Avqustun
27-də BDU-da Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat
İnstitutunun təşkilatçılığı ilə "Sənaye Tətbiqli
İdarəetmə və Optimallaşdırma-2015" adlı 5-ci Beynəlxalq
elmi konfrans öz işinə başlayıb. Konfransı giriş sözü
ilə açan rabitə və yüksək texnologiyalar naziri Əli
Abbasov beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin
sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin geniş
müzakirə ediləcəyindən danışıb.
Sonra çıxış edən universitetin rektoru, akademik Abel
Məhərrəmov optimallaşdırma və idarəetmənin hazırda
dünyanın ən aparıcı və aktual elm sahələrindən biri
olduğunu deyib. O, vurğulayıb ki, elmin elə sahəsi
yoxdur ki, orada məsələnin optimal həllinin tapılması,
verilən prosesin "ən yaxşı" şəkildə idarə olunması tələb
olunmasın. Rektor, son dövrlərdə hər il ərzində Bakı
Dövlət Universitetinin alimləri tərəfindən elm və təhsil
sahəsində 90-a qədər proqram və qrant layihəsinin həyata
keçirildiyini bildirib. Onun sözlərinə görə, universitet
alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl
universitetləri ilə bərabər yerinə yetirilir və dünya
elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir.
Akademik Abel Məhərrəmov onu da qeyd edib ki, bu gün
Bakı Dövlət Universiteti dünyanın 60 ölkəsinin 300-dən
çox universiteti ilə əməkdaşlıq haqqında müqavilə
imzalayıb, bir çox nüfuzlu assosiasiyaların üzvüdür və
beynəlxalq reytinq cədvəllərində öndə gedir.
Təhsil nazirinin müavini Firudin Qurbanov vurğulayıb ki,
Bakıda keçirilən hər bir elmi konfrans ölkəmizin ictimai
həyatında mühüm hadisə kimi dəyərləndirilməlidir. BDU-da
təşkil edilən bu tədbir çox mühüm məsələyə həsr
olunduğuna görə aktualdır. Nazir müavini bildirib ki, 26
ölkədən alimlərin iştirak etdikləri beynəlxalq tədbir bu
sahədə dünyada aparılan tədqiqatların inkişafına, elm
adamları arasında əlaqələrin genişlənməsinə təkan
verəcək. Konfransın Bakıda keçirilməsi həm də Azərbaycan
elminin inkişafına və təbliğinə mühüm təsir göstərə
bilər.
Firudin Qurbanov ölkəmizdə elm və təhsilin inkişafının
daim diqqət mərkəzində olduğunu, son dövrlərdə bu sahədə
böyük islahatların aparıldığını, bir sıra mühüm dövlət
sənədlərinin qəbul edildiyini diqqətə çatdırıb.
Konfransın beynəlxalq proqram komitəsinin sədri,
ukraynalı professor Vladimir Larin, İllinoys
Universitetinin professoru Tamer Başar, rusiyalı alim
Yuri Yevtuşenko, amerikalı professor Stefen Boyd çıxış
ediblər.
Tədbirdə rabitə və yüksək texnologiyalar naziri,
akademik Əli Abbasova "Universitetin dostu", xarici
alimlərdən bir qrupuna "Universitetin fəxri qonağı"
mükafatları təqdim olunub.
Daha sonra konfrans işini sessiyalarda davam etdirib.
"Nəzarət və optimallaşdırma", "Qlobal optimallaşdırma",
"Forma optimallaşdırma", "İdentifikasiya və əksinə
problemlərdə optimallaşdırma metodları", "İntellektual
və qeyri-səlis nəzarət", "Optimal nəzarətin ədədi
üsulları", "Tətbiqi proqramlar", "Şəbəkə və
telekommunikasiya sistemləri", "Neft sənayesi", "İqtisadiyyat",
"Riyazi modelləşdirmə" mövzularında bölmə iclaslarında
alim və mütəxəssislər mövzuya dair məruzələrlə çıxış
edib, geniş fikir mübadiləsi aparıblar.
Dünyanın 26 ölkəsindən 277 alimin qeydiyyatdan keçdiyi
konfransın gedişində 200-ə qədər məruzə ediləcəyi
gözlənilir.
BDU-nun Mətbuat və informasiya şöbəsi |