olunması vacib şərtlərdən biri hesab
edilir. Ümumiyyətlə, valideyn təhsil prosesində maraqlı
tərəflərdən biri kimi çıxış etməklə övladının təhsilinə
özünün tələbləri daxilində yanaşır. Təcrübələr göstərir
ki, onun sadəcə tələbkar yanaşma tərzi uşaqların
öyrənməsi prosesində stimullaşdırıcı təsir bağışlamır.
Belə yanaşma tərzi müasir məktəbin və müəllimin
tələbləri baxımından da məqbul qarşılanmır. Çünki müasir
dövrdə şagirdin bir vətəndaş kimi hazırlanmasında
məktəblə yanaşı, onunla bərabər səviyyədə ailənin də
rolu xüsusi əhəmiyyət daşıyır. Ailə övladının məktəb
təhsili almasında, bu işin düzgün təşkilində və
aparılmasında həlledici tərəf kimi çıxış edir. Ona görə
də ailə məktəbdəki təhsil prosesinə fəal tərəfdaş kimi
qoşulmağı özünün mühüm vəzifələrindən biri kimi
dəyərləndirməlidir.
Müasir məktəbin inkişafında keyfiyyət dəyişikliklərinə
nail olmaq üçün onun idarə olunması məsələləri də
sentyabr konfranslarında müzakirə olunmalıdır. Daha çox
demokratik və humanist prinsiplərə istinad olunmaqla,
yeni idarəetmə mexanizmlərindən danışılmalı, onun
pedaqoji prinsiplərinin praktik yöndən şərhi
aparılmalıdır. Məsuliyyətin düzgün bölüşdürülməsi
üzərində dayanılmalı, ciddi hesabatlılıq sistemi
yaradılmasından və ardıcıl şəkildə inkişafın monitorinqi
aparılmaqla, nəticələrin təhlil olunaraq
yekunlaşdırılması və inkişafetdirici qərarların qəbul
edilməsindən bəhs olunmalıdır.
Ötən tədris ilində respublikamızın təhsil işçiləri üçün
maarifləndirici zona müşavirələri təşkil olunmuş, orada
600-dən çox təhsil mütəxəssisi, meneceri əhatə
edilmişdir. Bu tədbirlərdəki müasir təhsil
innovasiyalarına aid edilən məruzələrdə daha çox yerli
ehtiyac və tələbatlar nəzərə alınmış, meydana çıxan
çoxsaylı suallar ətrafında geniş müzakirələr
aparılmışdır. Beş bölgədə keçirilən bu böyük tədbirdən
alınan ilkin nəticələr ondan ibarət olmuşdur ki, müasir
təhsil texnologiyalarının səmərəli tətbiq olunması üçün
müəllim peşəkarlığı ardıcıl və sistemli olaraq
yüksəldilməli, onların uğurlu fəaliyyətini tənzimləyən
stimullaşdırıcı əməkhaqqı sistemi yaradılmalıdır. Bundan
əlavə, müəllim və şagird fəaliyyətini təmin edən
məktəbin resurs bazası zənginləşdirilməlidir. Ən
başlıcası peşəkarlığın yüksəldilməsi, tədris, təlim
keyfiyyətinin artırılması məqsədi ilə pedaqoji,
psixoloji və metodik əsaslara söykənən metodik yardımın
təminatı yaradılmalıdır. Heç şübhəsiz, builki sentyabr
konfranslarında da təhsil işçilərinin belə
müzakirələrinə rəvac verilməli, istər bölgələr üzrə
yerlərdə, istərsə də mərkəzləşdirilmiş qaydada konkret
tədbirlərin həyata keçirilməsi üçün təkliflər
hazırlanmalıdır.
Yeni dərs ilində yeni vəzifələr haqqında daha çox
danışmaq mümkündür. Lakin bütövlükdə onları bir məqalə
həcmində əhatə etmək imkan xaricindədir. Ona görə də
sentyabr konfranslarının gedişi prosesində daha çox
məsələlərin gündəmə gətirilərək müzakirə olunacağı
arzusu ilə bütün iştirakçıları yeni dərs ili
münasibətilə təbrik edir, onlara gələcək pedaqoji
fəaliyyətlərində uğurlar diləyirik. |