İsveçin Landskrona şəhərində keçirilən ağır atletika
üzrə yeniyetmələrin Avropa birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan
milli komandasının üzvlərinin böyük hissəsi "Zirvə"
beynəlxalq idman klubunun nümayəndələri olub.
Yarışda qızların mübarizəsində cəmi bir idmançımız
iştirak edib. "Lənkəran-Zirvə"nin təmsilçisi Səbinə
Əzimova 15 yaşadək atletlərin yarışında 53 kiloqram çəki
dərəcəsində birdən qaldırmada 72, təkanla qaldırmada isə
91 kiloqramı başı üzərinə qaldırıb. İki hərəkətin
yekununda 167 kiloqramlıq nəticə göstərən idmançımız
bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.
Turnirdə 15 yaşadək idmançıların mübarizəsində 27
ölkədən 141 (63 qız, 78 oğlan), 17 yaşadək atletlərin
yarışında isə 29 ölkədən 192 (80 qız, 112 oğlan)
yeniyetmə gücünü sınayıb. |