Yeniyetmə
və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail
Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan
tədbirlər çərçivəsində bu il növbəti layihə həyata
keçirilib. Qusar rayonundakı "N" hərbi hissəsinin
nəzdində təşkil olunan hərbi vətənpərvərlik təmayüllü
yay düşərgəsində istirahət edəcək uşaqların "Sahil
bağı"nda yola salınması mərasimi keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki,
gənclərin sağlam böyüməsi, idmana marağının artırılması,
hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi
məqsədilə Səbail rayonunun təhsildə və idmanda
fərqlənən, xüsusi istedadlı yeniyetmələrindən ibarət 150
nəfərlik heyət üçün Müdafiə Nazirliyinin Qusar
rayonundakı "N" hərbi hissəsində hərbi vətənpərvərlik
təmayüllü "Gənc Heydərçilər" istirahət düşərgəsi
yaradılıb.
Tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin
hərbi orkestrinin ifasında Dövlət himninin
səsləndirilməsi ilə başlayıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov
tədbirdə çıxış edərək dövlətimizin başçısı İlham
Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi,
gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə
sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata
keçirdiyi tədbirlərdən, gənclərə diqqət və qayğısından
danışıb. O, bu istiqamətdə Səbail rayonunda görülən
işlər və həyata keçirilən layihələrdən söz açıb. Qeyd
edilib ki, ayın əvvəlində rayon icra hakimiyyəti və
Daxili Qoşunların birgə layihəsi çərçivəsində 200
yeniyetmə artıq onuncu dəfə olaraq Qubada təşkil edilən
"Şahinlər" yay istirahət düşərgəsində iştirak ediblər.
Qusar rayonunda isə ikinci dəfədir belə düşərgə təşkil
olunub. Hərbi hissədə xüsusi olaraq ayrılmış kazarmada
təşkilatçılar tərəfindən yeniyetmələrin istirahəti üçün
hər cür şərait yaradılıb. Hərbiçilərlə yaxından təmasda
olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki
şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcəkdə
hərbi xidmətə daha yaxşı hazırlaşmalarına, onlarda
hərbiçi peşəsinə marağın artırılmasına şərait yaradacaq.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İdarə
rəisi, general-mayor Rasim Əliyev çıxış edərək uşaqların
mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən
danışıb və onlara xoş istirahət arzulayıb.
"Gənc Heydərçilər" yola düşməzdən əvvəl Fəxri xiyabana
gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin
məzarını ziyarət edərək, abidəsi önünə gül dəstələri
düzüblər. |