Bərdə Rayon Təhsil Şöbəsindən bildirilib ki, 11-ci ildir
fəaliyyət göstərən məktəb-liseydə 33 sinif otağı, fənn
kabinetləri, fizika və kimya laboratoriyaları, kompüter
otaqları, kitabxana, yeməkxana, idman zalı mövcuddur.
Sinif otaqları, laboratoriyalar və idman zalı müasir
avadanlıqlarla təchiz olunub. Təhsil ocağı 2007/2008 və
2012/2013-cü tədris illərində "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin qalibi olub. Məktəb-liseyin
müəllimlərindən 7-si müxtəlif illərdə "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olub, iki nəfər "Əməkdar müəllim"
fəxri adına layiq görülüb, bir nəfər isə "Tərəqqi"
medalı ilə təltif edilib. Məktəbin şagirdləri hər il
bilik yarışlarında yüksək nəticələr göstərir. Məzunları
yüksək balla respublikanın müxtəlif ali məktəblərinə
qəbul olurlar. Hazırda liseyin ali məktəblərdə təhsil
alan beş məzunu Prezident təqaüdçüsüdür.
Məktəb-liseyin məzunları builki qəbul imtahanlarında da
yüksək nəticələr əldə ediblər. Təhsil ocağını bitirən 98
məzundan 83-ü ali məktəblərə keçirilən qəbul
imtahanlarında iştirak edib və onlardan 73-ü tələbə
adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 20
nəfəri 500-dən, 14-ü isə 600-dən çox bal toplayıb.
Məktəb-liseyin məzunu Arzu Həsənli imtahanlarda ən
yüksək nəticə göstərərək 700 balla Bakı Ali Neft
Məktəbinə qəbul olub.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |