Türkiyənin 84 yaşlı tələbəsi
Türkiyə
vətəndaşı, 84 yaşlı Fatma Mehriban Aktar 61
illik akademik məzuniyyətdən sonra, nəhayət,
İstanbul Memar Sinan Gözəl Sənətlər
Universitetini (Mimar Sinan Güzel Sanatlar
Üniversitesi) bitirib. Orta məktəbi bitirdikdən
sonra Fatma Aktar universitetin rəssamlıq
fakültəsinə daxil olmaq istəyib, lakin
sənədlərini fransız dili fakültəsinə verib.
Universitetdə I kursda oxuyarkən atası rəhmətə
gedib. 17 yaşlı gənc təhsilini yarımçıq qoyaraq
müəllimlik etməyə qərar verib. Ölkənin
şimal-qərbindəki Ərzincan vilayətində bir il
orta məktəbdə müəllim işləyən Fatma İstanbula
gələrək bir vaxtlar mərhum atasının çalışdığı
şirkətin nəşriyyat ofisində işə düzəlib. 1951-ci
ildə Memar Sinan Gözəl Sənətlər Universitetinə
sənəd verib və ali məktəbə daxil olub.
Təhsilini davam etdirməklə yanaşı, Fatma həm
də işləməli olub. Lakin üzləşdiyi maliyyə
sıxıntıları və ağır iş şəraitinə görə Fatma
təhsilini yenə də yarımçıq qoyub. O, bir daha
müəllimlik fəaliyyətinə qayıdıb. Tezliklə ailə
quran Fatma Eskişəhər Universitetinin pedaqoji
fakültəsini bitirərək 1988-ci ildə təqaüdə
çıxıb. 2011-ci ildə Fatma tələbələrə müxtəlif
səbəblərdən başa çatdıra bilmədikləri
təhsillərini davam etdirməyə icazə verən
akademik amnistiya barədə hökumət qərarı ilə
tanış olub. Universitetin arxivindən öz
ərizəsini axtarıb tapan Fatma 61 ildən sonra
bir vaxtlar yarımçıq qoyduğu Memar Sinan Gözəl
Sənətlər Universitetində təhsilini davam
etdirməyə başlayıb. "İlk vaxtlar mənim üçün
ağır idi, hər şeyi atmağa hazır idim. Lakin
həyat yoldaşım məni bir qədər də dözməyə
inandırdı", - deyə birinci kursda üzləşdiyi
çətinliklərdən danışan Fatma Aktar sonrakı 4
ilin onun üçün sanki bir gün kimi keçdiyini
deyib. |
|
İsveçdə müəllimlər çatışmır
İsveçdə
müəllim və həkim çatışmazlığı kəskin həddə
çatıb. "Uçitelskaya qazeta"nın məlumatına
əsasən, bu barədə ölkənin Dövlət Əmək
Agentliyinin hesabatında qeyd olunur.
Bildirilir ki, ölkədə müəllim və həkim
çatışmazlığı iki səbəblə izah olunur. Bu, ilk
növbədə, gənclərin pedaqoji təhsilə az maraq
göstərməsi və ölkənin ali tibb təhsili
müəssisələrində yer azlığı ilə bağlıdır.
Agentliyin hesabatında gələcəyin 200 peşəsi
barədə məlumat verilir. Onların arasında
müəllimlərin və həkimlərin işlə təmin olunma
şansları daha yüksəkdir. İnşaatçılar,
mühəndislər, İKT mütəxəssisləri də əmək
bazarında ciddi tələbat duyulan peşələrdir.
Mədəniyyət və media sahəsində işləmək arzusunda
olanların işlə təmin olunma imkanları isə çox
aşağı qiymətləndirilir. |
|
Finlandiyada yeni təhsil sistemi
Finlandiya
Avropa Birliynə daxil olmayan ölkələrdən olan
əcnəbi tələbələr uçün pullu təhsil sisteminin
tətbiqinə hazırlaşır. Hazırda Avropa
Birliyinə daxil olmayan ölkələrdən 20000
tələbə Finlandiya ali məktəblərində pulsuz
təhsil alır.
Əcnəbi tələbələr uçün pullu təhsil sisteminin
tətbiqinə dair layihə hazırda hökumətin
müzakirəsinə təqdim olunub. Əcnəbilər üçün
pullu təhsil sisteminin tətbiqinə 2016-cı ildən
başlanması nəzərdə tutulub. Ötən ilin
dekabrında layihənin qəbuluna razılıq
verilməyib.
Ölkənin iki tələbə təşkilatı təklifi qətiyyətlə
pisləyərək onun "böyük səhv" olduğunu bəyan
edib. Qeyd olunub ki, əcnəbi tələbələr ölkə
iqtisadiyyatına gəlir gətirirlər. Finlandiya
İqtisadi Tədqiqatlar İnstitutunun
araşdırmalarına görə, bakalavr və ya magistr
səviyyələri üzrə bir tələbənin təhsili
dövlətə 2300-2800 avroya başa gəlir.
|
|
91 yaşlı italiyalı məzun
İtaliyanın
Kyeti şəhərinin sakini Nikola Torello, nəhayət,
91 yaşında orta məktəbi bitirib. "Uçitelskaya
qazeta"nın məlumatına əsasən, "The Local"
nəşrinə müsahibə verən qoca bu işin öhdəsindən
əvvəllər də gələ biləcəyini, lakin çox
işlədiyini, dörd uşaq və altı nəvə saxladığını
deyib. Onun sözlərinə görə, bu səbəbdən də orta
məktəbi vaxtında bitirə bilməyib. N.Torellonun
buraxılış imtahanında onun qohumları da iştirak
ediblər. Təqaüdçü italyan yazıçısı və şairi
Alessandro Mandzoni haqqında inşa yazıb,
riyaziyyatdan tapşırıq yerinə yetirib və ingilis
dilindən şifahi imtahan verib. "Mən ötən il
rəhmətə getmiş sevimli arvadım barədə danışmaq
istədim, lakin mənə imkan vermədilər", - deyə
qoca imtahanın gedişini şərh edib. Ölkənin ən
yaşlı məzunu bildirib ki, yaxın vaxtlarda ali
təhsilini davam etdirəcək və kompüterdən,
internetdən istifadəni öyrənmək niyyətindədir.
Qoca bu yaşa çatmaqda və yaxşı vəziyyətdə
qalmaqda ona üzgüçülüyün kömək etdiyini deyib.
O, həftədə 2 dəfə yerli hovuzların birində
üzgüçülüklə məşğul olur.
Qeyd edək ki, bu ilin aprel ayında Amerikanın
Viskonsin ştatından olan 103 yaşlı təqaüdçü
Mari Hant orta məktəbi bitirərək attestat alıb.
Vaxtilə o, səkkiz azyaşlı bacı-qardaşını
saxlamaq üçün məktəbi buraxmalı olub.
|
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında |