Təhsil
Nazirliyi tərəfindən SABAH qruplarının tələbələri üçün
Böyük Britaniyanın London şəhərində yay məktəbi təşkil
olunub.
Yay məktəbi çərçivəsində SABAH tələbələri EF beynəlxalq
dil məktəbinin intensiv ingilis dili kursunda iştirak
ediblər. Kursun məqsədi savadlı, bacarıqlı və hazırlıqlı
tələbələrin yetişməsinə bilavasitə şərait yaratmaq, əmək
bazarının artan tələblərinə müvafiq olaraq SABAH
tələbələrinin ingilis dili bacarıqlarını əyani mühitdə
inkişaf etdirmək və onların dünyagörüşlərinin
genişlənməsinə dəstək vermək olub.
İntensiv kurs müddətində hər bir iştirakçıya individual
kurikulum əsasında ümumi ingilis dili tədris edilib.
Dərslər interaktiv müzakirə, mühazirə, "online" test və
praktiki tapşırıqlar üzərində iş şəklində aparılaraq
tələbələrin ingilis dilində akademik yazı, oxu, danışıq
və dinləmə qabiliyyətlərinin paralel olaraq inkişafını
təmin edib. İki həftəlik kursun sonunda tələbələr
imtahanda iştirak edərək sertifikat alıblar.
Tələbələr tədrisdənkənar saatlarda debat klubuna, inşa
müsabiqəsinə, film müzakirəsinə cəlb olunublar. Onlar
Londonun Viktoriya və Albert muzeyi, Elm muzeyi, Təbiət
tarixi muzeyi, Müqəddəs Pol kilsəsi, Madam Tüsso muzeyi,
Parlament binası (The House of Parlament), Biq Ben,
Bukinqam sarayı, Hayd park, Müqəddəs Ceyms parkı,
Qrinviç meridianı, Milli Qalereya və digər tarixi-mədəni
yerlərə baş çəkiblər.
Müxtəlif ölkələrdən olan insanlarla tanışlıq və ünsiyyət
SABAH tələbələrinin dünyagörüşlərinin və ünsiyyət
qabiliyyətlərinin inkişafına böyük dəstək olub. |