Təhsil
Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik
Mərkəzi və "ENPI East FLEG" II Proqramının birgə
təşəbbüsü ilə Qax rayonunun İlisu istirahət mərkəzində
"Meşələri qoruyaq!" devizi altında ilk dəfə olaraq
beynəlxalq gənc meşəçilərin yay düşərgəsi keçirilib.
Düşərgənin təşkilində məqsəd "ENPI East FLEG" II
Proqramının iştirakçısı olan Azərbaycan, Rusiya, Ukrayna,
Belarus, Moldova və Gürcüstanın gənc meşəçiləri arasında
beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, meşə
ehtiyatlarının qorunması və davamlı istifadəsi sahəsində
təcrübə mübadiləsinin aparılması və gənclərin birgə
səylərinin artırılmasından ibarət olub.
Müxtəlif ölkələrdən olan gənc meşəçilər meşə
ehtiyatlarının qorunması və artırılması sahəsində
beynəlxalq təcrübəni əks etdirən təqdimatlarla çıxış
ediblər. Bu sahədə əməkdaşlıq əlaqələrinin inkişafı və
birgə təşəbbüslərə dair təkliflər müzakirə olunub. Qax
Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə gənc
meşəçilər üçün Zaqatala Rayon Meşə Bərpası və Mühafizəsi
Müəssisəsinə, İlisu Dövlət Təbiət Qoruğuna ekskursiyalar
təşkil edilib, məktəblilər Qax rayonunun qədim
tarixi-mədəni abidələri ilə tanış olublar. Regionun
zəngin təbiəti və meşələrin bioloji müxtəlifliyi
haqqında məlumat alan gənc meşəçilər Qum və İlisu
kəndlərinin ətrafında ekoloji və geobotaniki tədqiqat
üsulları vasitəsilə meşə ekosisteminin vəziyyətini
qiymətləndiriblər.
Beynəlxalq düşərgənin iştirakçıları "Meşənin nemətləri
və ənənəvi qidalanma" adlı ekoloji tədbirdə təmsil
etdikləri ölkələrin meşə məhsullarından hazırlanmış qida
məhsullarını təqdim ediblər. Milli geyimlərdə olan
məktəblilər həmyaşıdlarına öz ölkələrinin musiqi
mədəniyyəti haqqında danışıblar. Alim və mütəxəssislərlə
maraqlı görüşlər, şən müsabiqələr və ekoloji oyunlar
yay istirahətinin mənalı keçməsinə şərait yaradıb.
Beynəlxalq düşərgənin yekun tədbirində bütün
iştirakçılara diplomlar və xatirə hədiyyələri təqdim
olunub.
www.edu.gov.az |