Avqustun
26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri
və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin
sakinləri üçün növbəti şənlik təşkil olunub.
AZƏRTAC xəbər verir ki, şənlik Nizami rayonundakı 1,
Xətai rayonundakı 3, Suraxanı rayonundakı 2 nömrəli uşaq
evlərindən və Daun Sindromlu Uşaqların Reabilitasiya
Mərkəzindən 200-dək uşağı bir araya gətirib. Xüsusi
avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları
qarşıladılar. Şənlik çərçivəsində uşaqlar yay günlərinin
xoş ovqatını və qayğısız anlarını yaşadılar.
Balacalara xas hədsiz səmimiyyət və sevinclə əylənən
uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan
uşaqlar müxtəlif oyunlara qatıldılar, ətrafdakılarla
sevinclərini bölüşdülər. Onlar idman oyunlarında,
əyləncəli proqramlarda, yarışlarda böyük həvəslə iştirak
etdilər.
Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin
hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif
humanitar aksiyaları fəaliyyətinin prioritet
istiqamətləri kimi müəyyənləşdirən Heydər Əliyev Fondu
paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə növbəti
hədiyyəsini bəxş etdi, mənalı və unudulmaz bir gün
yaşatdı.
Tədbirdə balacalar üçün əsl bayram ab-havası yaradıldı.
Uşaqlar müxtəlif rəqslər, mahnılar ifa etdilər,
məharətlərini göstərdilər. Heydər Əliyev Fondunun həyata
keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bu
şənlik uşaqları ürəkdən sevindirdi.
Fondun himayəsi altında uşaqlarla bağlı həyata keçirilən
aksiyalar məcburi köçkün ailələrindən olan, həmçinin
diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən
balacalara yardım, respublikadakı uşaq evlərinin və
internat məktəblərinin əsaslı şəkildə yenidən
qurulmasına, buradakı uşaqlarla bağlı müxtəlif
layihələrin həyata keçirilməsinə, yeni məktəb
binalarının tikilməsinə yönəlib.
Uşaq evlərinin sakinlərinə və xüsusi qayğıya ehtiyacı
olanlara hər zaman həssaslıqla yanaşan Heydər Əliyev
Fondu bu dəfə də balacaları hədiyyələrlə sevindirdi. |