Bakıda
keçirilən birinci Avropa Oyunları və onun ardınca
dünyanın müxtəlif ölkələrindən gəlmiş gimnastların
qatıldığı dolğun məşqlərdən sonra bədii gimnastika üzrə
Azərbaycan yığma komandasının növbəti yarışının təyinat
məntəqəsi Baltik dənizinin sahilləri olub.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a
bildiriblər ki, bu həftəsonu Polşanın Qdansk şəhərində
təşkil olunan "Baltic Cup" adlı beynəlxalq yarışda
komandamızın lideri Marina Durunda top və gürzlərlə
çıxışına görə qızıl medal, çoxnövçülükdə isə gümüş medal
əldə edib.
Baltik dənizinin sahillərindən Gülsüm Şəfizadə də
medallarla qayıdır. O, halqa və lentlə çıxışlarına görə
müvafiq olaraq, gümüş və bürünc medal qazanıb.
Yarışda Azərbaycanı təmsil edən digər gimnastımız Zeynep
Celep dörd çıxışının nəticələrinə əsasən səkkizinci
yerdə qərarlaşıb. |