Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqust 2015 - №30

 

Gələcəyə aparan yol

 

 Müəllim fəaliyyətində istedadlı uşaqlarla iş 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

o.mustafayev
@muallim.edu.az

Hər il dünyanın ayrı-ayrı   ölkələrində keçirilən bilik yarışları,  fənn olimpiadaları məktəblilərin elmin bu və digər sahəsində qazandıqları  bilik və səriştələri nümayiş etdirməyə, onların potensialını üzə çıxarmağa imkan verir.  Birmənalı şəkildə demək olar ki,  hər hansı ölkənin gələcək inkişafı istedadlı, qeyri-standart düşüncəli, problemli situasiyalardan çıxış yolunu tapmağa qabil, mürəkkəb  tapşırıqların həlli yollarını  axtarmağı  bacaran  insanlardan asılıdır.  Bu günün  məktəbliləri dünya elmində tərəqqiyə nail ola biləcək, mədəniyyət və incəsənəti  inkişaf  etdirəcək, ölkənin  gələcəyini müəyyən edəcək   mütəxəssislər, alimlər, biznesmenlər, siyasətçilərdir.  Bu istedadlı   uşaqları tapmaq və onların bilik və qabiliyyətlərini  inkişaf  etdirmək müasir təhsil sisteminin  qarşısında duran əsas vəzifələrdəndir.  Bu işdə isə olimpiada hərəkatı  başlıca rol oynayır.

Şagirdlərin əldə etdikləri uğurlarda  gələcəyin olimpiada qalibləri ilə məşğul olan, cəmiyyətin intellektual elitasını hazırlayan müəllimlərin əməyi çox böyükdür.  Heç təsadüfi deyil ki, hələ 100 il əvvəl Böyük Britaniyanın görkəmli dövlət  xadimi  Uinston Çörçil qeyd edirdi ki, "məktəb müəllimləri elə bir hakimiyyətə malikdirlər ki, bunu  baş nazirlər yalnız arzu edə bilərlər". 

Məktəblilərin olimpiadası istedadlı uşaqlarla işin bugünkü sisteminə möhkəm  daxil olub.  Onlar  uşaqların yaradıcılıq, təfəkkür  qabiliyyətlərinin,  hadisələri müqayisə etmək bacarıqlarının  aşkar olunmasına yönəlib.  Gənc istedadların üzə çıxarılması işində  məktəblilərin  Respublika fənn  olimpiadaları  xüsusilə mühüm rol oynayır.  Demək olar ki, bu cür tədbirlərin kütləviliyi sayəsində ölkənin bütün məktəblərindən olan şagirdlər  bilik yarışlarında iştirak edirlər.   Uşaqlar üçün bu nəinki öz bilik və bacarıqlarını yoxlamaq imkanı əldə etmək, eləcə də  özünəinam, özünü təsdiq üçün  yeni məqsəd və imkanların yaranmasıdır.  Ən başlıcası isə uşaq üçün arzuolunmaz maraqlara  alternativin əldə olunmasıdır.   Axı, təəssüf  ki, bugünkü  kədərli  statistikaya görə, yeniyetmələr arasında  narkotikə və alkoqolizmə meyillilik artmaqdadır.   Müxtəlif  səviyyəli olimpiadalara hazırlıq və onlarda iştirak isə  bu təhlükəli riski azaltmağa imkan verir, şagirdlər qarşısında təhsil və elmin maraqlı dünyası açılır.  İntellektual olimpiadalarda iştirak uşaqları biliklərə  istiqamətləndirir, onlarda  peşəkar maraqları  formalaşdırır,  onları  sanki idmanla məşğul olanlar kimi möhkəmlədir.

Bir idmançının  dünya çempionu olması üçün yüz min insan  məhəllə komandalarında futbol oynamağa başlamalıdır. Eynilə də bir alimin dünya kəşfi etməsi üçün  milyonlarla şagird  məktəb dərslik proqramı ilə məşğul olmalı, bilik yarışlarında  çox mürəkkəb məsələləri  həll etməyə, qələbəyə can atmalıdır.  Və onlardan ən yaxşıları   öz şəxsiyyətinin yeni cəhətlərini aça, özündə inam əldə edə və  gələcək inkişaf  üçün əlavə stimul qazana bilər. İstedadlı məktəblilər üçün yeni perspektivlər və imkanlar  açmaq təhsil sistemi qarşısında duran  vəzifələrdən biridir. Hər bir şagirdin uğur və nailiyyətləri isə, ilk növbədə,  onun müəlliminin xidmətidir.  

Uğurlu inkişafın rəhni 

Müasir dünyada təhsil  cəmiyyətin və ölkənin uğurlu inkişafının rəhni və əsas resursudur.   Dövlət, cəmiyyət, biznes  təhsilə  nə qədər  çox vəsait ayırırsa, ölkənin potensialı  və  çoxcəhətli  perspektivi də  bir o qədər  yüksək olur.  Gələcəkdə yüksək təhsilli insanlara daha çox tələbat olacaq.   Məhz onlar müasir innovasiya iqtisadiyyatına və  elminə uğurla cəlb olunacaq,  ölkənin rifahı naminə öz bilik və bacarıqlarını tətbiq etməklə  unikal məhsul və texnologiyalar yarada biləcəklər.  Bu gün istedadlı uşaqlara qarşı yeni, daha yüksək standartlar və tələblər  irəli sürülür.  Bu o deməkdir ki, müəllimlər istedadlı uşaqların inkişafı üçün ən müasir texnologiyalara  mükəmməl sahib  olmalıdırlar.  Bu gün orta məktəb müəllimləri  böyüməkdə olan nəslin təşəkkülündə və inkişafında mühüm rol oynayır. Məhz məktəb müəllimləri  öz şagirdlərində istedad və qabiliyyəti  aşkar edə və onları inkişaf etdirməyə kömək göstərə  bilər. 

