Təhsil naziri Mikayıl Cabbarovun ANS televiziyasına
müsahibəsi
(Əvvəli ötən nömrəmizdə)
Mirşahin:
Mən düşünürəm ki bizim maraqlı cavablarımızdan biri elə
bu olacaq. Bir şeyi soruşmaq istəyirəm. Azərbaycanda
peşə və vəzifə arasında daim mübarizə gedir. Peşə
vəzifədən geri qalır və həmişə insanlar vəzifəyə can
atırlar. Məsələn, bu günlər mənə deyəndə ki,
Azərbaycanda işsizlik var, bu mənə çatmır. Ona görə ki,
peşəkarlara həmişə ehtiyac var. Azərbaycanın elə yeri
yoxdur ki, peşəkar kadrlara ehtiyac olmasın və o da
dərhal təmin olunsun. Biz sizinlə 10 vəzifə sadalaya
bilərik ki, harda ki, güclü kadra ehtiyac var. Bir halda
ki peşəkarlara ehtiyac var, peşəkar sözünün kökü də
peşədir. Yadıma gəlir ki, sovet zamanının axırlarına
qədər bizdə peşə məktəbləri vardı. Bunlar sonra kollec
oldu. Yataqxanaları da var idi. Onların elanları gedirdi
"Bakı" qəzetində, AzTV-də və sonradan peşə məktəbləri
bir sinif kimi yoxa çıxdılar. Təhsil naziri olaraq siz
bu peşə məktəblərinin dirçəldilməsinə hansısa bir
formada maraqlı olmalısınız. Bu istiqamətdə hansısa
işlər görülürmü? Çünki insan çörək qazanmalıdır. Yoxdur
müəllim yeri, yoxdur prokuror, neçə gömrük işçisi olacaq
ki? Amma peşə hər yerdə peşədir və hər dəfə bunlara
ehtiyac var.
M.Cabbarov:
Mən sözün düzü iş və vəzifə münasibəti barədə
düşünməmişdim, amma dediklərinizdən sonra düşünəcəm. Çox
maraqlı bir fikirdir. Peşə təhsili bizim üçün çox önəmli
bir sahədir. Bunun önəminin səbəbləri bir neçədir.
Birincisi, odur ki, Azərbaycan son illərdə sürətlə artan
iqtisadiyyata malik olubdur, eyni zamanda ölkəmizdə
demoqrafik göstəricilər yüksəlir. Yeni keyfiyyətli
kadrlara, o cümlədən, peşə sahəsində formalaşmış
kadrlara ehtiyac getdikcə artır. Biz bunu əmək
miqrasiyası trendlərində də görürük. Sirr deyil ki, bu
gün Azərbaycanda bir sıra əcnəbi vətəndaşlar da müxtəlif
peşələrdə fəaliyyət göstərir. O nöqteyi-nəzərdən biz öz
əmək bazarımız üçün təbii olaraq kadrlarımızı özümüz öz
vətəndaşlarımız arasından hazırlamalıyıq.
Mirşahin: Üzr istəyirəm, Sumqayıtda bu boyda neft kimya
kompleksi tikilir. Azərbaycan yavaş-yavaş Avropanın ən
böyük qaz ixracatçısı ölkələrindən birinə çevrilir.
Söhbət baş mühəndisdən getmir, sahə rəisindən getmir.
Söhbət adi tokardan, frezerçidən, yiv açandan gedir,
neft fəhləsindən gedir. Belə adamları yetişdirmək üçün
peşə məktəbləri var idi.
M.Cabbarov:
İkinci məsələ odur ki, bizim iqtisadiyyatımızın
strukturu şaxələnir və dəyişir. Və bu da öz növbəsində
bizim qarşımızda yeni çağırış qoyur. O çağırış da ondan
ibarətdir ki, biz artıq ilk peşə təhsilindən əlavə
olaraq başqa peşəyə sahib olan insanın digər, ikinci bir
peşəyə yönləndirilməsini, onun öyrədilməsini, təhsili
prosesinin qurulmasını təmin etməliyik. Bu çox mühüm
məsələdir. Peşə təhsili məktəblərinin fəaliyyətində
ənənəvi olaraq ən böyük problemlər nə olub? Birinci
problem ondan ibarət olub ki, bu sahəyə cəmiyyət
tərəfindən kifayət qədər aşağı prestijə malik olan bir
istiqamət kimi baxılıbdır. Yəqin ki, bunun səbəblərindən
biri odur ki, bizim təhsil sistemimizdə peşə təhsil
sisteminin digər təhsil səviyyələri ilə, misal üçün orta
ixtisas, kolleclər və yaxud ali təhsillə bağlantısı
olmayıbdır və müəyyən mənada bu yolu seçmiş insanın
gələcəkdə öz təhsilini davam etdirmək imkanı kifayət
qədər məhdud olubdur. Biz təhsil pillələrinin bir-birinə
inteqrasiyasını təmin etmək üzərində işi başa
çatdırırıq.
Digər mühüm bir məsələ Sovet İttifaqının son illəri və
müstəqillik illərinin ilk illəri dövründə obyektiv və
subyektiv səbəblərə görə bu sahədəki maddi-texniki
bazanın itirilməsidir. Burada subyektiv səbəblər hamıya
məlumdur - hərc-mərclik, özbaşınalıq və s. Obyektiv
səbəblərdən isə ən mühümü və böyüyü odur ki, bizim
qaçqın və köçkün düşmüş soydaşlarımızın yerləşdirilməsi
üçün ən çox istifadə edilən sahə məhz təhsil sahəsi olub.
O təhsil sahəsinin çərçivəsində də peşə təhsil
müəssisələri, onların yataqxanaları, ali təhsil
məktəblərinin yataqxanaları, başqa sözlə, kifayət qədər
maddi-texniki baza təhsil təyinatından çıxarılaraq başqa
məqsədlərə, cəmiyyət, dövlət üçün o zaman daha mühüm
olan sahələrə istifadə olunub.
Nəhayət, peşələrə həm müəllimlərin, həm də ixtisasdan və
peşədən gəlmiş insanların cəlb olunması vacibdir. Çünki
yaxşı qaynaqçını yalnız yaxşı qaynaqçı təlim edə bilər,
yaxşı ustanı yalnız yaxşı usta və s. Eyni zamanda,
iqtisadiyyatın strukturu dəyişdikdə peşə standartlarının
hazırlanması da dəyişir. Yəni, bizə deyilir ki, qaynaqçı
məzun olanda bu kimi bacarıqlara malik olmalıdır və ya
avtonəqliyyatla işləyən mütəxəssis bu kimi biliklərə
malik olmalıdır. Biz standartlarla, sənədlərlə tanış
olanda aşkarladıq ki, bir çox peşə standartları tam
təzədən hazırlanmalıdır. Yəni konkret misal kimi, biz
gördük ki, bu gün heç istifadə etmədiyimiz və yaxud
Azərbaycan bazarında ya azlıq təşkil edən, ya da
ümumiyyətlə istehsaldan çıxarılan hansısa avtomobillərin
ustalarını buraxırıq. Kimin üçün biz onları buraxırıq?
Əgər o maşın artıq heç Rusiyada belə buraxılmırsa, bu
usta bazara çıxandan sonra həmin biliyini hansı
maşınlara tətbiq edəcək? Yəni peşə standartı
dəyişməlidir, o bugünkü gün və ya bəlkə də sabah üçün
yazılmalı və bilik verməlidir ki, peşə məktəbini bitirən
mütəxəssis də asanlıqla iş tapa bilsin, onun bacarığı
tələbatda olsun. Yenə də burada həqiqi təhsillə təhsil
sənədi arasında müşahidə etdiyimiz fərq fenomenini
görürük. Təhsil sahəsinin canlandırılması üçün Təhsil
Nazirliyi tərəfindən "Müasir Azərbaycan peşəkarları"
layihəsi həyata keçiririk. Bu layihə çərçivəsində biz
Azərbaycanın böyük və kiçik işəgötürənləri ilə əlaqələr
qurmuşuq, "Azərsu"dan başlayaraq özəl sahibkarlıq
assosiasiyalarına qədər. Bunun məqsədi ondan ibarətdir
ki, biz olan tələbata uyğun olaraq öz tədris
proqramlarımızı dəyişdiririk, o ixtisasları buraxırıq ki,
onlara bazarda tələbat var. Peşə standartlarına yenidən
baxırıq o şirkətlərlə ki, bizim məzunlara yer verir.
Almaniyanın GİZ təşkilatı ilə birlikdə peşə məktəbləri
direktorları üçün təlimlər keçirmişik və yeni tədris
ilinə yaxın günlərdə onların təyinatları barədə əmrlər
imzalanacaq. Seçilmiş peşə təhsili məktəblərində təmir
işləri başa çatıb. İstər bizim tərəfimizdən, istər özəl
sektor tərəfindən yeni ixtisaslar açılıbdır, onlar üçün
orta və qısamüddətli treninqlər keçiririk. Biz müşahidə
edirik ki, "Müasir Azərbaycan peşəkarları" layihəsi ilə
əhatə olunmuş peşə məktəblərinə şagird axını dəfələrlə
artıbdır, onların məzun olandan sonra işə düzəlmə
statistikasını diqqətdə saxlayırıq, çox yüksəkdir,
peşəsi olan, savadı olan insan iş tapa bilir, iş o adam
tapa bilmir ki, onun savadı müasir dövrə uyğun deyil.
Mirşahin - Və get-gedə o fikrə qayıdıram ki, qoy ibtidai
və orta təhsil olsun pulsuz, amma ali məktəblərin
təhsili hamı üçün pullu olmalıdır. Dəyərləndirməkdən
danışırıqsa, insanlar bəlkə dəyərləndirə bilmirlər?
M.Cabbarov:
Amma burada sosial ədalət məsələsi var, ona görə ki,
təhsil sosial lift funksiyasını oynayır. Bu gün bizdə
elə ailələr, elə təbəqə var ki, bu gün onun övladı
akademik biliyə malikdir, müvafiq balı yığır,
digərlərindən daha çox bal yığıbdır və haqlı olaraq
dövlət tərəfindən həmin o təhsil qrantını, hansı ki, biz
o təhsili "dövlət sifarişli" adlandırırıq, əldə edibdir.
Biz ona el arası "pulsuz təhsil" deyirik, əslində o
pulsuz təhsil deyil, o pullu təhsildir, sadəcə olaraq o
təhsilin pulunu dövlət ödəyir qrant kimi. Bu sistemin
mən təbii olaraq qorunmasının tərəfdarıyam və düşünürəm
ki, ən yüksək nəticə göstərənlərə o balı, o qrantı,
pulsuz təhsil hüququnu veririk və mən onu birmənalı
şəkildə qorunub saxlanmasının tərəfdarıyam, lakin biz
bir məsələdə artıq islahata başlamışıq. Bu, tələbə
təqaüdləri məsələsidir. Bu gün bizdə necədir. Dövlət
sifarişi ilə, yəni pulsuz təhsil alan 4 il ərzində
pulsuz oxumaqla yanaşı həm də dövlətdən təqaüd alır.
Pullu, yəni ödənişli təhsil alan isə ala bilmir. Biz bu
sistemi rəqabət mühiti üçün ədalətsiz bir sistem hesab
edirik. Onların hər ikisi eyni vəziyyətdə olmalıdır və
təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq
ödənilməlidir. Odur ki, dediyimiz kimi, biz buna dövlət
tərəfindən verilən 2 ayrı-ayrı təhsil haqqı qrantı kimi
baxırıq - bir dəfə dövlət qrant kimi təhsil haqqını
ödəyir, ikinci dəfə dövlət deyir ki, mən bu sayda
tələbəyə təqaüd ödəyəcəm. Amma məzunlar ali təhsilə
qəbul olmaq üçün necə rəqabət aparıblar, bu təqaüd üçün
də rəqabət aparmalıdırlar. Və ən uğurluya, ən bilikliyə
mən dövlət tərəfindən dövlət təqaüdünü ödəyəcəyəm. Bu,
tələbələr arasında rəqabət mühiti yaradar, onların
istər-istəməz nailiyyətlərinin artmasına xidmət edər.
İkinci məsələ və bu da düşünürəm ki, çox mühümdür.
Bugünkü sistemdə biz hamımız tələbə olmuşuq və biz
hamımız onun şahidi olmuşuq ki, "mən tapşırılmışam, siz
tapşırılmamısınız" kimi amillər var, tapşırılmayan üçün
o qədər də fərq eləmir ona "5" yazılacaq qiymət, "4"
yazılacaq.
Mirşahin: Məni öz qiymətim maraqlandırır və alacağım
təqaüd...
M.Cabbarov:
Sizi öz qiymətiniz maraqlandırır, mənim qiymətim sizi
maraqlandırmır. Və bildiyiniz təqdirdə ki, mən haqsız
olaraq bu qiyməti alıram, əslində, bu sizin
maraqlarınıza toxunmur. Amma bizim yeni təklif etdiyimiz
yanaşmada bu birbaşa olaraq sizin marağınıza toxunacaq.
Çünki əgər mən ədalətsiz şəkildə tapşırılmışamsa, mənə
ədalətsiz "5" qiyməti yazılıbsa, bu o deməkdir ki,
təqaüdü ədalətsiz şəkildə mən alacam, siz
almayacaqsınız.
Mirşahin: Mən nə edəcəm? Aclıq elan eləyəcəm...
M.Cabbarov:
Yox, bu, müəyyən mənada ictimai nəzarət formasının,
sivil cəmiyyətdə qəbul olunmuş balanslar sisteminin
tətbiqinin bir alətidir. Sizin vətəndaş kimi, yenə
deyirəm, seçiminiz var. Siz vətəndaş olaraq yenə də
keçmiş sistemdə olduğu kimi heç nə etməyə bilərsiniz,
amma onda ən azı özünüz özünüzə sual verməlisiniz ki,
siz nədən şikayətlənirsiniz? Yəni, siz şikayət etməyə
belə çəkinirsinizsə və etmək istəmirsinizsə - qəbul
olunmayıb, bu yaxşı deyil və sair - bu zaman siz kimdən
şikayətlənirsiniz, sistemdənmi şikayətlənirsiniz və sair.
Sizin başqa çıxış yollarınız da var, o da ondan
ibarətdir ki, təhsil sistemində bir fərq olmalıdır - o
da bilik səviyyəsi. Bunu qəbul edən cəmiyyətlər
sosial-iqtisadi firavanlığa daha asan nail ola bilirlər.
Bunu qəbul etməyən cəmiyyətlər sosial-iqtisadi
firavanlığın əldə edilməsində çətinliklər çəkir.
Mirşahin: Mikayıl müəllim, mən sizi kifayət qədər uzun
müddətdir tanıyıram. İqtisadi İnkişaf Nazirliyində
işlədiyiniz dövrdən də, İçərişəhərdə meriyanın
rəhbərliyində olduğunuz dövrdən də. Bilirəm ki, sizin
fəaliyyət zonanızda baş verən hadisələr çox çevik bir
şəkildə bizə gəlib toxunurdu. Yəni biz nəticələri dərhal
hiss edirdik. Təhsil Nazirliyində fəaliyyətinizin
nəticələrini dərhal hiss etməyimizdən danışa bilmirəm,
çünki dərhal hiss etmirəm. Ona görə, soruşmaq istəyirəm:
məqsədiniz nədir və bu məqsədə siz niyə belə təkamül
yolu ilə gedirsiz? Bəlkə, hansısa inqilabi addımlar
atmaq lazım idi?
M.Cabbarov:
Dövlət başçımızın verdiyi tapşırığa və onun həyata
keçirdiyi siyasətə uyğun olaraq mən ali məqsədimi
aşağıdakı kimi formalaşdıra bilərəm:
Ali məqsədim ondan ibarətdir ki, bizim təhsil sistemimiz
Azərbaycanın elə məzunlarını və vətəndaşlarını
formalaşdırsın ki, onlar dayanıqlı şəkildə bizim
ölkəmizin sosial-iqtisadi inkişafını və firavanlıgını
təmin edə bilən insan kapitalı olsun, qlobal
iqtisadiyyatda rəqabət apara bilən dövlətin və o
rəqabətdə uğur qazana bilən dövlətə sadiq vətəndaşlar və
yüksək keyfiyyətli peşəkarlar olsun. Uğurlu və qlobal
iqtisadiyyatda rəqabətli məzun olmaq nə deməkdir,
bugünkü dünyada, 21-ci əsrdə və 2000-ci ildə yox,
1980-ci ildə yox, bəlkə 2025-ci ildə, bəlkə 2020-ci
ildə, bəlkə 2035-ci ildə bu nə tələb edir. Və tamamilə
aydındır ki, bu, bir sıra o yanaşmaları və o
bilik-bacarıqları tələb edir ki, hansını ki, biz
istədiyimiz qədər və yaxud istədiyimiz keyfiyyətdə
təhsil sistemimizdə ya verməmişik, ya da verə
bilməmişik. Bunları mən sıralayası olsam, biri xarici
dildir. Azərbaycan böyük dövlətlər arasında yerləşən bir
ölkədir. Bizim sosial-iqtisadi münasibətlərimiz, bizim
iqtisadi strukturumuz, bizim inkişafımız müəyyən mənada
dünyada elmi nailiyyətlərdən vaxtında məlumatlı
olmağımızdan, bunu öz iqtisadiyyatımıza öz faydamız üçün
tətbiq edə bilməyimizdən, bunun üçün isə bizim
vətəndaşlarımızın, bizim məzunumuzun xarici dilləri
bilməsindən birbaşa olaraq bağlıdır. Bu bir alətdir. Bu,
həm əmək bazarına çıxmaq üçün alətdir, bu, həm işçi
əlaqə qurmaq üçün bir alətdir, bu, turizm üçün bir
alətdir, bu, iqtisadiyyat üçün bir alətdir, bu elmi
nailiyyət üçün bir alətdir və sair. İkincisi nədir?
İkincisi, çeviklikdir. Çeviklik nə deməkdir? Mirşahin
müəllim, 2040-cı ildə mövcud olacaq peşələrin 60 faizi
bu gün məlum deyil. Yəni bu gün anadan olan uşaq əmək
bazarına çıxanda, təxminən 20-25 yaşında olanda onun
hansı peşə sahibi olacağı naməlumdur. Biz tanıdığımız
peşə olmaya bilər bu - texnologiyaların inkişafına görə,
cəmiyyətin dəyişdiyinə görə. Ona görə sual olunur ki,
təhsil sistemi nə verməlidir? Nə verməliyik ki, o məzun
rəqabətli olsun və ölkəyə töhfə verə bilsin? Çeviklik...
yəni o bilik və bacarıqları tətbiq edə bilmək və sair.
Necə bu bağlıdır sizin verdiyiniz suallara? Radikal
addımlarmı olmalıdır? Təkamül yolumu olmalıdır? Çünki,
mən qeyd etdiyim kimi təhsildə o nəticənin formalaşması
üçün, o məktəbin formalaşması üçün biz qəbul etdiyimiz
qərarlar tək bu günün gündəliyinə xidmət edən qərar
olmamalıdır. O həmçinin formalaşan nəslin istədiyimiz
məhsul kimi yetişdirilməsinə xidmət edən qərar
olmalıdır. Və səmimi olaraq mən düşünmürəm ki, biz aşağı
sürətlə getmişik. Mən hesab edirəm ki, birincisi, sürət
keyfiyyət amilinə söykənir. Yəni sənin istənilən
prosesdə və istənilən işdə sürətin nə qədər yüksəkdirsə,
sənin keyfiyyətin azalması riskin də o qədər yüksəkdir.
Bu bir amildir və mən hesab edirəm ki, burada ilk
növbədə biz verilən qərarların keyfiyyətini təmin
etməliyik. Çünki biz qərarı səhv verdiyimiz təqdirdə
onun nəticəsini yalnız müəyyən dövrdən sonra görəcəyik.
Və yalnız müəyyən dövrdə görəndən sonra biz gərək
qayıdaq birinci olduğumuz yerə və oradan təzədən
başlayaq. Ona görə qərarların keyfiyyəti ilə qərarların
sürəti arasında seçim olanda mən məcburam keyfiyyətə
önəm verim. İkincisi, mən hesab edirəm ki, biz bir sıra
qərarlar qəbul etmişik, hələ ki, bizim ictimaiyyət, o
cümlədən media o qərarın mahiyyətini tam görmür.
Mirşahin: Hansı qərarlar, eşidə bilərikmi?
M.Cabbarov:
Məsələn, biz artıq iki il bundan öncə dövlət vəsaitinə,
dövlət sifarişinə ali təhsildə bir çox universitetlərin
çıxışını bağlamışıq. Yəni biz təhlil etmişik və görmüşük
ki, bu universitetlərdə təhsilin keyfiyyəti o qədər
aşağı səviyyədədir ki, və o qədər müasir dünyanın ali
təhsil səviyyəsinə uyğun deyil ki, bizim məhdud dövlət
vəsaitimizi o universitetlərə xərcləməyimiz düzgün
deyil. Biz dövlət sifarişini o universistetlərə
vermirik. Bu inqilabi qərardır. Nəyə görə inqilabidir?
Çünki faktiki olaraq biz bəyan etmişik ki, - bu sözü
demədən "bu daha çox keyfiyyətli universitetdir, bu isə
daha az keyfiyyətli universitetdir", - öz vəsaitimizi,
dövlətin vəsaitini biz daha az keyfiyyətli
universitetlərə xərcləmək istəmirik.
Mirşahin: Və bu keyfiyyətsiz universitetlərin adlarını
elan etmisiniz ki, hansılardır?
M.Cabbarov:
Bəllidir, yəni onlar hamısı bəllidir, harada dövlət
sifarişi var, harada dövlət sifarişi yoxdur, amma
keyfiyyətsiz universitet dedikdə, bu, daha az
keyfiyyətsizdir, keyfiyyətli ilə müqayisədə anlaşıla
bilər. Biz demirik ki, bu universitet deyil. Elə
universitet var ki, biz onu bağlamışıq.
Mirşahin: Və baxmayaraq ki, bizim o heç bir
universitetimiz dünyanın 500 aparıcı universiteti
siyahısında deyil.
M.Cabbarov:
Siz haqlısınız, biz "500"də yoxuq, amma deyək ki,
Azərbaycanın, səhv etmirəmsə, 3 universiteti "700"lər
sırasında gedir. Biz bununla qane ola bilərikmi? Yox,
təbii olaraq gələcəyə baxdıqda, Mirşahin müəllim, biz
qane ola bilmərik 700, 740-cı yerlə və sair. Biz çox
istəyirik ki, bizim universitetlər dünyanın 100
universiteti sırasına daxil olsun və sair. Amma burada,
yenə də deyirəm, obyektiv səbəblər də var. Bunları
burada indi sadalamaq vaxt aparar, amma bu
universitetlərin tarixindən başlayaraq, onların
idarəetmə strukturunun keyfiyyətindən başlayaraq,
onların maliyyələşməsindən başlayaraq, onların
maddi-texniki bazasından, onlarda fəaliyyət göstərən
müəllimlərin Nobel mükafatçıları olmasından başlayaraq
biz məsələyə real yanaşmalıyıq və real məqsəd
qoymalıyıq. Və özümüzə qərar verməliyik ki, bizim üçün
nə daha mühümdür? Bizim 1 universitetimiz, misal üçün,
dünyanın 100 ən yaxşı universiteti sırasına daxil olsun,
yoxsa bizim universitetlərimizin əksəriyyəti daha yüksək
keyfiyyətli məzun buraxsın. Bu bəlkə də ictimai müzakirə
tələb edən bir məsələdir. Biz bu gün həmin, bir az öncə
danışdığımız minimal balın qaldırılması və bundan sonra
bu prosesin davam etdirilməsi siyasətini davam
etdirəcəyik. Düzdür, bunun başqa fəsadları da var. Biz
müşahidə edirik ki, Azərbaycanda o minimal tələbə uyğun
olmayan gənc gedir qonşu dövlətin birində, fərq eləmir
Gürcüstanda, Ukraynada, Rusiyada, yaxud heç qonşu
olmayan dövlətdə ali təhsil müəssisəsinə qəbul olur, ali
təhsilli mütəxəssis olur və 4 ildən sonra bizim əmək
bazarımıza qayıdıb deyir ki, baxın, mən də şərti olaraq
mühəndisəm, yaxud mən də həkiməm. Halbuki, biz başa
düşürük və biz görürük ki, bu uşağın, bu məzunun ilkin
balı ali təhsil səviyyəsindən xeyli aşağı səviyyədə idi.
