Avqustun
11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Cəlilabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa
edilmiş körpələr evi-uşaq bağçasının açılışında iştirak
edib.
Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların
asudə vaxtının səmərəli təşkili və gələcəkdə
intellektual qüvvə kimi yetişmələri üçün bu gün
dövlətimiz tərəfindən mühüm tədbirlər görülür. Bu
istiqamətdə həyata keçirilən layihələrin sırasında yeni
körpələr evi-uşaq bağçalarının inşası, mövcudlarının isə
ən müasir səviyyədə yenidən qurulması xüsusi əhəmiyyətə
malikdir. Bu işlərdə Azərbaycan dövləti ilə yanaşı,
Heydər Əliyev Fondunun da böyük xidmətləri var.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
rəhbərlik etdiyi Fond indiyədək bu sahədə çoxlu sayda
layihə reallaşdırıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabadda inşa
edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası bu işlərin
ardıcıl xarakter aldığını açıq şəkildə nümayiş etdirir.
Görülən bütün bu işlər bir daha təsdiqləyir ki, dünyada
xoş məramı, xeyirxah işləri ilə seçilən Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva gələcəyimiz olan
uşaqlara xüsusi diqqətlə yanaşır, onların sağlam,
bilikli, savadlı və intellektli olmaları üçün səylə
çalışır.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi
açılışını bildirən lenti kəsdi və burada yaradılan
şəraitlə tanış oldu.
Körpələr evi-uşaq bağçasının ərazisində yaşıllıq zolağı
salınıb, müasir tipli əyləncə attraksionları
quraşdırılıb, oyun meydançası yaradılıb. Binanın
inşasına 2014-cü ilin sonunda başlanılıb. Təmir-tikinti
işləri yüksək səviyyədə həyata keçirilib.
Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident
İlham Əliyevin həyat və fəaliyyətlərini, həmçinin
dövlətimizin başçısının və Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın uşaqlara qayğısını əks
etdirən fotoguşələr var. Ümumi sahəsi 1500 kvadratmetr
olan məktəbəqədər müəssisə müasir mebel dəstləri ilə
təchiz edilib. Buradakı qrup otaqları balacaların
zövqünə uyğun yaradılıb. Yeməkxanada uşaqların normal
qidalanmaları üçün bütün imkanlar var. Binadakı yataq və
oyun otaqları da balacaların böyük marağına səbəb olacaq.
Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin
sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait
yaradılıb.
Məktəbəqədər təhsil müəssisəsində uşaqların
təlim-tərbiyəsinin keyfiyyəti vacib amillər kimi əsas
götürülüb. Onların intellektual, fiziki və əqli
inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması,
sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır.
Görülən işlər göstərir ki, son illərdə Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
paytaxtla yanaşı, bölgələrimizdə də bir çox uşaq tərbiyə
və təhsil müəssisələrində əsaslı təmir və yenidənqurma
işləri aparılıb, yeni uşaq bağçaları tikilib. Bu
baxımdan Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil
müəssisələrinin inkişafı" proqramı da xüsusi əhəmiyyət
daşıyır. Bütün bu addımlar isə Azərbaycanın uğurlu
gələcəyinə hesablanıb.
AZƏRTAC |