Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqust 2015 - №30

 

Nəqliyyatın inkişafına kollecimiz də öz töhfəsini verəcək

 

Böyütmək üçün seçinİqtisadiyyatın bütün aparıcı sahələrində köklü dəyişiklikləri təmin etmiş, böyük uğurlara nail olmuş Naxçıvan Muxtar Respublikasında nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində də davamlı və məqsədyönlü işlər aparılır. Regionların sosial-iqtisadi inkişafı   Dövlət Proqramları  mərhələ-mərhələ  həyata  keçirildikcə Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyat və sosial sahələr sürətlə   inkişaf etmiş,   Naxçıvanın siması kökündən dəyişilmiş və o dünyanın ən gözəl və ən təmiz regionlarından birinə çevrilmişdir. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də islahatyönümlü xeyli iş görülmüş  muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində yeni ixtisaslar açılmış və tədris korpusları yenidən qurulmaqla  genişləndirilmişdir.

Nəqliyyatın inkişaf səviyyəsi ölkə və regionun, bütünlükdə cəmiyyət sivilizasiyasının inkişafı səviyyəsini müəyyən edən ən mühüm amillərdən biri kimi çıxış edir. Nəqliyyat əməliyyatları istənilən istehsal proseslərinin zəruri şərtidir və elə bu baxımdan da onu iqtisadiyyatın arteriyaları adlandırırlar. Nəqliyyat növləri içərisində dəmiryolu öz üstünlükləri ilə fərqlənir. Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmiryolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmiryolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, dəmiryolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə hazırda "Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə inkişaf  Proqramı" reallaşdırılır. Məhz elə bu məqsədlə kollecimizdə Nəqliyyatda daşımaların təşkili  ixtisasına 2013-2014-cü  tədris ilində ilk  qəbul aparılmışdır. Hazırda həmin ixtisasda təhsil alan III  kurs tələbələrinin sayı 23 nəfərdir. II kursda isə   19 nəfər təhsil alır. 2015-2016-cı tədris ili üçün bu ixtisasa 23 nəfərin qəbul olunması nəzərdə tutulmuşdur. Naxçıvan  Dövlət Texniki  Kollecinin Nəqliyyatda daşımaların təşkili    ixtisası üzrə ümumorta təhsil bazasından  qəbul  aparılır və onların tədris müddətləri   dörd ildir. Təhsilin  sonu məzunlara subbakalavr ixtisas dərəcəsi verilir.

Kollecimizdə tələbələrin ixtisaslarına yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Dərslərin əyaniliyini təmin etmək məqsədilə nəqliyyatda daşımaların təşkili  fənn kabineti  yaradılmışdır.  Kabineti  zənginləşdirmək uçun buraya ixtisasa uyğun stendlər, şəkillər, bir sıra digər avadanlıqlar gətirilmişdir. Tədrisi müasir təlim metodları ilə aparmaq üçün kollecə bu sahə üzrə ixtisaslı mütəxəssislər cəlb edilmişdir. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin köməyi ilə  Azərbaycanda bu sahə üzrə kadr hazırlığı aparan Bakı Dövlət Rabitə  və Nəqliyyat Kolleci ilə əlaqələr yaradılmış, buradan dərsliklər əldə edilmişdir.

Qeyd etmək yerinə  düşər ki, Naxçıvan Dövlət Universitetində dəmiryolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə kadr hazırlığına 2012-2013-cü tədris ilindən başlanmışdır.  Biz hazırlanan kadrların bilik səviyyəsinin daha da yüksək olması üçün muxtar respublikanın bu ali təhsil ocağı ilə  mütəmadi əlaqələr saxlamaqla, birgə "açıq dərs"lərin keçirilməsi təşkil edilir. İstər sərnişindaşımalarında, istərsə də yükdaşımalarında  beynəlxalq  standartların tələblərini ödəyəcək  kadr hazırlığı əsas məqsədlərimizdən biridir. Tələbələrimiz dərsləri kollecin maddi-texniki bazası əsasında öyrənməyə çalışırlar. Digər praktik məşğələləri  isə Naxçıvan dəmiryol stansiyasında  və  Culfa dəmiryol qovşağındakı struktur sahələrdə  keçirlər.  İxtisasın tədris planına uyğun olaraq sonuncu kursun 8-ci  semestrində tədris, texnoloji və diplomqabağı təcrübələrin  "Naxçıvan Dəmir Yolları" MMC-də keçirilməsi nəzərdə tutulmuşdur. Son 3 ay yarımlıq tədris yalnız alınan nəzəri biliklərin təcrübədə əsaslandırılmasına hesablanmışdır.  Tələbələrimiz dəmiryol nəqliyyatında çalışan işçilərin vahid geyim forması ilə təmin edilmişdir. Tələbələrin geyim forması ilə təmin edilməsi onlarda ixtisasa hörmət, davranışlarında məsuliyyət hissi yaradır.

Bizim proqramlarımıza görə  2017-ci il kollecimiz  üçün ən uğurlu il olacaqdır. Belə ki, hazırda III kursda təhsil alan 23 nəfər tələbənin 2017-ci ildə buraxılışı gözlənilir. Nəzərə alsaq ki, dəmiryol xətti  muxtar respublikamızın ərazisinin əsas hissəsini əhatə edir, onda, 23 nəfərin və növbəti illərin məzunları burada müvafiq işlə təmin olunacaqdır. 

Asəf RUŞANOV,
Naxçıvan Dövlət Texniki Kollecinin direktor əvəzi,
kənd təsərrüfatı üzrə fəlsəfə doktoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov