Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

"Təhsil-elm-innovasiya" modelinin insan kapitalının formalaşmasında və cəmiyyətin davamlı inkişafında rolu

 

Sübhan NAMAZOV,
Azərbaycan Texniki Universitetinin Metallurgiya və metalşünaslıq kafedrasının müdiri,
texnika elmləri doktoru, professor

 

Müasir dövrdə hər bir ölkənin inkişaf səviyyəsi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. İnkişaf etmiş ölkələrin hamısında davamlı iqtisadi inkişaf insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilmişdir. Bütün dövrlərdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və ona verilən önəmin əhəmiyyətindən asılı olmuşdur. Təsadüfi deyil ki, BMT XXI əsri "Təhsil əsri" elan etmişdir.

"Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır" - müddəasını strateji vəzifə kimi qarşıya qoymuş ümummilli lider Heydər Əliyevin bu fikirlərini "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir" fikirləri ilə tamamlayan, təhsili cəmiyyətin ən prioritet sahəsinə çevirən möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın davamlı inkişafını bilavasitə təhsilin inkişafında görür.

Bu gün uğurla həyata keçirilən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu təhsil işçiləri önündə dövlət qarşısında öz məsuliyyətini dərk edən, öz xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək vəzifəsini qoymuşdur.

Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında ali təhsilin rolu mühüm əhəmiyyət kəsb edir. İnsan cəmiyyətinin inkişaf tarixinə nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olar ki, təbii sərvətlərin bolluğu heç də həmin cəmiyyətin və dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdən ibarətdir. İnsan kapitalının formalaşdırılmasında və təhsilalanlara lazımi kompetensiyaların verilməsində ali təhsilin müstəsna əhəmiyyəti vardır.  Ali təhsil cəmiyyətin elə bir sahəsidir ki, o, elmin inkişafını, elmin inkişafı elmi-texniki tərəqqinin və iqtisadiyyatın inkişafını, iqtisadiyyatın inkişafı isə cəmiyyətin sosial problemlərinin həllini təmin edir. Sosial təminatı yüksək olan cəmiyyətlər isə yenidən təhsilin inkişafına  şərait yaratmaqla fasiləsiz inkişafa nail olurlar. Bütün bunlar ali təhsilin cəmiyyətdə nə qədər böyük rola malik olduğunu göstərir.

Son onillikdə karbohidrogen ehtiyatlarının ixracı nəticəsində ölkəmizin iqtisadi potensialı sürətlə artsa da, hazırkı mərhələdə qarşıda duran əsas vəzifə qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaqdan, iqtisadiyyatın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaqdan və onun innovasiya əsaslı irəliləyişini təmin etməkdən ibarətdir. Müasir iqtisadi proseslərin dinamikası tələb edir ki, ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatına" keçilsin. Bunun üçün isə insan kapitalının adekvat inkişafı ön plana çəkilməlidir. Bu vəzifələrin uğurla həyata keçirilməsində yüksək keyfiyyətli ali təhsilli kadrların hazırlanması zərurəti meydana çıxır.

Digər mühüm amil isə əqli fəaliyyətin nəticələrinin təşviqi, innovasiya və yaradıcılığa investisiya qoyuluşu üçün əlverişli şərait yaradılması və əqli mülkiyyətə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafını təmin etmək məsələsidir.

Qloballaşan dünyada baş verən prosesləri nəzərə alaraq son illərdə ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, onun normativ-hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində geniş tədbirlər həyata keçirilmişdir.

Görülmüş işlərlə yanaşı, ali təhsil sahəsində hələ də öz həllini gözləyən ciddi problemlər mövcuddur. Respublikada ali təhsilin kütləviliyi sahəsində həm inkişaf etmiş ölkələrlə, həm də bəzi MDB ölkələri ilə müqayisədə hələ də gerilik müşahidə olunur. Bu kimi faktlar ölkəmizdə ali təhsil sisteminin təşkilində kifayət qədər həllini gözləyən problemlərin olduğunu göstərir.

29 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müasir təhsil sisteminin formalaşdırılmasının prioritet istiqamətləri müəyyən edilmişdir. Şəxsə hərtərəfli bilik və bacarıqların verilməsinə nail olmaq üçün təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişafı vəzifəsi qarşıya qoyulmuşdur.

