BMT "Sülh naminə əməkdaşlıq - hər kəsin şərəf borcudur"
şüarı altında YUNESKO-nun yaranmasının 70 illik
yubileyinin keçirilməsinə qərar vermişdir. Yubiley
tədbirləri çərçivəsində 21 sentyabr - Beynəlxalq Sülh
Gününə uşaq və gənclərin diqqətini cəlb etmək, onlarda
qeyri-zorakılıq, sülh mədəniyyəti, vətənpərvərlik,
adət-ənənələrə hörmət ruhu aşılamaq, habelə
bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada
malik olan uşaqları üzə çıxarmaq və onların
qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək
məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi
haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. "Sülh naminə əməkdaşlıq - hər kəsin şərəf borcudur"
şüarı altında "Sülh naminə birləşək!" mövzusunda
respublika rəsm müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin
tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, rayon (şəhər) təhsil
şöbələrinin (idarələrinin) müdirləri, ümumi təhsil,
məktəbdənkənar təhsil müəssisələri və internat
məktəblərinin direktorları müsabiqənin yüksək səviyyədə
təşkili üçün müvafiq tədbirlər görsünlər.
4. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov)
müsabiqə qaliblərinin mükafatlandırılması, seçilmiş
işlərin kataloqunun hazırlanması və müvafiq tirajla çap
olunması ilə əlaqədar mal, iş və xidmətlərin satın
alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini
təmin etsin.
5. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi
(V.Məmmədov) müsabiqə ilə bağlı satın alınması tələb
olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı
Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
6. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi
(M.Hacıyeva) internat məktəblərinin müsabiqədə iştirakı
ilə bağlı satın alınması tələb olunan mal və materiallar
barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə
təqdim etsin.
7. İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və
xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti
və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə
vəsaitin ayrılmasını təmin etsin.
8. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını, əlavələrlə birlikdə
Nazirliyin internet səhifəsində yerləşdirilməsini və
çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
7 avqust 2015-ci il |