Bakıdakı
G.Şaroyev adına 35 nömrəli onbirillik uşaq musiqi
məktəbinin bəstəkarlıq şöbəsinin X sinif şagirdi,
istedadlı gənc bəstəkar Arzu Abbasova bu yaxınlarda
Serbiyada bəstəkarların XII beynəlxalq müsabiqəsində
iştirak edərək böyük uğur qazanıb.
Arzu Abbasova müsabiqədə 19 yaşadək olan kateqoriyada
üç əsəri ilə müxtəlif nominasiyalar üzrə qalib
gəlib. Solo musiqi aləti üçün yazılmış əsərlər
nominasiyasında "Mövzu və variasiyalar", instrumental
əsərlər kateqoriyasında isə "Skripka və piano üçün
fantaziya" əsərləri birincilik əldə edib. Gənc
bəstəkar "Cənnət lövhələri" adlı proqramlı süitasına
görə də laureat adına layiq görülüb və müsabiqənin "Gənc
və perspektivli bəstəkarı" adını qazanıb.
Müsabiqənin şərtlərinə görə, qalib əsərlər müxtəlif
konsert proqramlarında səslənəcək və notları məcmuə
şəklində çap olunacaq. Qalib əsərlər "Ümumdünya
Bəstəkarlar Assosiasiyası"na təqdim ediləcək.
Qeyd edək ki, qeyri-adi istedad sahibi olan Arzu
Abbasova ayrı-ayrı ölkələrdə keçirilən (Rusiya, ABŞ,
Qazaxıstan və s.) müsabiqələrdə də iştirak edərək
laureat adını qazanıb.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |