Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

Xarici mətbuatdan

 

ABŞ müəllim çatışmazlığı ilə üzləşib 

Yeni  tədris ili üçün 21,5 minə yaxın müəllim tələb olunur   

Yeni tədris ilinin başlanmasına az qaldığı bir vaxtda ABŞ-ın iri şəhərlərində bir çox məktəblərdə hələ də müəllim çatışmazlığı var.  Ölkədə müəllim çatışmazlığı problemi son iqtisadi böhran zamanı  (2008-2009-cu illər)  təhsil işçilərinin  kütləvi surətdə ixtisarı və sosial xərclərin azaldılmasından sonra başlayıb.  Belə ki, təkcə Kaliforniya ştatında  2008-2012-ci illərdə fəaliyyət göstərən müəllimlərin sayı 82 min nəfər azalıb.  "New York Times"  (NYT)  qəzetinin  yazdığına  görə, kəskin vəziyyət xüsusilə ABŞ-ın bir sıra ştat və  dairələrində,  Kaliforniya,  Oklahoma, Şarlotta, Neşvill, Luisvill kimi şəhərlərində hiss olunur. 

Kaliforniya Təhsil Nazirliyinin  (California Department of Education) məlumatına əsasən, 2015-2016-cı  tədris ili üçün 21,5 minə yaxın müəllim tələb olunur.  Kaliforniyada  isə il ərzində yalnız  15 min nəfərə tədris aparmağa icazə  verilir.  Ölkədə müəllim çatışmazlığı həm də ona görə kəskinləşib ki,  müəllimlik peşəsi amerikalılar üçün getdikcə daha az cəlbedicidir.  2008-2012-ci illər ərzində təkcə Kaliforniyada müəllim hazırlığı 55 faiz  azalıb. Bütün ölkə üzrə götürdükdə isə 2010-2014-cü illərdə müəllim olmaq istəyənlərin sayı 30 faiz  aşağı düşüb. 


Stenford Universiteti nobelçi alimlərin sayına görə liderdir 

"Times Higher Education" növbəti reytinqini açıqlayıb  

"Times Higher Education" (THE) dərgisi  alimləri daha çox Nobel mükafatı almış ali məktəblərin reytinq cədvəlini  tərtib edib.  Reytinqə əsasən, ABŞ-ın Stenford Universiteti  XXI əsrdə  nobelçi  alimlərinin  sayına görə liderdir.  XXI əsrdə  alimləri daha  çox  ali elm mükafatı almış 10 dünya universitetindən 8-i ABŞ-ın payına düşür.  Birləşmiş Ştatlar həm də milli əlamətə görə də liderdir - 2000-2014-cü illər ərzində ən çox amerikalılar nüfuzlu mükafata sahib olublar.  Amerika üçün ən uğurlu il 2006-cı il sayılır -  bütün nominasiyalar üzrə mükafatlar məhz ABŞ universitetlərini  təmsil edən alimlərə verilib.  İlk 10-luqda Kolumbiya, Berkli, Prinston, Çikaqo,  Santa-Barbaradakı  Kaliforniya, Massaşusets Texnologiya universitetləri, Hovarda Xyuz Tibb Universiteti, İsrailin Texnion Texnologiya Universiteti,  Almaniyanın Maks Plank adına Elmi Tədqiqatlar Cəmiyyəti  təmsil olunurlar. XX əsrdə alimləri daha çox Nobel mükafatı almış Harvard  və Kembric universitetləri  bu siyahıda yer ala bilməyib.  Reytinq ali təhsil müəssisələrində çalışan  Nobel mükafatı laureatlarının  sayı nəzərə alınmaqla tərtib olunub. Ədəbiyyat üzrə Nobel mükafatı və sülh mükafatı reytinqdə nəzərə alınmayıb.


87 yaşlı təqaüdçü tələbə adını qazandı 

Cin Korps  Nebrask  Universitetinin  məzunu olub 

Avqustun 14-də ABŞ-ın 87 yaşlı sakini Cin Korps  Nebrask  Universitetinin  məzunu olub.  Təqaüdçü qadın 70 il əvvəl ali məktəbə daxil olsa da ailə qurması və 5 uşağa baxması ilə əlaqədar  ali təhsil ala bilməyib. 2011-ci ildə  həyat yoldaşı vəfat edən qoca xeyli bədbinliyə qapılıb.  Qızlarının  təkidindən sonra  təhsilini davam etdirməyə qərar verib.  Nəticədə Cin Korps nəvələri yaşda olan gənc oğlan və qızlarla bir auditoriyada dərslərinə davam edib. Beləliklə də Cin Korps 2015-ci ildə ölkənin ən qocaman məzunu hesab olunub.  Amerika alimi Kristofer Kelli əmindir ki, ahıl yaşlarda təhsil almaq insanlarda  beynin  fəaliyyətini  və yaddaşı stimullaşdırır. 


 Böyük Britaniya universitetləri rekord sayda tələbə qəbul edib 

Tələbələr daha çox psixologiya, iqtisadiyyat elmləri və hüququ seçiblər 

Bu il Böyük Britaniya universitetləri rekord sayda - 426070  tələbə qəbul edib.   Gənclər  ölkənin müxtəlif  ali məktəblərinə  müvəffəqiyyətlə verilmiş imtahanların  nəticələrinə əsasən qəbul ediliblər. Universitet və kolleclərə qəbul komissiyasının məlumatına əsasən, onlardan  6910 namizəd  imtahan nəticələrini  apelyasiya qaydasında müdafiə edib.   Tələbələrin seçilməsi limitinin artırılması səbəbindən bir çox universitetlərdə  hələ də vakansiyalar qalmaqdadır, yəni keçid balı toplaya bilməyənlərin tələbə sıralarına qəbul olunmaq şansı var.  Mütəxəssislərin dediyinə görə,  Böyük Britaniya universitetlərinə  builki  tələbə seçimi abituriyentlər arasında deyil, ali məktəblər arasında rəqabətin nəticəsidir. Ali məktəblərə daxil olanların, eləcə də sosial dotasiya əsasında qəbul olunanların  ümumi sayı  4 faiz artıb.  Tələbələr arasında daha çox tələb olunan ixtisaslar isə  psixologiya,  iqtisadiyyat elmləri və hüquqdur.


Avropanın ən ucuz ali məktəbləri 

Britaniya ekspertləri araşdırma aparıb 

Böyük Britaniyanın  maliyyə-bank sahəsində ixtisaslaşmış  transmilli  "HSBC"  şirkəti  Avropanın ali məktəblərində illik təhsil haqlarına dair tədqiqat aparıb.  "The Guardian" qəzetinin  məlumatına əsasən,   Avropada ən ucuz ali təhsil  Polşanın  Varşava Universitetindədir.  Bu ali məktəbdə  illik təhsil haqqı, eləcə də  yaşayış minimumu, kirayə və vətənə uçuşlar  5865 avro təşkil edir. İkinci yerdə illik təhsil haqqı  8019 avro olan  Lissabon Universiteti  yerləşib.  İlk  "5"-likdə daha sonra  İstanbul Bosfor, Berlin Açıq və İspaniyanın Qranada universitetləri yer alıb.   "HSBC"-nin nümayəndəsi Oliver Kukun sözlərinə görə,   tələbələr xaricdə təhsil almaq variantları  axtarmağa  başlayarkən  bütün əlverişli qrantlar və mübadilə proqramlarını,  həmçinin  valyuta kurslarını nəzərdən keçirməlidirlər ki,   xaricdə öz pulları  ilə necə rəftar etməli olduqlarını yaxşı anlasınlar. O əlavə edib ki, indi Avropada tələbələr arasında hər hansı xarici ölkədə təhsil almaq çox populyarlıq qazanıb.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov