Serbiyanın
Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa
çempionatı davam edir.
Çempionatın ilk iki günündə mübarizə aparan kişi sərbəst
güləşçilərimiz 2 qızıl və 3 bürünc medal əldə ediblər.
İslam Bazarqanov (50 kq) və Alimaqomed Alixmayev (100 kq)
qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq)
və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, yarışların üçüncü günündə 38,
43, 49, 56 və 65 kiloqram çəki dərəcələrində yeniyetmə
qızlar mübarizəyə qoşulublar. Güləşçilərimiz dörd çəkidə
mübarizə aparıb və günü 1 gümüş və 1 bürünc medalla başa
vurublar.
Yarışda 38 kiloqram çəki dərəcəsində mübarizə aparan
Zemfira Ələkbərli Ukrayna və Rusiyadan olan rəqiblərini
üstələyərək finala yüksəlib. Finalda Latviya idmançısına
uduzan güləşçimiz Avropa çempionatının gümüş medalına
yiyələnib.
Turnirdə 43 kiloqram çəki dərəcəsində isə Aynur Camalova
Avstriya və Almaniyadan olan rəqiblərini məğlub etsə də,
yarımfinalda rumıniyalı rəqibinə uduzub. Həlledici
görüşdə Polşa idmançısına tam üstünlüklə qalib gələn
güləşçimiz Avropa çempionatının bürünc medalını qazanıb.
Bürünc medal uğrunda görüşə haqq qazanan digər bir
idmançımız isə 56 kiloqram çəki dərəcəsində yarışan
Şəbnəm Həmidova olub. Gürcüstan və İtaliyadan olan
rəqiblərini vaxtından əvvəl təmiz qələbə ilə üstələyən
güləşçimiz yarımfinalda Rusiya təmsilçisinə uduzub.
Bürünc medal uğrunda görüşdə Polşa idmançısına məğlub
olan Şəbnəm Həmidova çempionatı 5-ci sırada tamamlayıb. |