Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik
H.Əliyev adına Coğrafıya İnstitutunun direktoru,
akademik Ramiz Məmmədov və direktorun elmi işlər üzrə
müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Moskva
Dövlət Universitetində (MDU) keçirilən "Coğrafiya,
mədəniyyət və cəmiyyət dünyanın gələcəyi üçün"
mövzusunda regional konfransın işində iştirak etmək üçün
Moskva şəhərinə ezam olunublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, avqustda 170
illiyini qeyd edən Rusiya Coğrafiya Cəmiyyəti,
Beynəlxalq Coğrafiya İttifaqı, Moskva Dövlət
Universiteti (MDU) və Rusiya Elmlər Akademiyası
tərəfindən təşkil olunmuş konfransa dünyanın 60
ölkəsindən 1500-dən artıq alim və mütəxəssis qatılıb.
Tədbirin açılışında Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinin salamı konfrans iştirakçılarına
çatdırılıb.
Avqustun 21-dək davam edən konfransda mühüm problemlər
müzakirə olunub, bütün dünyada coğrafiya sahəsində
aparılan tədqiqatların nəticələri araşdırılıb.
Akademik R.Məmmədov E.Əlizadə ilə birgə hazırladığı
"Xəzər dənizi sahilləri landşaftlarının transformasiyası
və onların landşaft planlaşdırılması təcrübəsi",
E.Əlizadə isə İ.Kuçinskaya və S.Quliyeva ilə birgə
işlədikləri "Azərbaycanın arid landşaftlarının
antropogen təsirlər altında deqradasiyası" mövzularında
poster-məruzələrlə çıxış ediblər.
İGU - Beynəlxalq Coğrafiya İttifaqının Ali Şurası
akademik Ramiz Məmmədovun təqdimatından sonra 2017-ci
ildə Bakıda 300-dən artıq xarici mütəxəssisin iştirakı
ilə "Enerji coğrafiyası və tarazlı inkişaf" mövzusunda
tematik beynəlxalq konfransın keçirilməsi qərarına
gəlib.
Konfrans səmərəli müzakirələr, poster sessiyaları,
plenar və tematik mühazirələr, elmi ekskursiyalar və
digər maraqlı tədbirlərlə davam edib. |