İnkişaf Konsepsiyasında 2020-ci ilədək təhsil sahəsinə ayrılan vəsaitlərin ümumi həcminin ümumi daxili məhsuldakı payı ilbəil artırılaraq inkişaf etmiş ölkələrin müvafiq göstəricisi səviyyəsinə çatdırılması, təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması, xüsusən, adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil sahəsində tətbiqi tədqiqatların, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Həmçinin ali təhsil müəssisələri üçün universitet şəhərciklərinin (kampuslar) və müvafiq texnoparkların yaradılması, ali təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis yetişdirməsinə və onların təhsil-elm-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən standartların hazırlanıb tətbiq edilməsi, ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin müasir standartlar səviyyəsinə çatdırılması, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqinin təşkil olunması, elmin informasiya təminatının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi sahəsində tədbirlərin mərhələ-mərhələ həyata keçirilməsi gerçəkləşdiriləcəkdir.

Ölkənin İnkişaf Konsepsiyasında nəzərdə tutulan müddəaların reallaşdırılmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edilmişdir. Bu strategiyanın həyata keçirilməsi üçün isə Prezidentin 19 yanvar 2015-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı" təsdiq edilmişdir. Bu sənəddə insan kapitalının formalaşdırılması və biliklər iqtisadiyyatına əsaslanan yeni təhsil sisteminin, mühitinin və mexanizminin yaradılması, təhsilin bütün pillələri və səviyyələri üzrə  həyata keçiriləcək lazımi fəaliyyət istiqamətləri əksini tapmışdır. Fəaliyyət Planında təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması, müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması nəzərdə tutulur.

Bu sənəddə əsas diqqət şəxsiyyətyönümlü, nəticəyə əsaslanan təhsil mühitinin formalaşdırılmasına yönəlmişdir ki, bu da strateji olaraq doğru addımdır. Həmin sənəddə qeyd edildiyi kimi, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi məqsədilə normativ-hüquqi sənədlərin və təhsil standartlarının hazırlanması böyük perspektivlər vəd edir. Bu istiqamətdə hazırda ali təhsil müəssisələrinin, universitetlərin üzərinə böyük tarixi missiya düşür.

Çox təqdirəlayiq haldır ki, son illər ölkəmizdə aparılan siyasət elmin və təhsilin prioritet sahə kimi önə çəkilməsinə hesablanmışdır. Xüsusilə iqtisadi kapitalın insan kapitalına çevrilməsi istiqamətində möhtərəm Prezident İlham Əliyevin apardığı təhsil siyasəti ölkəmizin gələcək inkişafına və çiçəklənməsinə hesablanmış strateji siyasət kimi qiymətləndirilir. İstedadlı Azərbaycan gənclərinin dünyanın aparıcı universitetlərində təhsil almaq üçün göndərilməsi və bunun strateji xətt kimi dövlət başçısı tərəfindən daim diqqətdə saxlanılması, təhsil işçilərinin sosial problemlərinin həlli istiqamətində verilən fərman və sərəncamlar dövlətimizin təhsil sahəsinə nə qədər diqqət verdiyinin əyani sübutudur.

Dövlət büdcəsindən təhsilə ayrılan xərclər ildən-ilə artırılır və onun əhəmiyyətli hissəsi yeni məktəblərin tikintisinə, təhsil infrastrukturunun müasirləşdirilməsinə yönəldilir. Həmçinin ölkədə yeni məktəblərin tikintisi, köhnələrinin təmiri və modernləşdirilməsi üçün Heydər Əliyev Fondu və Azərbaycan Prezidentinin Ehtiyat Fondu xəttilə də hər il böyük vəsaitlər ayrılır.

Son illərdə ölkəmizdə ali təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində ciddi addımlar atılmış, Boloniya prosesinə qoşulmaqla kredit sistemi ilə tədrisin təşkili istiqamətində ciddi irəliləyiş əldə edilmişdir. Aparılan düzgün ali təhsil siyasəti nəticəsində ilk müsbət nəticələr görünməkdədir.

Azərbaycan ölkə daxilində ali təhsil standartlarını təkmilləşdirmək yönündə işlərin görülməsi ilə yanaşı, dövlətimizin başçısı tərəfindən gənclərin xaricdə təhsilinə də ciddi diqqət artırılmaqdadır. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq Azərbaycan dövləti tərəfindən gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində təhsillərini davam etdirmələri məqsədilə ayrıca dövlət proqramı qəbul edilmişdir. Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əsas hədəfi 2015-ci ilin sonunadək 5000 nəfər gəncin xaricdə təhsilini maliyyələşdirməkdən ibarətdir. Artıq aparıcı xarici ölkə universitetlərində təhsilini başa vuran magistrant və doktorantların bir qismi ölkəmizə qayıdaraq ali təhsil ocaqlarımızda fəaliyyətə başlamışlar.

Lakin əldə edilən ciddi uğurlarla yanaşı, qeyd etmək lazımdır ki, ölkəmizin ali təhsil müəssisələrinin məzunlarının potensialı iqtisadiyyatın tələbatları ilə tam uzlaşmır. Bu, ondan irəli gəlir ki, tədris prosesində müasir texnologiyalar məhdud miqyasda tətbiq edilir, bəzi hallarda isə yaradılan sistemlərdən az istifadə olunur. Ali təhsil müəssisələrinin kurikulumları əmək bazarında işçi səriştəsinə olan tələblərlə uyğun gəlmir. Ali təhsil pilləsində kurikulumların inkişafı iqtisadiyyatın inkişaf dinamikasından geri qalır.

Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası prosesi labüddür. Bununla yanaşı, keçmiş stereotiplərdən imtina edilməməsi yolverilməzdir. Ölkəmizdə təhsil islahatları milli mənafelər nəzərə alınmaqla həyata keçirilməlidir. Təlim məsələlərində (ayrı-ayrı fənlərin tədrisinin plan və proqramlarında, yeni metodların yaradılmasında) inkişaf etmiş ölkələrin əldə etdikləri müsbət təcrübə müəyyən araşdırmalardan sonra ölkəmizin təhsil sisteminə tətbiq olunmalıdır. Ali təhsil müəssisələrində milli özünüdərk və dövlətçilik prinsiplərinin aşılanması ön plana çəkilməlidir.

Təhsil və kadr hazırlığı prosesinə, həmçinin təhsilin məzmununun təkmilləşdirilməsinə işəgötürənlərin cəlb olunması çox aşağı səviyyədədir. İşəgötürənlər kadr hazırlığı prosesində iştirak etmirlər və hazırlanan kadra dair şərtlər irəli sürmək imkanına malik deyillər.

İqtisadiyyatın modernləşdirilməsi zamanı ən ciddi problemlərdən biri də əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsindən ibarətdir. Bu baxımdan son on illiklərdə ali təhsilin məzmununda ciddi dəyişikliklərə ehtiyac yaranmış və bu proses bu gün də davam etməkdədir.  Sürətli elmi-texniki inqilabın baş verdiyi müasir dövrdə texniki sahədə biliklər, vərdişlər və səriştələr çox mobil şəkildə dəyişir, bu da öz növbəsində təhsilalanların və təhsilverənlərin yüksək kompetensiyalara malik olmalarını diktə edir. Bu baxımdan ali məktəblərin, o cümlədən texniki ali məktəblərin qarşısında ciddi vəzifələr durur. Xüsusilə, sənayeləşmənin daha böyük vüsət aldığı bir zamanda, yüksək texnologiyaların yaradılmasına xüsusi maraq göstərildiyi bir dövrdə Azərbaycanda bu məsələnin həlli istiqamətində Texniki Universitetin üzərinə böyük tarixi missiya düşür.

Ölkə başçısı tərəfindən iqtisadi kapitalın insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən siyasət Azərbaycan Texniki Universitetində mütəxəssis hazırlığında innovativ texnologiyaların daşıyıcısı olan, sənaye və istehsalat sahələrinin problemlərini daha tez mənimsəyən və həlli yollarını müəyyənləşdirməyə qadir olan mütəxəssislər hazırlanması məsələsini qarşımıza məqsəd kimi qoyur. Təsadüfi deyil ki, AzTU-da təmir-bərpa işlərinin aparılması üçün cənab Prezident tərəfindən imzalanmış sərəncamda  AzTU-nun mütəxəssis hazırlığında rolu ayrıca vurğulanmışdır.

Yüksək ixtisaslı mühəndis kadrların hazırlığında təhsil, elm və istehsalatın inteqrasiyasının müstəsna əhəmiyyəti vardır. Bu istiqamətdə istehsalat müəssisələrində baza kafedralarının yaradılması bu inteqrasiyaya kömək edən ən optimal yol ola bilər.

Təcrübələrin mütəxəssis hazırlığında mühüm əhəmiyyətə malik olduğu danılmazdır. Lakin etiraf etməliyik ki, bu proses zamanı tələbələrin praktik vərdişlər qazanmasında bir sıra çətinliklər mövcuddur. Hazırda təcrübələrin keçilməsinin tədris planında sonuncu semestrə planlaşdırıldığını nəzərə alaraq, bu istiqamətdə işlək mexanizm yaradılmasına və tələbələrin həmin dövrdə lazımi praktik vərdişlər qazanması üçün tədbirlər hazırlanmasına nail olunmalıdır. Lakin əksər hallarda müəssisələr kütləvi olaraq tələbələrin uzun müddətə müəssisələrdə təcrübə keçmələrinə maraq göstərmirlər. Bu istiqamətdə istehsalat müəssisələrinin məsuliyyətini artırmaq üçün əlaqədar təşkilatlar səviyyəsində lazımi hüquqi-normativ bazanın yaradılmasına ehtiyac duyulur.

Ali məktəblərdə özünümaliyyələşdirmə mexanizminin tətbiqinə keçilməsi də günün aktual məsələsi olaraq qalır. Etiraf etməliyik ki, bu istiqamətdə hələlik lazımi iş vərdişləri və fəaliyyət mexanizmi zəifdir. Yalnız bu proses Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə məhdudlaşır ki, bu da kifayət etmir. Belə hesab edirik ki, bu istiqamətdə yeni yanaşmaya ehtiyac vardır. Sənayeləşmənin gücləndiyi bir dövrdə müxtəlif sənaye, istehsalat və xidmət sahələrində, məsələn, metallurgiya və dağ-mədən, elektroenergetika, maşınqayırma, nəqliyyat, telekommunikasiya sahələrində layihələr elan etməlidirlər ki, bu da yaxın gələcəkdə elmi işlərin kommersiyalaşdırılmasına stimul ola bilər. 

Dünya miqyasında yüksək səviyyəli ali təhsil ölkələrin stabil iqtisadi inkişafını təmin edən, rəqabətədavamlı məhsulların istehsalını şərtləndirən amil hesab edilir və ölkənin davamlı inkişafının hərəkətverici qüvvəsi sayılır. Ona görə də ali təhsil müəssisələri, xüsusilə Azərbaycan Texniki Universiteti yalnız mütəxəssis hazırlığı ilə kifayətlənməməli, eyni zamanda elmi-innovativ fəaliyyət göstərən mərkəzlərə çevrilməli, elm, təhsil, istehsalat və biznes strukturlarının inteqrasiyasını təmin edən ideya generatorluğunu öz üzərinə götürməyə qadir olmalıdır. Bu ideyanın reallaşması və əmək bazarının tələblərinə uyğun mütəxəssislər hazırlanması üçün istehsalat, xidmət sahələri ilə sıx əlaqədə olmalı və onların problemlərinin həllini təmin edə bilməliyik. 

Bu istiqamətdə aparılan araşdırmalar göstərmişdir ki, sənaye və istehsalat sahələri ilə əməkdaşlığın mərkəzində dövlət-biznes strukturları-elmi kadrlar-tələbələr sxemi durmalıdır və bu prosesdə əks-əlaqəli əməkdaşlıq təmin edilməlidir. Belə qarşılıqlı əlaqə olmadan nə sənayenin, nə də iqtisadiyyatın digər sahələrində innovativ inkişaf impulsuna nail olmaq mümkün deyil. Bu məqsədə çatmaq üçün vacib olan amillərdən biri iqtisadi zonaların yaradılmasından ibarətdir. Artıq bu məsələ respublikamızda müxtəlif istiqamətli sənaye sahələrinin yaradılması yolu ilə həll edilməkdədir. Sumqayıt Texnologiyalar Parkı, Balaxanı Parkı, Yüksək Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənayesi Parkı və s. bu qəbildən olan müəssisələrdir. Növbəti mərhələlərdən biri də respublikamızda sənaye klasterlərinin yaradılması ola bilər ki,  artıq bu istiqamətdə müəyyən hazırlıq işləri görülür. Hazırda texniki ali məktəblərdə hazırlanan mühəndis kadrlar həm sənaye parklarının, həm də sənaye klasterlərinin idarə olunmasında iştirak edə bilən mütəxəssislər səviyyəsində olmalıdırlar.

Bu gün ali təhsil sistemində həlli ilk növbədə vacib olan işlər də çoxdur. Xüsusilə, texniki ali məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müstəqil texnoparkların yaradılması xeyli vəsait tələb etdiyindən, bu istiqamətdə vahid mənbədən idarə olunan Dövlət Proqramı hazırlanıb həyata keçirilməlidir. Bu məsələ bir neçə istiqamətdə həll edilməlidir. Birincisi, dövlətin dəstəyi ilə, ikincisi, müxtəlif sənaye sahələrinin həmin istiqamətdə mövcud olan ali təhsil ocaqlarında maddi-texniki bazanın yaradılması istiqamətində, üçüncüsü isə ali məktəb mütəxəssislərinin dünyada və Azərbaycanda olan təşkilatlarla birgə qrant layihələrinin yerinə yetirilməsi istiqamətində. Bu istiqamətlərin hər üçü bir mənbədən koordinasiya olunmaqla yanaşı, vahid siyasət şəklində həyata keçirilməlidir.

Hesab edirəm ki, aşağıda sadaladığım tədbirlərin həyata keçirilməsi ali təhsil sahəsində islahatların daha səmərəli nəticə verməsinə bilavasitə öz müsbət təsirini göstərə bilər:

- Təhsilin idarə olunmasının rasionallaşdırılması, maddi-texniki bazalardan səmərəli istifadə olunması məqsədilə ali məktəblərin tərkibində, xüsusilə texniki ali məktəblərin nəzdində eyni profilli kolleclərin və peşə-ixtisas təhsili məktəblərinin yaradılması və fəaliyyətinin stimullaşdırılması tədbirlərinin həyata keçirilməsi.

- Azərbaycan sənayesi üçün vacib olan, çətin əmək şəraitinə malik sahələr üçün mühəndis kadrların hazırlanması zamanı stimullaşdırıcı və motivasiyaedici tədbirlərin nəzərə alınması.  Bu sahələr kimi, qara və əlvan metallurgiya, müdafiə sənayesi üçün mütəxəssis hazırlığını, kənd təsərrüfatı sahələrini misal göstərmək olar. Bu məqsədlə həmin mütəxəssislərin əsasən dövlət büdcəsindən maliyyələşməklə hazırlanmasının təmin olunması.

- Kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal resurslardan istifadə edilməsi məqsədilə müasir elmi ədəbiyyat və məcmuələrə çıxış üçün scoups və sciencedirect internet saytlarına daimi çıxışı olan kitabxana şəbəkəsinin yaradılması istiqamətində lazımi tədbirlərin görülməsi.

- Təhsilin inkişaf fondunun maliyyə resurslarının formalaşması məqsədilə istehsalat, xidmət və digər özəl strukturlarla  təhsilin inkişafı fondunun  birlikdə  lazımi müsabiqə və layihələr həyata keçirməsi və bu fonda mütəmadi (və ya illik) maliyyə vəsaitləri köçürmək üçün qanunvericiliyə lazımi düzəliş edilməsinin təmin edilməsi.

- Strategiyada ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, ödənişli təhsil üzrə qəbul planının ləğv olunması göstərilir ki, bu bənd üzrə gələcəkdə ali və orta ixtisas məktəblərində ödənişli təhsilin təşkili işində yeni tədris mexanizmi yaratmaq tələb olunur.

- Regionlarda ali təhsil müəssisələrinin arasındakı fərqin olmaması üçün mərkəzi universitetlərdə formalaşmış mütəxəssislərin, regionlarda işə cəlb olunması və bunun üçün lazımi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi.

- Xüsusi istedadlı təhsilalanların müəyyənləşdirilməsi üçün mütəmadi axtarış mexanizmlərinin tətbiq edilməsi və bununla respublikanın dəyərli insan kapitalının aşkarlanması, inkişafı və qorunmasının təmin olunması.

- İstehsalatla bağlı olan müxtəlif istiqamətlər üzrə sənayenin inkişaf strategiyasına uyğun elmi-innovativ konsepsiyaların hazırlanması məqsədilə mütəxəssislər qrupunun təşkil edilməsi və mühəndis kadrların bu istiqamətə yönləndirilməsinin təmin edilməsi.

- Təhsil sahəsində dövlət-biznes partnyorluğu sisteminin hüquqi bazasının yaradılması.

- Kafedralarda və laboratoriyalarda ayrı-ayrı istehsalat sahələri üçün "Consalting" xidmətlərinin təşkili imkanlarının araşdırılması və bu işə doktorantların və magistrantların cəlb olunmasının təmin edilməsi.

- Sənayenin və istehsalatın problemlərinin həllini özündə əks etdirən elm tutumlu tədqiqat işlərinə daha çox diqqət göstərilməsi və bunun kadr hazırlığında nəzərə alınması.

- Elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması istiqamətində lazımi maarifləndirici və öyrədici kursların təşkil edilməsi üçün tədbirlər planının hazırlanıb icra edilməsi.

- Sənaye və istehsalatla daha çox əlaqəli olan ixtisas kafedralarının innovativ texnologiyaların yaradılması imkanlarının artırılması üçün universitetin İKT kafedraları  ilə birgə fəaliyyətinin gücləndirilməsi və bu işə magistrantların cəlb olunmasının daim diqqət mərkəzində saxlanılması.

- Sənaye müəssisələrinin fəaliyyəti haqqında materialların (bukletlər, disklər, çap materialları) tələbə və magistrantlara çatdırılması işinin aktiv olaraq yerinə yetirilməsi.

- İstehsalatda tətbiq edilən müasir texnologiyaların tədris prosesində öyrədilməsi məqsədilə işçi tədris proqramlarında daim yeniliklər edilməsinin təmin edilməsi.

- Elmi, elmi-texnoloji və innovasiya fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi.

- Universitetlərdə "TƏHSİLDƏ VƏ ELMDƏ İNNOVASİYALAR" üzrə müvafiq strukturun yaradılması imkanlarının araşdırılması.

Bütün bunlarla yanaşı, ali məktəblərdə dayanıqlı maliyyələşmə modelinin qurulması ilə bağlı ödənişli təhsil xidmətlərinin dəstəklənməsi üçün təhsil müəssisələrində ayrıca işlək mexanizm yaradılmalıdır. Bununla əlaqədar olaraq ali təhsil ocaqlarında onların fəaliyyət profillərinə uyğun olaraq çevik tədris və digər öyrədici strukturlar təşkil edilməlidir. Bu strukturlar ödənişli əsaslarla Tədris mərkəzləri, Yenidən hazırlanma kursları, Konsaltinq xidmətləri istiqamətində, qısamüddətli ixtisas kursları formasında yaradıla bilərlər. Eyni zamanda, hazırlıqlı bakalavr və magistrlərin əlavə öyrədici kurslara cəlb olunması təşkil edilə bilər.

Təhsilin idarə olunmasının rasionallaşdırılması, maddi-texniki bazalardan səmərəli istifadə olunması məqsədilə ali məktəblərin tərkibində, xüsusilə texniki ali məktəblərin nəzdində eyni profilli kolleclərin və peşə-ixtisas təhsili məktəblərinin yaradılması və fəaliyyətinin stimullaşdırılması tədbirlərinin həyata keçirilməsi çox faydalı olardı.

Təqdirəlayiq haldır ki, Təhsil Nazirliyinin mütəxəssisləri inkişaf etmiş ölkələrin təhsil siyasətini öyrənir, onu milli mənafelər prizmasından araşdıraraq ölkəmizin ali texniki məktəblərində tətbiq etməyə çalışırlar.

Bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan uğurlu təhsil siyasətinin bəhrəsi özünü gələcək nəsillərin həyat səviyyəsində büruzə verir. Təhsilə qoyulan investisiyalar uzunmüddətli və strateji əhəmiyyətlidir. Bu investisiyalar Azərbaycanın davamlı inkişafı üçün mühüm baza formalaşdıracaq və öz nəticəsini gələcək onilliklərdə daha bariz formada göstərməyə başlayacaqdır.

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov