2015-ci il 12-14 avqust tarixlərində Rusiya Federasiyası
Tatarıstan Respublikasının Elabuqa şəhərində VI
Beynəlxalq Müəllimlər Festivalı keçirilib. Rusiya Elm və
Təhsil Nazirliyinin Kazan Federal Universitetinin (KFU)
Elabuqa İnstitutunda təşkil olunmuş festivalda Almaniya,
İsrail, Tailand, Fransa, ABŞ, İsveçrə, Moldova, Rusiya,
Belarus və b. ölkələrdən 500-dən çox təhsil işçisi
iştirak edib.
Beynəlxalq tədbirdə ölkəmizi Təhsil Problemləri
İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya
şöbəsinin müdiri, əməkdar müəllim Almaz Həsrət, Bakı
şəhər 153 nömrəli tam orta məktəbin və BBM-in riyaziyyat
və informatika müəllimi Günay Hüseynzadə təmsil ediblər.
Festivalda məqsəd dünya təhsil sisteminin inkişafı və
təkmilləşdirilməsi yollarının axtarılıb tapılması, dünya
müəllimlərinin birgə əməkdaşlığı, fikir mübadiləsinin
aparılması olub.
Tatarıstan Respublikasının elm və təhsil naziri Enqel
Fəttahov, Kazan Federal Universitetinin rektoru Rişat
Qafurov, millət vəkili Anastasiya İsayeva, KFU Elabuqa
İnstitutunun direktoru Yelena Merzon festivalın aşılış
mərasimində çıxış ediblər.
3 gün davam edən festival çərçivəsində mühazirələr,
"dəyirmi masa"lar, işgüzar oyunlar, ustad dərsləri,
treninqlər, tədris-metodiki ədəbiyyat yarmarkası,
yaradıcı və professional müsabiqələr təşkil olunub.
Festivalda dünya təhsil sistemində və ümumilikdə xarici
ölkələrin tədris prosesində tətbiq olunan metodikalar,
aparıcı pedaqoqların təcrübələrinin son nailiyyətləri,
onlardan istifadə ilə bağlı müzakirələr aparılıb.
Beynəlxalq festivalda moderator qismində iştirak edən
əməkdar müəllim Almaz Həsrət Azərbaycan təhsil
sistemində son illər ərzində görülən işlər və həyata
keçirilən layihələr haqqında məlumat verib, şəxsi
təcrübəsi zəminində əldə etdiyi uğurları bölüşüb. O,
həmçinin festival çərçivəsində ustad dərsi keçib.
Həmyerlimizin "Müasir təhsil problemləri informasiya
mədəniyyəti kontekstində" mövzusunda apardığı ustad
dərsi iştirakçıların böyük marağına səbəb olub. "Sarı
gəlin" xalq mahnısının musiqisinin sədaları altında
keçilən dərsdə ölkəmizdə təhsil sahəsində, sırf
təhsillə bağlı informasiyaların daha da anlaşıqlı olması
və asan əldə olunması üçün görülən işlər, yeni yaradılan
təhsil saytları barədə geniş söz açılıb. Almaz Həsrətin
yaradıcılığı, müasirliyi ilə fərqlənən dərsi festivalda
ən yaxşı ustad dərsi kimi qiymətləndirilib və diploma
layiq görülüb.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |