Azərbaycan
Dillər Universitetinin (ADU) İnformasiya Resurs
Kompleksində (İRK) ABŞ-ın Kanzas ştatının nümayəndə
heyəti ilə görüş keçirilib. Görüşdə ADU-nun rektoru,
Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli
Məclisin deputatı Asim Mollazadə və universitetin
professor-müəllim heyəti iştirak ediblər.
Rektor, professor Səməd Seyidov qonaqları salamlayaraq
onları universitetdə görməkdən məmnun olduğunu dilə
gətirib. Universitet haqqında qonaqlara məlumat verən
rektor burada 22 dilin tədris olunduğunu qeyd edib.
Rektor eyni zamanda universitetdə fəaliyyət göstərən
müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzləri haqqında
məlumat verib.
ADU-nun İnformasiya Resurs Kompleksinin nəzdindəki
Amerika Mərkəzinin fəaliyyətindən söz açan rektor
buradan nəinki ADU tələbələrinin, eyni zamanda digər
universitetlərin tələbələrinin də istifadə etdiklərini
vurğulayıb. Rektor hər il Amerika Birləşmiş Ştatlarının
öndə gedən universitetlərində təhsil alan bir qrup
tələbənin ADU-da Azərbaycan dilini, mədəniyyətini,
tarixini öyrəndiklərini qonaqların diqqətinə çatdırıb.
Milli Məclisin deputatı Asim Mollazadə ölkələrarası
əlaqələrin təhsil sahəsində də uğurlu olduğunu bildirib.
O, qonaqlara Azərbaycanın tarixini, mədəniyyətini,
incəsənətini əks etdirən materiallar və CD təqdim edib.
Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə
Qəribova Amerika Birləşmiş Ştatlarının bir neçə
universiteti ilə ADU-nun əməkdaşlıq etdiyini bildirib.
Professor ABŞ-ın İndiana Universitetində amerikalı
tələbələrə Azərbaycan dilinin tədris olunduğunu
vurğulayıb.
ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla
Xudiyeva qonaqlara İRK haqqında ətraflı məlumat verib.
Səmimi qəbula görə təşəkkür edən qonaqlar universitetdə
olmaqdan məmnun qaldıqlarını dilə gətiriblər. Onlar belə
görüşlərin ölkələrarası əlaqələrin inkişafında mühüm rol
oynadığını bildiriblər.
Görüşdən sonra qonaqlar İnformasiya Resurs Kompleksinin
fəaliyyəti ilə yaxından tanış olublar.
ADU-nun İctimaiyyətlə əlaqələr departamenti
|