Ellada MİRZƏYEVA,
Sabirabad şəhər Nizami Gəncəvi adına 5 nömrəli tam orta
məktəbin ingilis dili müəllimi
Ömürboyu
təhsil insanların fəal vətəndaş mövqeyini və davamlı
məşğulluğunu təmin edən təhsil sistemidir. Bu təhsil
cəmiyyətdə baş verən iqtisadi, elmi, texnoloji və s.
dəyişikliklərə çevik uyğunlaşmanı təmin edir. Bu təhsil
hər kəs üçün bir nömrəli prioritet təşkil edir. İnsanlar
informasiya əsrində baş verən sürətli dəyişikliklərlə
yalnız ömürboyu təhsil vasitəsilə ayaqlaşa bilərlər.
Qlobal cəmiyyət çevik, 21-ci əsrin əsas
kompetensiyalarına malik bir vətəndaş tələb edir ki,
belə vətəndaşı da ömürboyu təhsillə hazırlamaq mümkündür.
Belə insanın yetişdirilməsi hər bir inkişaf etmiş və
etməkdə olan cəmiyyətin əsas vəzifələrindəndir. Müasir
dünyada elm və texnika elə sürətlə inkişaf edir ki,
biliklərin mühüm hissəsi aktuallıqdan düşür, müəyyən
peşələr köhnəlir, buna uyğunlaşmaq üçün daimi əsaslarla
aparılan təlim prosesi köməyə gəlir.
Azərbaycanda hüquqi, demokratik, sivil cəmiyyət
quruculuğu, demokratik dəyərlərin inkişafı proseslərinin
getdiyi, iqtisadi islahatların həyata keçirildiyi bir
dövrdə ömürboyu təhsil mühüm rola malikdir. Təhsilimizin
yenidən qurulmasında, təhsilverənlərin peşə səriştəsinin
artırılmasında, təhsilimizin dünya standartlarına
uyğunlaşdırılmasında təhsil işçilərinin fasiləsiz
təhsilinin vacibliyi heç kəsdə şübhə doğurmur.
Statistik məlumatlara əsasən, ölkəmizdə mövcud
əməkqabiliyyətli əhalinin xeyli hissəsi sovet dövründə
təhsil almış və işləmiş insanlardır. Həmin dövrün
yaşayış tərzi ömürboyu təhsili zəruri etmirdi, indi isə
bunsuz işləmək və rəqabətqabiliyyətli olmaq mümkün deyil.
Fasiləsiz təhsildən kənarda keyfiyyətli təhsildən
danışmaq mümkün deyil. İndi ixtisası olmayan, ömürlük
təhsildən kənarda qalan insanlardansa, bu prosesə
qoşulub peşəkarlıq səviyyəsini daim yüksəldən kadrların
daha perspektivli işlə təmin olunmaq imkanları vardır.
Getdikcə artan informasiya yükünün istehlak səviyyəsinin
aşağı olması nəticəsində təhsildən kənar qalan kadrın
bir neçə il ərzində peşəkarlıq və rəqabət qabiliyyətini
itirməsi artıq reallığa çevrilmişdir. Fikrimizcə,
əməkqabiliyyətli əhalinin böyük bir hissəsinin yenidən
ixtisaslaşmaya ehtiyacları vardır. Azərbaycanda
sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların xeyli
hissəsi, biznesin idarə olunması və sahibkarlıq
fəaliyyəti haqqında səthi biliyə malikdir. Bu
fəaliyyətin kor-koranə olmaması və sahibkarlığa dəstək
məqsədilə belə maariflənmənin əhəmiyyəti olduqca
böyükdür.
Ölkəmizdə informasiya texnologiyalarının tətbiq sahələri
günü-gündən genişlənir. Bu sahələrdə çalışan
əməkdaşların İKT bacarıqlarının təkmilləşdirilməsi
məsələsi də çox aktualdır ki, bunu da ancaq ömürboyu
təhsil sistemi ilə əldə etmək olar. İKT-nin tətbiq
olunduğu müəssisələr sırasına, əlbəttə ki, orta
məktəblərimiz də daxildir. Düşünürük ki, təhsil
işçilərinin (xüsusən ucqar yerlərdə) bu sahədə
maarifləndirilməsi çox mühümdür.
Hər il orta məktəbi bitirən və ali təhsil ala bilməyən
gənclərin böyük hissəsini ömürlük təhsil proqramlarına
cəlb etmək və alternativ təhsil imkanları yaratmaq olar.
Nəticədə belə gənclər cəmiyyətin işləyən qüvvəsinə
qoşula bilərlər ki, bu da ümumi inkişafa yardımçı olar.
Ucqar kənd yerlərinin əhalisi də, fikrimizcə, ömürboyu
təhsil üçün hədəf qruplardır və onlar üçün mobil və
stasionar peşə hazırlığı kursları, müxtəlif treninq
proqramları faydalı olardı.
Bundan başqa, əhalinin ayrı-ayrı qruplarının, ailə
planlaşması, iqtisadi təhlükəsizlik, insan hüquqları,
yeni texnologiyaların tətbiqi, yoxsulluqla mübarizə,
narkomaniya, spirtli içkilər və tütünün zərərləri,
reproduktiv sağlamlıq, HİV/AİDS problemi, iqlim
dəyişikliyi, ətraf mühitin qorunması, təbii fəlakət
riskinin azaldılması, xarici dillərin tədrisi, qadın və
uşaq hüquqları, gender bərabərliyi, demokratik
dəyərlərin bərqərar olması və s. kimi qlobal
əhəmiyyətli məsələlər sahəsində vaxtaşırı maariflənməyə
ehtiyacı olduğunu düşünürük.
İnsan, davamlı inkişafın həlledici amilidir.
İqtisadiyyatımızın davamlı inkişafı üçün insan
resurslarımıza qoyulan sərmayələrin rolu danılmazdır.
İnsan yalnız davamlı təhsil vasitəsilə inkişaf prosesini
irəli apara bilər. İnsan resurslarına qoyulan
investisiyalar ömürlük təhsil sisteminin inkişafını və
dəstəklənməsini nəzərdə tutur. Ömürlük təhsilin məqsədi
fasiləsiz öyrənən cəmiyyət və icma yaratmaqdır. Ömürlük
təhsil cəmiyyət dəyişikliklərini qabaqlayan, tələblərə
cavab verən çevik layihələr və təlim proqramları
vasitəsilə həyata keçirilir. Avropa Təhsil Fondu, UNESCO
Təhsil İnstitutu, Dünya Bankı və s. kimi beynəlxalq
təşkilatlar ömürboyu təhsilə dəstək verirlər. Ömürboyu
təhsil könüllü və davamlı olaraq bilik qazanma
prosesidir, şəxsi və peşə səbəblərindən qaynaqlana
bilər. Ömürboyu təhsilə yaşlıların təhsili, peşə ilə
bağlı təhsil, şəxsi təhsil, ev təhsili və s. aiddir.
Ömürboyu təhsil, təhsil alan şəxsdə özünəinam hissini
gücləndirir, yaradıcılığa təkan verir, əmək bazarında
kadrın rəqabət qabiliyyətini yüksəldir və fəal vətəndaş
mövqeyi formalaşmasına səbəb olur. Bu prosesdə öyrənən
şəxs qarşıya qoyulmuş məqsədləri özü müəyyən edir,
təşəbbüskarlıq göstərir və öz təhsilini şəxsən
istiqamətləndirərək ona rəhbərlik edir. Məqsədlər,
öyrənən üçün çox əhəmiyyətlidir, o, özü üçün öyrənmə
resursları müəyyən edir, öyrənmə prosesində müəyyən
strategiyalardan istifadə edir və nail olduğu
bacarıqları qiymətləndirir. Vaxtın azlığı, motivasiyanın
olmaması, adekvat resursların azlığı, öz bilik
zəifliyindən xəbərsizlik, dəyişikliyə meyilin az olması,
şəxsi mentalitet, hövsələsizlik, yaşlı insanlarda görmə
və eşitmə problemləri, yaddaş zəifliyi və s. kimi
məsələlər ömürboyu təhsil prosesinə mane ola bilər.
Öyrənmə, dəyişiklik deməkdir və dəyişiklik isə risk
tələb edir. Ömürboyu təhsil ilə maariflənən şəxs,
maraqlanan, riskə meyilli, öz bacarıqlarına inamlı,
innovativ, intizamlı, elastik düşüncə tərzli, işinə
məsuliyyətli olmalıdır.
2013-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 4-cü
maddəsi müasir tələblərə cavab verən ömürboyu təhsili
təmin edən infrastrukturun yaradılması, kitabxana
fəaliyyətinin modernləşdirilməsi, media və internet
resurslarının inkişafının təmin edilməsi məsələlərini
qarşıya qoyur.
Dünya mütəxəssislərinin gəldiyi ümumi rəyə əsasən,
ömürboyu təhsilin prinsipləri sistematik şəkildə həyata
keçirilərsə sosial bərabərsizliklərin azalmasına və daha
ədalətli və balanslı cəmiyyətin formalaşmasına apara
bilər. Əhalidə vətəndaş mövqeyinin güclənməsinə, peşə
məsuliyyətinin artmasına, yaradıcı fəallığın, tənqidi
düşüncə və problem həlletmə bacarıqlarının
formalaşmasında önəmli rol oynaya bilər. Ömürboyu təhsil
insan resurslarının inkişafına və ümumiyyətlə, davamlı
inkişafa təkan verən mühüm faktordur. |