G.Şaroyev
adına 35 nömrəli onbirillik musiqi məktəbinin 6-cı sinif
şagirdi, skripkaçı Osman Mustafazadə Avstriyanın
paytaxtı Vyanada keçirilən beynəlxalq müsabiqədə birinci
yerə layiq görülüb.
Hər il keçirilən "Grand Prize Virtuoso" beynəlxalq
müsabiqəsi 20 yaşınadək gənc musiqiçilərin yarışdıqları
mötəbər musiqi platformasıdır. Müsabiqənin özəlliyi
ondadır ki, münsiflər heyətinin qərarları qaliblərə
internet vasitəsilə çatdırılır. Ən yaxşı ifaçıları isə
sentyabrda Vyanaya dəvət və möhtəşəm musiqi zallarının
birində qala-konsertdə çıxışlarını təşkil edirlər.
12 yaşlı O.Mustafazadə də bu müsabiqənin laureatı adını
qazandığı üçün Vyanaya dəvət alıb. Gənc istedad bundan
əvvəl də müxtəlif respublika müsabiqələrinin laureatı
olub. Ötən il keçirilən "Barocco" müsabiqəsində laureat
adını qazanıb və Beynəlxalq Muğam Mərkəzində təşkil
olunan qala-konsertdə uğurla çıxış edib. O, xalq
artisti, professor Zəhra Quliyevanın şagirdidir. Gənc
musiqiçi Azərbaycan Dövlət Filarmoniyasında, Milli
İncəsənət Muzeyində və başqa incəsənət ocaqlarında solo
və orkestrlə uğurlu çıxışları ilə tamaşaçı rəğbəti
qazanıb. |