Xarici İşlər Nazirliyindən Azərbaycan Milli Elmlər
Akademiyasına (AMEA) verilən məlumata görə, Braziliya
Elm, Texnologiya və İnnovasiya Nazirliyinin nəzdində
fəaliyyət göstərən Elmi və Texniki İnkişaf üzrə Milli
Şura (CNPq) və Dünya Elmlər Akademiyasının (TWAS) birgə
təşkilatçılığı ilə 2016-cı ildə Braziliyada gənc
tədqiqatçılar üçün PhD, Sandwich PhD və post-doktoral
elmi dərəcələri üzrə təqaüd proqramı elan olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Braziliyanın müxtəlif
universitetlərində və tədqiqat institutlarında təhsil
almaq imkanı yaradan proqramda gənc tədqiqatçılara aqrar
elmlər, biologiya, tibb və səhiyyə, kimya, mühəndislik,
riyaziyyat, ehtimal və statistika, kompüter elmləri,
fizika, astronomiya və yerşünaslıq, okeanoqrafiya
sahələri üzrə təqaüdlər təklif edilir.
Sandwich PhD üzrə 30, PhD üzrə 20, post-doktoral üzrə
isə 10 təqaüd yeri nəzərdə tutulub. Sandwich PhD
dərəcəsi üzrə təhsil müddəti 6-12 ay, PhD dərəcəsi üzrə
48 ay, post-doktoral dərəcəsi üzrə 6-12 aydır.
İştirakçıların proqram dövründə bütün xərcləri və
təqaüdlər CNPq tərəfindən ödəniləcək.
CNPq-TWAS proqramına ərizələrin qəbulu avqustun 24-də
başa çatacaq. Nəticələrin elan olunması noyabrda,
proqramın həyata keçirilməsi isə 2016-cı ilin martından
etibarən nəzərdə tutulur. |