Yeni tədris ilində "ADA" Universitetində bakalavr və
magistr pillələrində 40 ölkədən 103 tələbə təhsil alacaq.
Onlardan 52-si Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyi tərəfindən maliyyələşən "Əlimərdan bəy
Topçubaşov" təqaüdünü qazanıb. Səkkiz nəfər isə "ADA"
Universitetinin beynəlxalq tərəfdaşları olan ali təhsil
müəssisələri, o cümlədən Fransanın İESEG menecment
məktəbi, Böyük Britaniyanın Qlazqo, Koreya
Respublikasının Hankuk, ABŞ-ın Miçiqan və Türkiyənin
Giresun universitetləri ilə mübadilə proqramları
çərçivəsində gələn tələbələrdir.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, "Qlobal
liderlik" fəlsəfə sütunlarından biri olan "ADA"
Universitetində tədris prosesinin beynəlmiləl olmasına
böyük əhəmiyyət verilir. Belə ki, bu ali təhsil
müəssisəsinin təkcə tələbələri deyil, professor-müəllim
heyətinin də bir qismi xarici mütəxəssislərdən
ibarətdir.
Universitetin hökumət, beynəlxalq münasibətlər və tələbə
məsələləri üzrə prorektoru Fariz İsmayılzadənin
sözlərinə görə, məqsəd innovativ təhsil verməklə yanaşı,
təkcə bölgədə deyil, bütün dünyada müsbət
dəyişikliklərin aparıcı qüvvəsinə çevriləcək məzunlar
hazırlamaqdır: "ADA" Universitetinin beynəlxalq
tələbələrinin coğrafiyası bu il bir qədər də
genişlənərək Əlcəzair, Kolumbiya, Misir, İtaliya,
Hindistan, İraq, Almaniya kimi ölkələri əhatə edib. Bu
da "ADA" Universitetinin və Azərbaycanda verilən
təhsilin təkcə bölgədə deyil, bütün dünyada tanınmağa
başladığından xəbər verir". |