Təhsil Nazirliyində Macarıstan və Çin Xalq
Respublikasında təhsil almaq üçün seçilmiş tələbələrlə
görüş keçirilib.
Görüş zamanı təhsil nazirinin müavini Firudin Qurbanov
Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təhsil
almasının əhəmiyyətindən danışıb. F.Qurbanov Macarıstan
və Çində bu ölkələrin ayırdıqları təqaüdlər hesabına
təhsil almaq hüququ qazanmış tələbələri təbrik edərək
onlara təhsillərində uğurlar arzulayıb və təhsildə əldə
etdikləri nailiyyətlərin ölkəmizin dinamik inkişaf
prosesinə əhəmiyyətli təsir göstərəcəyinə əminliyini
vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin
2014-cü ilin noyabr ayında Macarıstana rəsmi səfəri
çərçivəsində Azərbaycanın Təhsil Nazirliyi və
Macarıstanın İnsan Resursları Nazirliyi arasında
2015-2017-ci illər üzrə İş Proqramı imzalanıb. Proqrama
uyğun olaraq Macarıstan tərəfi birtərəfli qaydada
Azərbaycan vətəndaşlarına Macarıstan ali təhsil
müəssisələrində təhsil almaları üçün təqaüdlər ayırır.
Proqram şərtlərinə görə, Macarıstan tərəfi təqaüd
hesabına təhsil alacaq tələbələri ödənişsiz təhsil,
universitet yataqxanasında yaşayış, tibbi sığorta və
aylıq təqaüdlə təmin edir.
Beləliklə, 2015/2016-cı tədris ilində Macarıstanda bu
ölkənin büdcəsi hesabına təhsil alacaq tələbələrin
seçimi keçirilib, bununla da 51 nəfər Azərbaycan
vətəndaşı Macarıstanın Debrecen University, Budapest
Business School, Corvinus University of Budapest kimi
ali təhsil müəssisələrində insan resurslarının
idarəolunması, kompüter elmləri, biznesin idarəolunması,
turizm, kimya mühəndisliyi, iqtisadiyyat və s. ixtisas
istiqamətləri üzrə təhsil almaq hüququ qazanıblar.
Bunlardan 18 nəfəri bakalavriat, 28 nəfəri magistratura,
5 nəfəri doktorantura təhsil səviyyələri üzrə təhsil
alacaqlar.
Bu il Təhsil Nazirliyi tərəfindən həmçinin Azərbaycan
Respublikası və Çin Xalq Respublikası arasında 13 iyul
2012-ci il tarixində imzalanmış "Təhsil sahəsində
əməkdaşlıq haqqında Saziş"ə uyğun olaraq ÇXR ali təhsil
müəssisələrində 2015/2016-cı tədris ilində təhsil alacaq
tələbələrin seçimi aparılıb, yekun yerləşdirmələr
nəticəsində 8 nəfər namizəd Huazhong University of
Science&Technology, China Medical University kimi ali
təhsil müəssisələrində Çin dili, biologiya, tibb ixtisas
istiqamətləri üzrə təhsil almaq hüququ qazanıblar. Onlar
ÇXR ali təhsil müəssisələrində bakalavriat,
magistratura, doktorantura təhsil səviyyələri üzrə
təhsil alacaqlar. |