Qloballaşan dünyada universitet öz ölkəsinin
vətəndaşının qəbulu üçün bir qayda tətbiq edir, plankanı
saxlayır, başqa dövlətdən gələn vətəndaş üçün o plankanı
aşağı salır. Yəni biz bu gün qadağan edə bilmərik öz
vətəndaşlarımıza ki, onlar xaricdə təhsil almasınlar,
hansısa dövlətin regional universitetinə getməsinlər.
Amma bizim hüququmuz var və biz tənzimləyə bilərik ki,
onlar əmək fəaliyyətinə başlamaq üçün minimal peşəkar
tələblərə cavab versinlər.
Mirşahin: Bilirsiz mən niyə dedim ki, təkamül yolu ilə
gedirik biz? Ona görə ki, indi ANS özü media akademiyası
açıb və bu media akademiyası ANS-in əsas kadr
yığmasıdır. Yəni 99.9 işçilərimizi götürürük məhz bizim
media akademiyasını bitirənlərdən. Və bu media
akademiyasını bitirənlərin də yəni bizim kurslarımıza
daxil olanların hamısının da ilkin şərtləri var. Yəni ən
azı ali təhsilli olmalıdır, ingilis dilini bilməlisən,
hətta yaxşı olar ki, 2 ali təhsilin olsun. Və indi
onların içərisində bəlkə mən bir az bayaq şişirtdim
dedim ki, nəticələri hiss etmirik, nəticələr hiss
olunur, mən burda qeydlər etmişəm. Məsələn, son 3 ildə
xüsusilə onları dinləyərkən, onlarla müsahibələr
apararkən irəliləyişlər hiss edirik. Dillər sahəsində
demək olar ki, get-gedə xarici dil biliklərinin
səviyyəsi artır, ümumi dünyagörüşü genişlənir,
coğrafiyanı bilirlər, məsələn, bilirlər ki, Lənkəran
cənubdadır, yoxsa şimalda və ən azı bunu bilirlər ki,
Dostoyevski Nekrasovu bəstələməyib və yaxud Pele kofe
deyil. Bunları bilirlər. Sadəcə olaraq mən bilirsiz niyə
belə bir az pessimist suallar verirəm? Çünki vaxt. Bayaq
dediz ki, 2040-ci ildə bir sıra peşələr var ki, 60
faizini biz bilmirik. Və mənim üçün ümumiyyətlə 2040-ci
il bəlkə də bir insan olaraq maraqlı deyil. Sadəcə
insanlar real nəticəni gözləyirlər.
M.Cabbarov:
Bizim olub-olmamağımız həmin vaxtda o qədər əhəmiyyətli
deyil. Əhəmiyyətli olan odur ki, mənim aləmimdə, mənim
inandığımda, misal üçün götürsək, 2040-cı ildə
Azərbaycan bugünkü Azərbaycandan da daha güclü və
qüdrətli olsun.
Siz sual versəydiniz ki, bizim bugünkü real
nəticələrimiz nədir, mən bu suala cavab verə bilərəm.
Deyək ki, bizim son 3 ildə 9-cu sinifdə hər iki fəndən
müsbət nəticə alan şagirdlərimizin sayı 14% artıbdır.
Mən hesab edirəm ki, istənilən hesablamada, istənilən
müqayisədə bu çox yüksək bir göstəricidir. Yəni 3 ildə
9-cu sinifdə müsbət qiymət alan şagirdlərin sayı 3 ilə
14% artıbdır. Yəni nəzərə alsaq ki, təhsil prosesi və
təhsil sistemi dəfələrlə və sıçrayışlarla inkişaf edən
sistem deyil, "vektorlarla" inkişaf edən sistemdir, bu,
çox yüksək göstəricidir. Və yaxud bu günlərdə böyük
müzakirələr gedir ki, məzunların bu il göstərdiyi
nəticələr qəbul imtahanlarında keçən illərlə müqayisədə
daha yüksəkdir, olimpiadalar barədə mən sizə dedim.
Bunlar hamısı nailiyyətdir. Amma bunlar taktiki
nailiyyətlərdir. Düşünürəm ki, biz istənilən siyasətin,
təhsil siyasətinin kökündə məqsədimizi bilməliyik və
məhz ondan sonra strateji məqsədimizi və ondan sonra
həmin o məqsədə aparan addımlarımızı həyata keçirməliyik
və həqiqətən o övladların hər biri o strateji məqsədə
bizi aparan bir zəncirin bir halqasıdır və bir
vətəndaşdır, bir insandır və mən bunu bu şəkildə qəbul
edirəm. Amma mən çalışıram sizə də, tamaşaçılara da o
mesajı çatdırım ki, biz ya populist, yəni 1 il, 2 il, bu
gün populyar olan qərarları qəbul etməliyik və ya bizi
düzgün yola aparan məsuliyyətli qərar qəbul etməliyik.
Elə hallar olur ki, bu iki qərar eyni effekt verir və
üst-üstə düşür. Yəni sizin qəbul etdiyiniz, misal üçün:
Rüşvətxor direktorun və yaxud təhsil hissə rəhbərinin
işdən azad edilməsi, yaxud baş verən ədalətsizliyin
aradan qaldırılması təbii olaraq sizin həm taktiki, həm
də strateji maraqlarınıza cavab verən bir misaldır. Amma
yenə də burada mənə belə gəlir ki, təhsil sahəsində
gedən müzakirələrdə bir çox hallarda biz səthi yanaşmanı
görürük, nəinki dərin təhlilləri. Misal üçün, cəmiyyətdə
geniş qəbul olunmuş "700 bal 5-ə bərabərdir" mövzusu.
Bir aksioma kimi hamı bundan başlayır ki, 700 bal beşdir.
Bunu hamımız bilirik. Deməli, 350 bal 2,5-dir. Həqiqət
ondan ibarətdir ki, bu tamamilə belə deyil. Bizim hər il
minlərlə şagirdlərimiz yalnız 5 alır, onların başqa
qiymətləri yoxdur. Buraxılış imtahanlarında da 5
alırlar. Halbuki, 700 bal toplayan şagirdlərimiz bir
əldəki barmaq sayı qədərdir, yəni bir neçə nəfərdir.
Əslində bu sistem tamamilə fərqli qiymətləndirmə
sistemidir. Biz sualı elə qoya bilərik ki, ali təhsildə
oxumaq üçün zəruri bilik səviyyəsi, yaxud zəruri bal
nədir? O sualı cavablandırmaq daha asandır. Misal üçün,
siz o sualı versəniz mən deyəcəm ki, bu ilin imtahanının
çətinliyini əsas götürsək, o zaman biz istəyərdik ki, bu
ilin balları təxminən 250-300 arasında olsun. Amma biz
150 baldan 250-ə, 300-ə dərhal keçid etsək, onun başqa
fəsadları olacaq. Universitetlərdə işsiz qalan
müəllimlər, bağlanılan kafedralar, kifayət qədər sayda
yetərli olmayan və peşə təhsilinə və yaxud orta ixtisasa
gedə bilməyən və yaxud getmək istəməyən vətəndaşlar. Ona
görə biz bunu bir ilə etmirik, Mirşahin müəllim, siz
dediyiniz kimi universiteti bağlamırıq və ona 5 illik
moratorium elan etmirik. Biz onu 150-dən 200-ə
qaldırırıq və növbəti il deyəcəyik ki, gəlin 200-dən
220-yə qaldıraq o şərtlə ki, imtahanın çətinliyi bu
səviyyədə qalsın. 220-dən 250-yə gedək, 250-dən 300
gedək. Bu il elə fakültələr, elə ixtisaslar var ki, biz
orada 300 bal yazmışıq. 6 ixtisas üzrə biz yazmışıq ki,
300 baldan aşağı olmasın. Mühəndis sabah körpü və yaxud
bina tikəcək. Mənə fizikanı, yaxud riyaziyyatı minimal
səviyyədə bilməyən şagird birinci kursda tələbə kimi
lazım deyil. Mən ona 4 ilə yox, 14 ilə də yenidən orta
məktəbin riyaziyyatını ali təhsildə keçməməliyəm. Ona
görə biz o qərarların verilməsində, qərarların icrasının
sürətində və mövcud vəziyyətdən istədiyimiz vəziyyətə
keçiddə biz "hansı dəyəri ödəməyə hazırıq" sualını
verməliyik.
Mirşahin: Orta təhsilin 12 illiyə keçidi cəmiyyətdə
müəyyən qədər müzakirə olunan mövzudur. Elə mən bura
gələndə, məsələn, bizim işçilərimizdən birinin çox
ürəklə, həvəslə və eyni zamanda həyəcanla verdiyi
sualdır. Nə verəcək bu 12 illik təhsil bizə? Dala
salacaq bizi, yoxsa qabağa salacaq bizi? Nə ilə
bağlıdır?
M.Cabbarov:
Dünyada 26 ölkə qalıb ki, orada ümumtəhsil müddəti 11 il
və yaxud 11 ildən azdır. Dünyanın bütün digər
ölkələrində təhsil müddəti 12 ildən çoxdur. Bu sadəcə
olaraq bir faktdır. Səbəb nədir və nəyə görə bu artım
son 15-20 ildə başlayıb. Bizdə 10 illik ümumtəhsil
olubdur. Sizdə də 10 il olubdur. Sonra onu elədilər 11
il və s. Bunun müxtəlif səbəbləri var. Əsas səbəbi ondan
ibarətdir ki, dünya ildən-ilə daha rəqabətli olur və s.
Siz media akademiyasından kiçik bir misal gətirdiniz. Və
bu da bir həqiqətdir. Biz bu gün tam rahatlıqla deyə
bilərik ki, indiki məktəb məzunu, orta məktəb məzunu
dünyada, Azərbaycanda yox, bir az kənara çıxaq, 20 il
bundan öncəki orta məktəb məzunundan daha çox bilir,
daha yaxşı öz biliklərini tətbiq edə bilir, daha çox
xarici dil bilir, daha çox informatika-kompüter
biliklərinə və s. malikdir, daha çox funksional
fəaliyyət üçün hazır olan bir məzundur. Növbəti
statistika. Bəşəriyyətin yaranmasından 1960-cı ilə qədər
yaradılan bütün məlumatın həcmi bu gün hər iki gündən
bir yaradılır. Bir daha, Mirşahin müəllim, bu
statistikadır, biz buna internetdə, google-da və s. baxa
bilərik. Yəni biz daha yüksək sürətli, daha elm tutumlu,
daha məlumat yönümlü bir erada yaşayırıq. Və biz
cəmiyyət kimi və dövlət kimi buna üstünlük verməliyik.
Bir seçim etməliyik - biz inkişaf etmək istəyirik,
yoxsa biz istəyirik ki, bizə heç kim toxunmasın və bizim
3 ay yarım yay tətilimiz olsun, 11 illik proqram olsun
və s. Burada mühüm bir məsələ də ondan ibarətdir ki,
bizim ölkədə 11 illik təhsil və bu təhsil müddəti üçün
mövcud olan standartlar, standart nədir - məzunun malik
olmalı bilik və bacarıqlar, misal üçün 13 illik orta
təhsili olan Hollandiyanın, Finlandiyanın
standartlarından nəinki aşağı deyil, əksinə yüksəkdir.
Yəni biz istəyirik ki, bizim övladlarımız 11 il və ildə
32 həftə oxuyaraq eyni standartlara, eyni bilik və
bacarıqlara malik olsun, hansına ki, Hollandiyada ildə
40 həftə, 41 həftə və 13 il oxuyan uşaq yiyələnir. İndi
mən də ona görə sual verirəm. Sizin fikrinizcə, biz
təhsil ilini uzatmaqla və təhsilin müddətini artırmaqla
şagirdlərimizin işini asanlaşdırırıq, yoxsa
çətinləşdiririk? Mənim fikrimcə, bu asanlaşır. Nəzərə
alın ki, bu, dövlətə əlavə vəsait hesabına başa gəlir.
Çünki bunun üçün bizim əlavə müəllimlərimiz olmalıdır,
əlavə siniflərimiz yaranmalıdır. İstənilən Avropa
ölkəsində və yaxud da inkişaf etmiş Asiya ölkəsində
dövlət tərəfindən verilən pulsuz təhsilin müddətinin
artırılması hökumət tərəfindən verilə bilən ən populyar
qərarlardan biri olar və birmənalı şəkildə seçicilər
tərəfindən dəstəklənər. Uğurlu övlad, uğurlu təhsilli
övlad həyatda uğur qazana bilən bir vətəndaşdır, bir
şəxsdir. Bunu bizim dövlət verməyə hazırdır. Və bu
nöqteyi-nəzərdən bunun, mənim fikrimcə, düzgün qəbul
olunması və düzgün ötürülməsi də mühümdür.
Mirşahin: Uğurlu təhsil, uğurlu övlad, dolayısı ilə
uğurlu gələcəkdir, sonda uğur dövlətindir. Dövlət öz
hesabına xaricdə müəyyən tələbələr də oxudur. Onların
bir çoxu qayıtmır. Bu sirr deyil.
M.Cabbarov:
Bəziləri.
Mirşahin: Bir çoxu. Bir çoxu və yox, bəziləri. Mən elə
əvvəl hazırlaşırdım soruşum ki, çoxu qayıtmır, sonra
fikirləşdim, deyim ki, bir az ədalətsizlik olur, ona
görə bir əlavə elədim. Onların qayıtmaması, yəni,
əvvəlcə dövlət onları göndərəndə bu riski nəzərə alırmı?
M.Cabbarov:
Tələbələrin bəziləri qayıtmır. Qayıtmır nə deməkdir.
Qayıtmır o demək deyil ki, onlar siyasi sığınacaq
istəyir və orada qalır. Bizdə belə hal yoxdur. Yəni
onlar uğurlu iş təklifi alır. Biz tələbələrimizi yüksək
təhsil sisteminə malik olan ölkələrə göndəririk.
Azərbaycan vətəndaşının, Azərbaycan tələbəsinin, şərti
olaraq, Almaniyada, İngiltərədə, Türkiyədə, Amerika
Birləşmiş Ştatlarında rəqabətli əmək bazarında uğur əldə
etməsi və deyək ki, iş yeri qazanması bu öz-özlüyündə
bəlkə də o qədər pis hal deyil. Bizim əsas məqsədimiz
ondan ibarətdir ki, biz o kadrları yetişdirək, onlar
gəlib ölkənin inkişafına töhfə versin, ya dövlət
vəzifəsində, ya özəl sektorda bizim iqtisadiyyata
qatılsın, inkişafımızı sürətləndirsin və təmin etsin.
Ona görə də bizim burada addımlarımız atılır və hesab
edirəm ki, uğurlu addımlarımızı atırıq, biz bu
məzunların iş yeri ilə təminatı mövzusunu
prioritetlərdən biri kimi seçmişik. Bu ildən başlayaraq
biz Dövlət Proqramı çərçivəsində əmək təcrübələri tətbiq
edirik. Azərbaycanda özəl və dövlət şirkətlərində artıq
onlar öncədən öz işəgötürənlərini tanıyır. Seçimdə biz
buna üstünlük veririk, çünki öncədən seçim olanda, həmin
o kadrın "Azərbaycanda sonra harada çalışacaq" sualı
verilmir. Bizim komissiyalar seçimdə baxır kı, bu adamın
iş yeri var, yoxsa yoxdur. Biz magistrlərə və PHD-lərə
daha çox üstünlük veririk, yəni artıq formalaşmış iş
yeri olan, öz sahəsində uğur qazanan və müəyyən mənada
təkmilləşməyə getmək istəyən insana. Biz əvvəl daha çox
bakalavr oxumağa göndərirdik. Bugünkü vəziyyət bundan
ibarətdir ki, oxumağa göndərdiklərimizin böyük hissəsi
qayıdır. Onların təxminən 40 faizi dövlət qurumlarında
işləyir. Elə Təhsil Nazirliyində kifayət qədəri işləyir.
Mirşahin: Yəni qalanlara hansısa bir formada nəzarət
varmı ki, tutaq ki, adam gəlməyib, Londonda qalıb və
ondan istifadə edilirmi?
M.Cabbarov:
Onlarla əlaqə var. Onlar itirilmiş kadrlar deyil. Onlar,
bəziləri bu gün, bəziləri də gələcəkdə, mən inanıram ki,
Azərbaycana yenə də töhfəsini verən kadrlar olacaqlar -
iş yerləri yaratmaqla, uğur əldə etməklə. Mənə belə
gəlir ki, biz bu məsələyə bir az geniş baxmalıyıq.
İstənilən azərbaycanlının, Azərbaycan vətəndaşının
beynəlxalq şirkətin idarə heyətində olması, beynəlxalq
təşkilatın katibliyində çalışması, vəzifə qazanması mənə
belə gəlir ki, bizim ümummilli maraqlara prinsip
etibarilə xidmət edə bilən bir məsələdir. Sadəcə olaraq
bizim onu düzgün şəkildə istifadə etməyimiz imkanından
da asılıdır.
Mirşahin: Təhsil naziri olaraq, Mikayıl Cabbarov ölkənin
bütün təhsil ərazisinə - onun hansı faizinə nəzarət
edir? Yəni ki, bütün ölkənin təhsil sisteminə təhsil
nəzarətinə - ən ucqara qədər Təhsil Nazirliyimizin
nəzarət çubuğu gedib çatırmı?
M.Cabbarov:
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhərində
yerləşən məktəblər, əlavə olaraq nazirliyin birbaşa
tabeliyində olan az sayda məktəblər Təhsil Nazirliyinin
birbaşa tabeliyində fəaliyyət göstərirlər. O ki, qaldı
respublikanın digər ərazisində, orada ikili
tabeçilikdir, rayon təhsil şöbələri fəaliyyət göstərir.
Rayon təhsil şöbələri yerli icra hakimiyyətlərinin və
Təhsil Nazirliyinin ikili tabeliyində fəaliyyət
göstərir. Bu o deməkdir ki, rayon təhsil şöbələrinin və
dolayısı ilə rayonların ərazisində yerləşən məktəblərin
tədris, təlim, metodik prosesinə nəzarəti Təhsil
Nazirliyi həyata keçirir, digər səlahiyyətləri yerli
icra hakimiyyətləri həyata keçirir, biz birgə çalışırıq.
Mirşahin: Uzun illər Azərbaycanda təhsil tənəzzül edən
bir sahə kimi təqdim olunub. Bu sirr deyil. Nəzərə alsaq
ki, SSRİ-nin dağılmasından sonra bütöv bir dövr oldu ki,
orta məktəbdlərdə oxuyan uşaqlar, gənclər və
yeniyetmələr hamısı meydanlarda idi, bütöv bir nəsli biz
itirdik demək olar ki. Bu adamlar ali məktəbə necə
girdilər, necə bitirdilər, onlar necə mütəxəssis
oldular, sadəcə olaraq biz onların sonrakı fəaliyyətini
bizim başımıza gələn fəsadlarda gördük. Bu gün təhsil
naziri Mikayıl Cabbarov əlini ürəyinin üstünə qoyub deyə
bilərmi ki, nəhayət, Azərbaycan təhsilində bu tənəzzül
periodu bitdi və Azərbaycan təhsili artıq stabil inkişaf
yoluna qədəm qoydu. Bax belə bir qənaət.
M.Cabbarov:
Azərbaycan təhsili müsbət inkişaf vektorundadır. Bizim
mübahisələrimiz yalnız bir mövzu barədə ola bilər - biz
istədiyimiz kimi sürətlə inkişaf edirikmi? Yoxsa bundan
daha tez mümkündür? İrəliləmək və bundan tez
irəliləməyin dəyəri nədir - maddi dəyəri, sosial dəyəri,
bəlkə də siyasi dəyəri. Yəni məsələ budur. Azərbaycan
təhsili irəliləyirmi və inkişaf edirmi? Bəli, birmənalı
şəkildə və bizim bütün göstəricilər bunu təsdiq edir,
bunu sübut edir.
Mirşahin: Təfəkkürmü dəyişdi? Təfəkkür dəyişdi, əti
sənin, sümüyü mənim deyil.
M.Cabbarov:
Təfəkkürün dəyişməsi böyük sürətlə gedir. Və elə hallar,
elə vəziyyətlər var ki, biz orada ona nail olmuşuq və
dominant təfəkkür, belə demək olarsa, bu günün və
sabahın təfəkkürüdür. Elə sahələr var ki, orada biz yenə
dünənki "öyrətmək" fəlsəfəsi ilə yaşayırıq. Mən bunu hər
zaman "öyrənmək və öyrətmək" dilemması adlandırıram. Biz
"öyrətmək" fəlsəfəsi və mədəniyyətindən gələn bir
cəmiyyətik. Bunun bir çox səbəbləri var. Yəqin ki, əsas
səbəb Sovet İttifaqında olan siyasi quruluş idi. Bizə
öyrətməli idilər, bizə o biliyi verməli idilər. Dövlət
onu verməli idi ki, biz onu götürək. Lakin bu gün biz
öyrənmək dünyasında yaşayırıq, öyrənmək cəmiyyətində
yaşayırıq. Və bilik oradadır. Dövlət onu sənin üçün
əlçatan edir. Amma sən onu götürməlisən. Qəyyumçuluq
psixologiyasından, belə demək olarsa, sahibkarlıq,
iddiaçılıq, sözün yaxşı mənasında inkişaf yönümlüyə
getməlisən və onu götürməlisən. Ana məsələ budur. Siz
dediyiniz misalın ki, bəli, əti sənin, sümüyü mənim,
əslində olaraq biz bunu hətta, yüksək təhsilə malik
valideynlərdən də eşidirik. Biz bu gün belə qəbul edirik
ki, biz övladlarımızı təhvil veririk dövlətə. Dövlət də
11, yaxud fərq eləmir, 12 ildən sonra formalaşmış bir
məzun verəcək və biz hamımız eyni olacayıq, bir-birimizə
oxşar, amma həqiqət ondan ibarətdir ki, güc
fərqlilikdədir. Təhsil sistemi fərdi insanın, fərdi
şagirdin ehtiyaclarını və bacarıqlarını nəzərə alaraq
onu buraxa bilsə, bu təbii olaraq, uğurlu təhsil
sisteminin göstəricisidir.
Mirşahin: Təşəkkür edirəm, Mikayıl müəllim, çox sağ
olun. Həm cəmiyyətimizə, həm jurnalistlərimizə geniş və
kifayət qədər zəngin material verdiniz. Elə bilirəm ki,
bu müsahibəni araşdıracaqlar və bəzi-bəzi postulatlarını
uzun müddət müzakirə edəcəklər. Salamat olun, sağ olun.
M.Cabbarov:
Çox sağ olun. Təşəkkür edirəm. |