IDEA
İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə
layihəsi olan "Uşaqlar üçün ekoloji laboratoriya"
çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında yerləşən Resurs Mərkəzində 6-12
yaşlarında olan uşaqlar üçün tullantılar və onların
təkrar emalı mövzusuna həsr olunmuş növbəti təlim
keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, təlim zamanı
uşaqlara tullantılar və onların təkrar emalı prosesi, bu
prosesin planetimiz, xüsusilə də canlı aləm üçün nə
qədər mühüm əhəmiyyət kəsb etməsi haqqında məlumat
verilib. Balaca ekoloqlar, həmçinin tullantıların
çeşidlənməsi, azaldılması və təkrar istifadəsi yolları
ilə də tanış olublar.
Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik
yarışmalarında, bir sıra sınaqların keçirilməsində
iştirak edib, süd qutusundan və plastik butulkadan quş
yuvalarını düzəltməklə istifadə olunmuş müxtəlif
materiallardan ətraf mühitə yararlı yeni əşyalar
hazırlamağı öyrəniblər.
Daha sonra, "Eko laboratoriya"nın iştirakçılarına
nümayiş olunan IDEA-nın plastik butulkadan təkrar emal
nəticəsində hazırlanmış bel çantası həm valideynlərin,
həm də uşaqların böyük marağına səbəb olub.
IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının
birgə əməkdaşlığı ilə təşkil olunan sayca səkkizinci
təlim olan Avqust laboratoriyası uşaqlara maraqlı və
əyləncəli gün bəxş etməklə yanaşı, həm də ətraf mühitin
mühafizəsində vacib amillərdən hesab olunan
tullantıların azaldılması və təkrar emalı proseslərini
kiçik yaşlardan öyrənmələri baxımından mühüm töhfə verib.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında
yerləşən Resurs Mərkəzində təşkil olunacaq "Uşaqlar üçün
ekoloji laboratoriya"da iştirak etmək istəyənlərdən IDEA
İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş
olunur. |