Sentyabrın 10-da Vyana şəhərində (Avstriya) İnformasiya
texnologiyaları və kompüter elmləri üzrə III Avropa
konfransı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, "şərq-qərb" perspektivli
tədqiqatlar və ali təhsil assosiasiyası tərəfindən
təşkil olunan konfransda yaşadığı ölkədən, təhsil aldığı
sahədən asılı olmayaraq tələbə, doktorant və elmi
müəssisələrdə fəaliyyət göstərən əməkdaşlar iştirak
edəcəklər. Distant formatda keçiriləcək konfransa
internet vasitəsilə qoşulmaq mümkündür.
Konfrans materialları toplusuna sentyabrın 9-dək qəbul
ediləcək məqalələrin ingilis, alman, rus, Ukrayna, qazax
və özbək dillərində təqdim olunması nəzərdə tutulur.
Konfransın əsas istiqamətlərini texnoloji proses və
məhsulların avtomatlaşdırılması, idarə olunması,
kompüter şəbəkələri, informasiya emalının kvant
metodları, kompüter şəbəkələrinin riyazi və proqram
təminatı, informasiya mühafizə sistemləri, informasiya
təhlükəsizliyi, sistemli analiz, informasiya emalı və
idarə olunması, informatikanın nəzəri əsasları, sosial
və iqtisadi sistemlərdə idarəetmə və s. təşkil edir. |