Fərdi yanaşma 

Müasir müəllim  istedadlı şagirdləri axtarır və  onlara informasiyaları müstəqil surətdə tapmağı öyrədir.  Hər bir uşağa fərdi yanaşmanı tapmaq bəzən  çətin olsa da,  müəllimin vəzifələrindən biri  uşaqların tələbat və imkanlarını  müəyyən etmək, istedadlı şagirdləri aşkara çıxarmaq və onları dəstəkləməkdur. Şagirdlərin müxtəlif  beynəlxalq olimpiadalarda uğurla çıxış edərək medallar qazanması isə ilk növbədə müəllimlərin əməyi sayəsində mümkündür. Bu isə məsuliyyətli vəzifədir.

Məhz  məktəb müəllimlərinin köməyi  və  dəstəyi ilə qabiliyyətli uşaqlar gələcəkdə böyük alim kimi yetişə bilər.  Uşaqlarda istedadı erkən  vaxtlardan inkişaf  etdirmək lazımdır, bu qabiliyyət nə qədər tez müşahidə olunarsa və ya özünü büruzə verərsə,  bir o qədər yaxşıdır.  Bununla uşağın potensialını  aşkarlamağa daha çox imkan yaranmış olacaq.   Məktəblilərin fənn olimpiadalarının nəticələrini  qiymətləndirərkən məlum olub ki,  istedadların üzə çıxarılması  və hazılanması üzrə ən yaxşı təcrübə məktəb-universitet əməkdaşlığının sıx olduğu,  universitetlərin, akademiyaların, institutların və istedadlı uşaqlara dəstək mərkəzlərinin  təhsil ocaqları ilə yaxından  əməkdaşlıq etdiyi  və müəllimlərə kömək göstərildiyi yerlərdə müşahidə olunur. Müxtəlif  illər üzrə olimpiada qaliblərinin varisliyi də az rol oynamır,  axı  istedadı yalnız məktəb dərslərinə bağlamaq olmaz, onu vaxtında görmək və inkişaf etdirmək, daha çox zəruri bilik və informasiya ala biləcəyi səmtə yönəltmək lazımdır.  Müəllimlər  yeni biliklər dünyasında şagirdlərin bələdçisi olur,  onları  olimpiada resursları ilə təmin edir,  fənn üzrə şagirdə onu   maraqlandıran materiallardan  əlavə,  daha  dərinləşdirilmiş biliklər əldə etməsi  üçün rəhbər tapmaqda kömək edir.  Belə ki, aşağı siniflərin bacarıqlı şagirdi ilə  olimpiadaların qalibi - yuxarı sinif şagirdi  və yaxud da  ali məktəbin istedadlı tələbəsi, eləcə də universitet müəllimi  də məşğul ola bilər. Distant təhsilin müasir texnologiyalarını da bu prosesə  cəlb etmək olar  və  ya əlavə kurslar,  dərnəklər  təşkil oluna bilər.  Əgər  müəllim  çox yüksək səviyyədə  çətin tapşırıqların həllində uşaqlara kömək edə bilmirsə, onda köməyə ali məktəb müəllimləri gələ bilər.  Əgər uşaq qeyri-adi bacarıqlarını göstərirsə, onları  inkişaf etdirmək lazımdır. 

Təcrübə və praktika 

Əksər hallarda şagirdlərin yüksək nailiyyətləri müəllimlərin uzunillik  zəhməti hesabına başa  gəlir. Olimpiadalarda iştirak təcrübəsi  çox vacibdir.  Uşaqlar məktəbdə, kurslarda  və  evdə  çox məşğul ola bilər,  lakin yarışma mühitini heç nə ilə əvəz etmək olmaz.  İntellektual yarışmalar gedişində təkcə öz biliklərini, qabiliyyətlərini və qeyri-standart düşünmə  tərzini  nümayiş etdirmək  lazım gəlmir,  eyni zamanda tapşırıqların həlli  üçün verilmiş şərti  vaxt çərçivəsindən kənara çıxmamaq tələb olunur.   Dözüm və xarakter nümayiş etdirməli, özünü itirməmək  və əsəbiləşməmək, özünü ələ almaq və diqqəti tapşırıqlara yönəltmək   lazımdır.  Bu isə əlavə ustalıq,  məşqlərin nəticəsi və praktika deməkdir.  Hər bir uşağın isə bu keyfiyyətləri nümayiş etdirə  bilməsi üçün öz müəllimi var. Olimpiadalarda kimlərsə qalib olur, mükafat alır,  növbəti yarışlara vəsiqə qazanır.  Mükafat ala bilməyən şagirdlər  üçün isə olimpiadalarda iştirak etməyin özü onları gələcək təhsilə,  vərdiş və bacarıqlarını məşq etdirməyə, növbəti bilik yarışlarında  özünü daha yaxşı  tərəfdən nümayiş etdirməyə stimullaşdırır.  Orta məktəbin 5-6-cı sinif şagirdləri üçün olimpiadalar məktəb yarışları ilə məhdudlaşır, əvəzində isə  onların qarşısında   gələcək üçün  geniş perspektivlər açılır.  Məktəblilərdə intellektual  fəaliyyətə həvəs yaranır və onlar gələcəkdə bütün çətin tapşırıqların öhdəsindən gələ bilmək üçün yarışlara  ciddi hazırlaşa bilərlər. Olimpiada zamanı uşaqlar  bir-biri ilə mübarizə aparmır, çox mürəkkəb tapşırıqları  həll etməli olurlar.   Və  nəticədə böyük zəka sahibi  qalib gəlir. 

"Uçitelskaya qazeta"dan

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov